Ramiz Yunus: “Bəşəriyyət yenidən çoxqütüblü dünyaya doğru irəliləyir”
Siyasət
12.12.2024 15:29
Xəzər
Universitetində “Elm və Sənət Məclisi”nin 82-ci məşğələsi keçirilib.
TodayPress
xəbər verir ki, tanınmış politoloq Ramiz Yunus tədbirdə “Çoxqütblü dünya və Cənubi
Qafqaz üçün perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
O,
bildirib ki, bu gün çoxqütüblü dünyanın formalaşması birbaşa beynəlxalq aləmdə
baş verən bütün geosiyasi proseslərin necə inkişaf edəcəyindən asılıdır. Onun
sözlərinə görə, söhbət xüsusilə Rusiya-Ukrayna müharibəsindən və Yaxın Şərqdəki
qarşıdurmadan gedir:
"Rusiya-Ukrayna
müharibəsi köhnə dünya nizamının tamamilə dağılması ilə nəticələndi. Bu həm də
çoxlarının Üçüncü Dünya savaşının başlanması təhlükəsindən danışması üçün əsl
katalizator oldu.
Gördüyümüz
kimi 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrail dövlətinə etdiyi terror hücumundan
sonra böyük dövlətlər də Yaxın Şərq regionunda sabitliyin pozulmasına səs vermiş
oldu.
Biz
sabitliyi pozan belə prosesləri bütün dünyada müşahidə edə bilərik. Bura Afrika
və o cümlədən Qlobal Cənub adlanan bir çox ölkələr daxildir. Bəşəriyyət yenidən
çoxqütüblü dünyaya doğru irəliləyir. ABŞ bu gün öz siyasi iradəsini göstərməsə,
dünyada bu siyasi xaosu dayandırmaq mümkün olmayacaq".
Ramiz
Yunus qeyd edib ki, birqütblü dünyaya qayıdış artıq mümkün deyil. 30 il biz bu
dünyanı yaşamışıq. Nəticə görməmişik. Amerika isə hazırkı imkanlarına görə bunu
idarə edə bilməz:
"Çünki
burada Çin və digər ölkələrin maraqları var. Hamısı da öz payını götürmək istəyir.
Bu baxımdan ikiqütblü dünya da mümkün deyil. O zaman SSRİ ABŞ ilə mübarizə
aparanda ideologiya məsələsi var idi. Hazırda bu ideologiya savaşı da yoxdur.
Kimlərsə "Burada demokratiya və avtokratiya savaşı gedir" deyib nağıl
danışsa, onlar sadəcə demokratiya və avtokratiya ölkələri arasında iqtisadi əlaqələrə
nəzər yetirsinlər. Sirr deyil ki, Avropadan Rusiya büdcəsinə indi də
milyardlarla vəsait gedir".
Qarşılıqlı
diskusiya şəklində davam edən tədbirdə, eyni zamanda, Xəzər Universiteti
Avrasiya Akademiyasının yaradılmasına həsr olunan film nümayiş olunub.
Sonda
məruzəçi Ramiz Yunusa Avrasiya Akademiyasının Mirzə Fətəli Axundzadə mükafatı təqdim
olunub.
R.Yunus öz növbəsində məşğələnin
təşkilinə və mükafata görə təşəkkürünü bildirib.
Qeyd edək ki, məşğələdə universitetin əməkdaşları,
alim və mütəxəssislər iştirak ediblər.
Günəş
Mərd
tag: Ramiz Yunus, Avrasiya, Xəzər Universiteti,Rusiya ,todaypress.az,