Ramiz Yunus: “Azərbaycanın milli maraqlarına uyğun sülhün əldə edilməsi əsas prioritetdir”

Siyasət

13.01.2025 14:30

“İkinci Qarabağ müharibəsində tam qələbə qazandıqdan sonra Azərbaycan cəmiyyəti arasında yeni ümumxalq ideyasının zəruriliyindən danışılmağa başlanılıb. Bu, Azərbaycanın gələcək inkişafı və regional stabilliyə nail olması baxımından mühüm əhəmiyyət kəsb edir. Dünya miqyasında gedən geopolitik proseslər, xüsusən də Cənubi Qafqaz bölgəsindəki gərginlik, bu ideyanın formalaşdırılmasının vacibliyini daha da artırır”.      

TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə özünün “Facebook” hesabında yazıb. 

O, Ermənistanın anti-Azərbaycan ideologiyasına diqqət çəkib və bu xüsusda qeyd edib ki, Ermənistanda davam edən anti-Azərbaycan ideologiyası və bu ideologiyanın əksər erməni cəmiyyəti tərəfindən dəstəklənməsi, sülh danışıqlarında ciddi maneələr yaradır:  

“Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi əsas şərtləri qəbul etmək istəmir. Bu, bölgədə "nə müharibə, nə sülh" şəraitinin davam etməsinə səbəb olur və regional sabitliyə təhlükə yaradır. Mövcud şəraitdə Azərbaycanın Ermənistana qarşı "dəmir yumruq" siyasətini davam etdirməsi vacibdir. Bu siyasət, Azərbaycanın milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün əsas vasitədir. Həmçinin, bu strategiya Ermənistanın tam denazifikasiyasını və konstitusional dəyişikliklərin həyata keçirilməsini hədəfləyir. Yalnız bu məqsədlərə nail olduqdan sonra sülh müqaviləsi imzalanması məsələsi gündəmə gələ bilər”.   

Analitik vurğulayıb ki, Azərbaycanın növbəti bir neçə il üçün strateji məqsədi, bölgədəki mövcud qüvvələr balansını qorumaq və regionda yeni dünya nizamına uyğun stabillik təmin olunana qədər qətiyyətli siyasət yürütməkdir:

“Bu müddət ərzində Azərbaycanın milli maraqlarına uyğun bir sülhün əldə edilməsi əsas prioritet olaraq qalmalıdır. Dünya şöhrətli,  prussiyalı general və hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin dediyi kimi, "Hər hansı müharibənin məqsədi qalib tərəfin şərtləri əsasında sülhə nail olmaqdır". Bu fikir Azərbaycanın hazırkı mövqeyini və siyasətini tam olaraq əks etdirir”. 

R.Yunus sonda qeyd edib ki, bu yanaşma Azərbaycanın milli maraqlarını qorumaq və Cənubi Qafqaz bölgəsində uzunmüddətli sabitliyə nail olmaq üçün rasional və strateji bir yanaşmadır.

Günəş Mərd

tag: İkinci Qarabağ,Müharibə,Ramiz Yunus,Ermənistan,todaypress.az,