Putinin səfərini Durovun həbsi və Ermənistanla nə bağlayır? - İLGİNC ŞƏRH
Siyasət
27.08.2024 13:52
“Pavel Durovun həbsini siyasiləşdirmək istəmirlər, daha çox hüququn üzərinə yükləyirlər. Amma burada əsas məsələ hüquqi yox, siyasi məsələdir”.
Politoloq Natiq Miri bunu “Telegram”ın təsisçisi Pavel Durovun həbsini TodayPress-ə şərh edərkən deyib.
Onun fikrincə, Durovun məhz Azərbaycandan qayıdandan dərhal sonra həbs edilməsi ABŞ və Qərbin Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən məmnun qalmadığını göstərir:
“Xatırlayırsınızsa, məhz Vladimir Putin təyyarə ilə Azərbaycana enəndən dərhal sonra Azərbaycanın Kəlbəcər və Naxçıvan istiqamətində yerləşən mövqeləri ermənilər tərəfindən atəşə tutuldu. Əlbəttə ki, bu, Ermənistanın Putinin səfərinə təkbaşına verəcəyi bir reaksiya deyildi. Bunun arxasında ciddi bir ABŞ təhriki var idi. Bununla da Qərb Putinin Azərbaycan səfərindən məmnun olmadığını bildirdi”.
Analitikin sözlərinə görə, Durov öncədən özünü sığortalamaq üçün ABŞ agentliyi ilə bir sövdələşmə də imzalamış ola bilər:
“Çünki adətən belə beynəlxalq şəxslər bu cür əməkdaşlıq etdiyi təqdirdə sonradan taleləri problemsiz həll olur. Hətta deyərdim ki, onların əldə etdiyi milyardların da qorunmasına təminat verilir. Ancaq yetər ki, həmin şəxsin malik olduğu informasiyalar ondan alınsın. Bu informasiyalar düşmən ölkənin əleyhinə istifadə olunsun. Ən azından biz bunu təcrübədə görmüşük. Yəni Durovdan Rusiya və digər dövlətlərin əleyhinə istifadə oluna biləcək açıqlamalar ortaya çıxa bilər”.
Ekspertin qənatincə, yaxın perspektivdə bu məsələ ilə bağlı gerçəklər ortaya çıxacaq:
“Ancaq hər bir halda həqiqət ondan ibarətdir ki, ABŞ indiki vəziyyətdə Azərbaycandan o qədər də məmnun deyil. Çünki ABŞ-nin təhrik etdiyi sülh müqaviləsi ABŞ və Ermənistanın şərtləri altında imzalanmalıdır. Azərbaycana isə təminat lazımdır. Özü də hüquqi təminat və bu da Ermənistan konstitusiyasında ərazi iddialarının çıxarılması kimi şərtləndirilir. Ermənistan isə konstitusiyada bu müddəanı dəyişmək istəmir”.
Siyasi şərhçi sonda vurğulayıb ki, Pavel Durovun həbsi Rusiyanın regiondan sıxışdırılması ilə bilavasitə əlaqəlidir. İndi Rusiyanı Kurska hücumla küncə sıxışdırıblar. Kremlin qazın Avropa ölkələrinə daşınması ilə bağlı müəyyən problemləri var. Belə bir vəziyyətdə Rusiyanı istəklərindən geri çəkməyə çalışırlar. Bu sadəcə bir "Telegram" təsisçisinin həbsi deyil, daha qlobal hadisədir.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Fransanın "Le Burje" hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. O, 12 cinayət əməlində ittiham olunur.
Günəş Mərd
tag: Pavel Durov, ABŞ, Putin, Bakı, Natiq Miri, Naxçıvan, todaypress.az,