Qardaşlığın açdığı yeni üfüq - TARİXİ SƏNƏD
Siyasət
15.06.2024 16:40
“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətləri tarixində yeni səhifə açdı”.
Bu sözləri Millət vəkili Hikmət Babaoğlu TodayPress-ə açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, bu sənəd iki qardaş ölkəni - Türkiyə və Azərbaycanı hüquqi-siyasi baxımından da strateji müttəfiqə çevirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan müttəfiqlik haqqında Bəyannamə iki qardaş dövlətin münasibətlərinin zirvəsidir:
“Şuşa Bəyannaməsi öz məzmumuna, orada əks olunan müddəalara görə dünyada bənzəri olmayan sənəddir. Dünyanın heç bir başqa iki ölkəsi arasında bu bəyannamə qədər bütün sahələri əhatə edən strateji müttəfiqlik müqaviləsi yoxdur. Çünki Şuşa Bəyannaməsi mədəni və ictimai həyatımızdan hərbi və təhlükəsizlik məsələlərinə, iqtisadiyyatdan sənayeyə qədər bütün sahələri əhatə edən mükəmməl bir müqavilədir”.
Parlamentari Şuşa Bəyannaməsinin digər Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında da imzalana biləcək bir sənəd olduğunu qeyd edib:
“Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində də bildirdi ki, bizim ailəmiz türk dünyasıdır. Başqa ailəmiz yoxdur. Yəni bu sənəd Türkiyə və Azərbaycanın regionda və beynəlxalq münasibətlər sistemində birgə hərəkət qabiliyyətini artırmaqla xalqlarımızın təhlükəsizliyinin təmin olunması üçün çox ciddi hüquqi əsaslar yaradır. Türkiyə və Azərbaycanın milli maraqlarının təmin olunması üçün də hüquqi baza kimi çıxış edir”.
Xatırladaq ki, bu gün Azərbaycan ilə Türkiyə arasında “Şuşa Bəyannaməsi”nin imzalanmasının üçüncü ildönümüdür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Günəş Mərd
tag: Hikmət Babaoğlu, Prezident, İlham Əliyev, Şuşa Bəyannaməsi, todaypress.az,