Qərbin ipi ilə quyuya düşən Ermənistan, Rusiyanın “qırmızı xətti”ni keçəcək? - ŞƏRH

Siyasət

06.08.2024 16:33

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirak etməkdən imtina edib. Rəsmi İrəvan təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb. 

Məsələ ilə bağlı TodayPress-ə danışan politoloq Turan Rzayev bildirib ki, Ermənistan Rusiyadan və rəsmi Moskvanı İrəvanla bir-birinə bağlayan iplərdən xilas olmaq istəyir. Bunu vaxtaşırı radikal formada etsə də, hazırki etapda daha təmkinli və planlı formada addım atır:

“Ermənistanın növbəti dəfə KTMT tərəfindən keçirilən təlimdə iştirak etməkdən imtina etməsi, ölkənin faktiki olaraq təşkilata ehtiyac duymadığının və xarici siyasəti Qərblə inteqrasiya konteskində icra etdiyinin real göstəricisidir. Artıq KTMT təlimlərində Ermənistan neçənci dəfədir ki, iştirak etmir. Özləri də etiraf edirlər ki, İrəvan KTMT-ni istəmir və bu təşkilatda yeri yoxdur”.

Analtikin fikrincə, Ermənistanın KTMT-dəki fəaliyyəti, sadəcə, işğal dövründə mövcud olan keçmiş status-kvonun saxlanılmasına xidmət edirdi. Həmin status-kvo Bakı tərəfindən yerlə-yeksan edilib. Bütün hadisələr fonunda Ermənistan tərəfi Rusiyanı və KTMT-ni ona yardım etməməkdə günahlandıraraq, hazırki mərhələdə bunu əlində bayraq edir və təlimlərdə iştirak etmir:

“Ermənistan təşkilatdan çıxmaq üçün özünün ilk addımı atmağını istəmir. Bunun KTMT tərəfindən edilməsini istəyir. Beləliklə Qərbə, xüsusilə də NATO-ya inteqrasiya məsələsini daha rahat apara biləcək. Gələcəkdə isə Rusiyanın bu istiqamətdəki arqumentlərini asanlıqla "blok"laya biləcək. Bu proses Rusiyanın Ermənistanı təşkilatdan çıxaracağı günə qədər davam edəcək. Amma biz 100 faiz əminliklə deyə bilmərik ki, Rusiya bu addımı atacaq. Çünki belə olduğu təqdirdə rəsmi Moskva Ermənistandakı hərbi bazalarını itirmiş olacaq. Ermənistan isə Qərbdən dəqiq bir təklif almayana qədər KTMT-dən öz istəyi ilə çıxmayacaq”.

Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını açıqlayıb.

Töhfə Səməd

tag: Ermənistan, KTMT, Rusiya,Paşinyan,Turan Rzayev, Qırğızıstan, NATO, todaypress.az,

photo