Ramiz Yunus: “Azərbaycan daha sərt mövqe nümayiş etdirməyə başlayıb”
Siyasət
10.01.2025 17:24
“Azərbaycan Ermənistanla sülh danışıqlarında artıq daha sərt mövqe nümayiş etdirməyə başlayıb”.
TodayPress xəbər verir ki, tanınmış politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
O, Prezident İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəyə diqqət çəkərək bildirib ki, rəsmi Bakı bu məsələdə qətiyyətlidir:
“Ermənistan anti-Azərbaycan ideologiyasından sistemli şəkildə imtina etməsə və bu yolda dövlət səviyyəsində dəyişikliklərə getməsə, Azərbaycan bunu özü təmin edəcək”.
Analitik bu yanaşmanı İkinci Dünya müharibəsindən sonra nasist Almaniyasının ideologiyasına qarşı tədbirlərlə müqayisə edib. Əlavə edib ki, Azərbaycanın bu istiqamətdə addımlar atmaq üçün bütün resursları və imkanları mövcuddur.
O, həmçinin qeyd edib ki, Ağ Evdə hakimiyyətin dəyişməsi ilə Cənubi Qafqaz regionunda yaranacaq yeni geosiyasi reallıqlar da mövcud prosesə ciddi təsir göstərə bilər.
Qeyd edək ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanın silahlanması məsələsinə toxunaraq bildirmişdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq.
“Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir” deyə Prezident İlham Əliyev əlavə etmişdi.
Günəş Mərd
tag: Azərbaycan,İlham Əliyev, Ramiz Yunus ,Ermənistan ,todaypress.az,
![photo](/uploads/news/67811b9fb0116.jpg)