Qalmaqallı qanun qüvvəyə mindi – Gürcüstanı bundan sonra nə gözləyir?
Siyasət
03.06.2024 13:19
Gürcüstan
parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında”
qanunu imzalayıb. Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə
minib.
Qonşu
ölkədə hazırkı prosesləri TodayPress-ə şərh edən Cümşüd Nuriyevin sözlərinə görə,
Gürcüstandakı vəziyyət Rusiya ilə ABŞ-nin maraqlarının yenidən toqquşduğunu
göstərir:
"Bilirsiniz
ki, "gürcü arzusu" partiyasının əsas lideri Bidzina İvanişvili və
yeni gələn Baş nazir İrakli Kobaxidze Rusiyaya meyillidir. Onlar bu yolla
Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək istəyirlər. Cənubi Osetiya eləcə də
Abxaziya isə Gürcüstanın nəzarətindən çıxıb. Rusiya həmin ərazilərin sakinlərinə
vətəndaşlıq verir və Rusiya qoşunları Tbilisinin 30 kilometrliyindədir. Bunlar
bir növ Rusiyaya yaxınlaşmaqla bəzi şeyləri həll etmək istəyirlər. Amma Qərb
bunun ağırlıq mərkəzini İrəvandan ora keçirtmək istəyir. Çünki bu Gürcüstanda
bir dəfə sınaqdan keçirilib. Rəngli inqilablar Gürcüstanda baş tutub. Bu qanun
layihəsində də Gürcüstanın əsas məqsədi xaricə xidmət edən yerli QHT-lər,
siyasi partiyalar və müxtəlif beynəlxalq təşkilatları bir növ nəzarətə götürməkdir.
Bu da öz növbəsində Gürcüstanda bundan yararlanan qüvvələri narahat edir".
Qanun
layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu ölkə xaricindən maliyyələşən
qeyri-kommersiya təşkilatları, media orqanları “xarici qüvvənin maraqlarını həyata
keçirən” təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir.
Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min
lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur. Cümşüd Nuriyev qanunun təhlükəli
tərəfinə də diqqət çəkib:
"Bu
qanun qəbul olunandan sonra Gürcüstanda 5-ci kolon tamamilə zərərsizləşdiriləcək və yaxud da 5-ci kolon
Rusiyanın maraqlarına uyğunlaşdırılacaq. Yəni bir növ Rusiyaya meyilli qüvvələr
Qərb meyilli qüvvələri üstələyəcək. Bu da Qərb ölkələri üçün heç cür əlverişli
sayılmır. Oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək. O baxımdan bu
hadisələrə hazırkı prezident Salome Zurabişvilinin son çırpıntıları da deyə bilərik.
Yaxın 3-4 ay ərzində o prezident qalacaq. Daha sonra pezident üsul-idarəsi ləğv
olunacaq və ölkə Parlamentli Respublikaya keçiriləcək. Bununla da Qərbin ölkədəki
təsir imkanları sıfıra enəcək. Ona görə də sentyabra qədər dövlət çevrilişi etməyə
çalışırlar ki, yenidən öz qüvvələrini hakimiyyətə gətirsinlər. Amma bunun baş
tutma ehtimalı çox aşağıdır".
Xatırladaq
ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul
edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub.
Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu
imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili
onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri
Şalva Papuaşvili imzalayıb.
Günəş
Mərd
tag: Dünya, Parlament, Gürcüstan, Qanun, Rusiya, todaypress.az,