Putin və Ərdoğan bir araya gələcək: Dünyanın gözü-qulağı Türkiyədə - ŞƏRH
Siyasət
25.07.2024 17:05
“Regionu maraqlandıran hər hansısa danışıq mərhələsi Türkiyə olmadan baş tuta bilməz”.
Bu sözləri deputat Arzu Nağıyev, TodayPress-ə açıqlama verərkən deyib.
Onun sözlərinə görə, bu gün Yaxın Şərqdə, Suriya, İraq və digər məsələlərin həlli ön planda dayanır. Sözsüz ki, burada tək həmin dövlətlərin maraqlarını deyil, həm də super güclərin toqquşmalarını da müşahidə edirik. Lakin Yaxın Şərqdə gedən prosesləri Türkiyəsiz təsəvvür etmək olmaz:
“Rusiya Prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə baş tutan görüşü, çox mühüm hadisədir. Növbəti belə bir görüş mütləq ki, cənab Ərdoğanla olacaq. Tərəflər qlobal ve regional problemlərin həlli, həmçinin Qərb qüvvələri tərəfindən son vaxtlar Cənubi Qafqaza silahların daşınması, gərginliyin süni formada artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”.
A.Nağıyev bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması məsələlərinin Rusiya və Türkiyə arasında keçiriləcək görüşdə müzakirə olunması gözlənilir.
“İstər BRİCS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞOS), istərsə də NATO qüvvələri, maraqlıdır ki, məhz Azərbaycanın operatorluğu ilə bu dəhliz öz işinə başlasın”.
Qeyd edək ki, iyulun 25-də Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş keçirilib. Daha sonra Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin Türkiyəyə səfərinə hazırlıqlar başlayıb. Hələlik səfərin tarixi dəqiqləşdirilməyib.
Töhfə Səməd
tag: Arzu Nağıyev, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, todaypress.az,