Prezidentlərin məhdud tərkibdə görüşü keçirildi - YENİLƏNDİ
Siyasət
19.08.2024 15:44
Avqustun 19-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.
TodayPress xəbər
verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Hörmətli Vladimir
Vladimiroviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Xoş gəlmisiniz.
Görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il artıq iki dəfə görüşmüşük. Bu gün
dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə
artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də
regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi
apardıq. Bu gün məhdud formatda və geniş formatda da davam edəcəyik.
Qeyd etmək istərdim
ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq.
2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında
Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət
dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində
əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi
diqqət yetiririk. Ona görə də bu gün gündəlikdə duran məsələləri bir daha
müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin üçün xoş, həm də münasibətlərimiz
baxımından faydalı olacaq.
Bir daha xoş gəlmisiniz.
Sonra çıxış edən
Prezident Vladimir Putin dedi:
- Hörmətli İlham
Heydər oğlu, çox sağ olun.
İlk növbədə, dəvətə
görə sağ olun. Biz Sizinlə bu səfəri çoxdan razılaşdırmışdıq və Bakıda
olmağıma, bu şəhərin gözəlliyinə bir daha tamaşa etməyimə çox şadam. Əmin oldum
ki, Siz və xanımınız onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz
qabağındadır. Şəhər inkişaf edir, uğurla inkişaf edir, sözsüz ki, regionun
oazisinə çevrilir.
Münasibətlərimiz hələ
2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir,
uğurla yerinə yetirilir. Bu ilin aprelində Sizin Moskvaya səfəriniz zamanı ikitərəfli
münasibətlərimizin inkişafına yaxşı təkan verilib.
İqtisadi-ticari əlaqələr
uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz
və Sizinlə razıyam ki, 4 milyard dollardan bir az çox yaxşı rəqəmdir. Bu, yaxşı
rəqəmdir, amma bizim imkanlarımızın potensialını əks etdirmir. Həqiqətən,
burada yalnız energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən
danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur.
Azərbaycan
iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis
göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət
göstərir, sözsüz ki, bu da son hədd deyil.
Humanitar əlaqələrə
gəldikdə, biz onlara çox böyük əhəmiyyət veririk və rus dilinin inkişafına göstərdiyiniz
diqqətə görə Sizə minnətdarıq. Azərbaycanda rus dilində 300 məktəb, bizim
aparıcı ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Minlərlə azərbaycanlı
gənc Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır və biz bu
qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq.
Hökumətlərarası
komissiya işləyir. Elə bu yaxınlarda - gərək ki, 10 gün əvvəl burada, Bakıda
hökumətlərarası komissiyanın növbəti iclası keçirildi. O, uğurla fəaliyyət göstərir.
Yeri gəlmişkən,
bilirəm ki, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti günləri keçirilib.
Bu tədbirin təşkilinə görə Sizə minnətdaram.
Əlbəttə, dünən
Sizinlə bu mövzuya toxunduq və bu gün davam etdirəcəyik. Məsələ Cənubi Qafqazda
vəziyyətin nizamlanmasına aiddir.
Aydındır və hamıya
yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir,
amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə
bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım
bildiyi hissədə.
Əgər biz Azərbaycan
ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə
biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib
çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin
və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad
olardıq.
Əlbəttə, Azərbaycana
səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın
nəticələrindən bəhs edəcəyəm.
Bilirəm ki, Azərbaycan
tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib, bu,
mənə yaxşı məlumdur. Bu barədə danışacağıq.
Yekunda dəvətə görə
Sizə bir daha təşəkkür etmək istəyirəm. Əminəm ki, bu, çox faydalı diskussiya
olacaq və görürəm ki, şəhərdə vəziyyət də çox əlverişlidir. Biz Bakını sevirik.
Şəhər gözəldir və ən başlıcası, bir çox başqa böyük yaşayış məntəqələrinin qibtə
edəcəyi səviyyədə inkişaf edir.
Prezident İlham Əliyev: Çox sağ olun.
***
13.26
Prezident İlham
Əliyevin Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinlə məhdud tərkibdə görüşü başlayıb.
tag: İlham Əliyev, Vladimir Putin, Azərbaycan, Rusiya, todaypress.az,