Qərbin Gürcüstan planı baş tutmadı – Tbilisi Kremlin təsirinə keçir?

Siyasət

03.06.2024 15:32

“Gürcüstanda əvvəl ictimai institutlara, QHT-lərə, siyasi partiyalara Qərbdən çox güclü maliyyə dəstəyi gəlir. Bu qanunun qəbulundan sonra həmin maliyyə axınının qarşısı kəsiləcək”.

Bu barədə siyasi şərhçi Zeynal Əmrəliyev TodayPress-ə Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulunu şərh edərkən deyib. Onun sözlərinə görə, qanunun qəbulu ilə Qərbdən maliyyələşən ictimai təşkilatlara, siyasi partiyalara hökümət nəzarəti daha da güclənəcək:

"Ona görə də onlar bu qanuna ciddi şəkildə etiraz edirlər. Bilirik ki, Qərbdə belə bir xüsusi təşkilatlanmış təşkilatlar fəaliyyət göstərir. Xüsusi olaraq bu missiyanı yerinə yetirən bu təşkilatlar Gürcüstanın ali təhsil müəssisələrinə ayaq açmışdılar. Yəni tələbələrlə xüsusi siyasi simulyasiyalar, konfranslar təşkil olunurdu. Burada da tələbələrə əsasən siyasi hakimiyyətlərin dəyişdirilməsi kimi təlimlər keçirilirdi. Bu, "Gürcü arzusu" hökümətini sonda bəzi addımlar atmağa vadar etdi”.

Qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir. Siyasi şərhçi Zeynal Əmrəliyevin fikrincə, bundan sonra ölkədə etiraz aksiyaların miqyası artacaq, kütləvi toqquşmalar qaçılmaz olacaq. O, qeyd edib ki, hadisələrin sonrakı inkişafında Gürcüstan üçün müsbət nələrsə gözlənilmir:

"Gürcüstanı kütləvi etiraz aksiyaları cənginə alacaq. Nümayişlər ən azı payıza qədər davam edəcək. Gürcüstanda parlament seçkiləri gözlənilir və həmin seçkilərdə böyük ehtimalla iqtidarda olan "gürcü arzusu" partiyası nəzərəcarpacaq səs itkisi ilə üzləşəcək. Fikrimcə, bundan sonrakı proseslər Gürcüstanda iqtidar dəyişikliyinə belə gətirib çıxara bilər".

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, "xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab edilməlidir, qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi.

Günəş Mərd

tag: Dünya, Gürcüstan, Qanun, Aksiya, todaypress.az,