Qərbin təklifi Cənubi Qafqazı silkələdi: Tbilisi partizan müharibəsinə başlayır - ŞƏRH
Siyasət
25.10.2024 11:45
“Gürcüstan Rusiya ilə müharibəyə hazırlaşmır. Bunun baş verməsi üçün hakimiyyətə Mixail Saakaşvili kimi adamlar gəlməlidir ki, onlar üçün siyasi avantüralar, Qərb standartlarına sadiqlik Gürcüstanla Rusiya arasındakı stabillik və ticari-iqtisadi münasibətlərdən daha üstün olsun”.
Bunu TodayPress-ə verdiyi açıqlamada Rusiya prezidenti yanında beynəlxalq əlaqələr şurasının Rəyasət Heyətinin üzvü Bogdan Bezpalko deyib.
Onun sözlərinə görə, 2008-ci ildəki hərbi münaqişəyə baxmayaraq, Rusiya ilə Gürcüstan arasında normal münasibətlər qurulub. Buna başlıca səbəb isə Rusiyanın hazırda ticari tərəfdaşlara ehtiyac duymasıdır. Ona görə də indi Rusiyanın Gürcüstan rəhbərliyi ilə isti münasibətləri olmasa da, müəyyən səviyyədə qarşılıqlı anlaşmalar mövcuddur:
“Ölkələrimiz arasında hərbi münaqişə hər iki tərəf üçün yalnız böyük itkilərə səbəb ola bilər. Təbii ki, Qafqaz regionunun tamamilə xaosa bürünməsi bəzi Qərb siyasətçiləri və dövlətləri üçün çox faydalı olardı. Bu, təkcə Gürcüstan və Rusiyaya aid deyil, Azərbaycan və Ermənistan arasında mümkün münaqişə də buraya daxildir. Bir sıra supergüclər bu fürsətdən istifadə edib Qafqaza daha dərindən nüfuz etməklə yanaşı, Xəzər regionuna, Orta Asiya respublikalarına təsir göstərə bilər”.
Analitikin sözlərinə görə, Gürcüstan rəhbərliyi Rusiya ilə hərbi münaqişəyə girməyəcək və bu cür çağırışları boykot edəcək. O, qeyd edib ki, rəsmi Tbilisinin yürütdyü praqmatik və rassional siyasəti belə deməyə əsas verir.
Gürcüstanın keçmiş elm və təhsil naziri, Qafqaz Sülh İnstitutunun rəhbəri, politoloq Gia Nodia da rusiyalı həmkarının fikirlərini təsdiqləyib:
“Ola bilsin ki, Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək üçün “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə Qərbdən hansısa təzyiqlər göstərilib. Bu addım tamamilə absurddur. Gürcüstanda heç kim Rusiya ilə müharibəyə ciddi yanaşmır. Müxalifət də daxil olmaqla heç kim Putin administrasiyası ilə savaşın tərəfdarı deyil. Bu kimi addımlar sadəcə “Gürcü arzusu” partiyasının seçkiqabağı kampaniyasında istifadə etdiyi bir növ fantaziyalardır”.
Xatırladaq ki, Bidzina İvanişvili müsahibəsi zamanı bildirib ki, Qərbin yüksək rütbəli məmuru Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə Rusiya ilə müharibəyə başlamağı təklif edib.
Töhfə Səməd
tag: Rusiya,Gürcüstan,Müharibə, Putin, İvanişvili, todaypress.az,
![photo](/uploads/news/671b4775e824b.jpg)
![photo](/uploads/news/671b47817cde7.jpg)