Qərbin təhlükəli planı: Avropa Sülh Fondunun sülhə zidd addımı
Siyasət
22.07.2024 15:56
Ermənistan Avropa İttifaqının (Aİ) Sülh Fondundan 10 milyon avro alacaq. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Mövzu ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Tural İsmayılov qeyd edib ki, Aİ Sülh Fondunun Ermənistanı dəstəkləməsi, bu gün Qərbin siyasi dairələrinin Ermənistan hakimiyyətini tamamilə ələ alma cəhdinin davamı kimi xarakterizə edilə bilər:
“Ermənistan üzərindən çox təhlükəli oyunlar oynanılır. Rəsmi İrəvan qurbanlıq quzu kimi ortaya atılıb. Hakimiyyət tamamilə Qərbdən gələn direktivlərə boyun əymiş vəziyyətdədir. Bu gün yenə Ermənistanı aldadıb, bir tərəfdən Fransa vasitəsilə silah satılır, digər tərəfdən də Sülh Fondu adı altında bütün xalqı və hakimiyyəti şirnikləşdirməklə məşğuldurlar. Əslində məqsəd Ermənistanda vətəndaş cəmiyyətinə, hərbi sahəyə dəstək olmaq deyil. Ermənistana belə yardımların edilməsi bir daha onu göstərir ki, Qərb bölgədə əmin-amanlıqda maraqlı deyil. Unutmayaq ki, bu gün Ermənistan ərazisində Aİ-nin mülki missiyası adı altında, Qərbin casus şəbəkəsi fəaliyyət göstərir”.
Qeyd edək ki, layihə iyulun 17-də üzv dövlətlərin səfirləri, iyulun 22-də isə xarici işlər nazirləri tərəfindən təsdiqlənib.
Töhfə Səməd
tag: Ermənistan, Avropa, Sülh, Tural İsmayılov, Sülh Fondu, todaypress.az,