Ramiz Yunus: “İrəvanın ABŞ ilə imzaladığı saziş populist xarakter daşıyır”

Siyasət

15.01.2025 10:55

“Prezident İlham Əliyevin Ermənistan və onun beynəlxalq havadarlarına yönəlik sərt çıxışından sonra ABŞ Prezidenti Cozef Bayden administrasiyası yeni seçilmiş ABŞ prezidenti Donald Trampın andiçməsindən bir neçə gün əvvəl Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Lakin bu sənədin yalnız kağız üzərində qalacağı ehtimal edilir. Çünki Trampın Bayden administrasiyasının həm daxili, həm də xarici siyasətinə münasibəti kəskin mənfidir”.

TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə özünün “Facebook” hesabında yazıb.    

Onun sözlərinə görə, Yaxın Şərqdə gedən geosiyasi proseslər və ABŞ-nin bu regiondakı əsas müttəfiqləri olan Türkiyə və İsrailin güclənməsi, eləcə də bu iki ölkənin Azərbaycanın strateji tərəfdaşı olması sübut edir ki, sözügedən sənəd əsasən populist xarakter daşıyır:   

“Bununla yanaşı, bu sənədin Tramp administrasiyasına müəyyən çətinliklər yaratmaq və Ermənistan kartından ABŞ daxili siyasətində istifadə etmək məqsədi güddüyü ehtimal edilir. Bu gün dünya ictimaiyyəti, o cümlədən Vaşinqton, Brüssel, Paris, Moskva, Tehran və Pekin dərk edir ki, Cənubi Qafqazda geosiyasi məsələlərin həlli Türkiyə-Azərbaycan tandeminin iştirakı olmadan mümkün deyil. Azərbaycanın Vətən müharibəsində qələbəsi, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və ölkənin tam suverenliyinin bərpası bu gücün nə qədər təsirli olduğunu bir daha sübut edib. Bütün bu uğurlar ABŞ tarixində ən ermənipərəst administrasiya kimi dəyərləndirilən Baydenin dövründə baş verib”.  

Ramiz Yunus vurğulayıb ki, ekspertlər Trampın Cənubi Qafqaz siyasətində "ermənimərkəzliliy"in prioritet olmayacağını düşünürlər. İrəvanın bunu tez dərk etməsi həm Paşinyan hökuməti, həm də bütövlükdə Ermənistan cəmiyyəti üçün müsbət nəticələr verəcək:

“Ermənistan hökumətinə mesaj aydındır: İllüziyalarla yaşamağın və cəmiyyəti yanlış fikirlərlə aldatmağın vaxtı keçib. Bölgənin xəritəsinə baxaraq reallığı düzgün qiymətləndirmək daha faydalıdır. Böyük ispan memarı Antonio Qaudinin dediyi kimi: “Məyusluqlardan qaçmaq üçün illüziyalara aldanmamaq lazımdır".

Qeyd edək ki, yanvarın 14-də ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. 

Günəş Mərd

tag: ABŞ ,Ermənistan, Tərəfdaşlıq, Saziş ,Ramiz Yunus, todaypress.az,