“Qərb küləyi” yenidən Gürcüstanda: “Koalisiyanın yaranması qaçılmazdır” - ŞƏRH
Siyasət
28.10.2024 15:30
“Gürcüstanda Qərb institutlarının növbəti məğlubiyyətinin şahidi olduq”.
Politoloq Tofiq Abbasov bunu Gürcüstanda keçirilən parlament seçkilərini TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, seçkilərdə “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalibiyyəti gözlənilən idi. Çünki gürcü cəmiyyəti artıq yersiz təklif və təhdidlərə cavab verməyi öyrənib:
“Qərbdən gələn küləklər Gürcüstanın açıq-aşkar sabitliyini pozurdu. Digər tərəfdən Qərbin Gürcüstan xalqına, onun cəmiyyətinə yad ənənələr sırımaq cəhdlərini görürdük. Artıq üç onillikdir ki, gürcü xalqı çox ciddi bir sınaq qarşısındadır. Biz sabiq prezident Mixail Saakaşvili dövründə də Qərbin Gürcüstana açıq-aşkar müdaxilələrinin şahidi olurduq. Onlar gürcülərin şüurunu dəyişməyə çalışırdılar. Yad ənənələr hər bir ölkəyə ancaq parçalanma gətirir. Ona görə gürcü milləti öz prinsipial mövqeyini bildirdi. Cəmiyyət gürcü həyat tərzinin müdafiəsinə qalxmaqla, yad qüvvələrin kobud müdaxilələrini iflasa uğratdı”.
Qərb ciddi-cəhdə Rusiyanın sərhədləri boyunca yeni gərginlik ocaqları yaratmağa çalışır. Bu məqsədlə Gürcüstandan da istifadə etməyi hədəfləyir. T. Abbasov hesab edir ki, Qərbə meyilli Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə bulanıq suların arealını genişlədirməyə çalışsa da, heç bir şey edə bilmir:
“Təkcə ona görə yox ki, onun səlahiyyətləri məhduddur. Məsələ burasındadır ki, Zurabişvili açıq-aşkar müdaxilə alətidir. O, Gürcüstanda baş verən hadisələrdə sönük, qətiyyətsiz görünür. Siyasi xadim kimi də güclü deyil. Hətta müxalifətdə ondan güclü olan xadimlər var. Zurabişvili Gürcüstanda oturaraq Qərbə baxır ki, ona hansısa təlimatlar versinlər, o, da hərəkət etsin. Bu Qərbin də xoşuna gəlir”.
Politoloqun qənaətincə, Qərbin Gürcüstana müdaxilələri dayanmayacaq. Əksinə daha da artacaq:
“Avropa İttifaqı Brüsseldən, Amerika Vaşinqtondan, digər mərkəzlərdən açıq-aşkar Gürcüstanda parçalama mövqeyi təbliğ olunur. Xalqın seçimi gözümçıxdıya salınır. Elə göstərməyə çalışırlar ki, gürcü xalqı nadandır, öz xeyirini görə bilmir. Guya onlar gürcü xalqından daha çox prinsipialdırlar. Bütün bunlara baxmayaraq, “Gürcü Arzusu” qalib gəldi. Düzdür, parlamentdə onlara ayrılan deputat sayı istədiklərinə nail olmağa icazə verməyəcək. Ona görə də koalisiyanın yaranması artıq qaçılmazdır. İnanıram ki, Gürcüstanın yeni parlamenti taraz bir mövqe tuta biləcək”.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Hakim “Gürcü Arzusu” partiyası 54,24 % səslə parlament seçkilərində qalib gəlib.
Günəş Mərd
tag: Gürcüstan, Seçkilər, Koalisiya, Qərb, Demokrat, todaypress.az,
![photo](/uploads/news/671f5fc780bb2.jpg)