Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
Siyasət
19.08.2024 22:08
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla
çıxış ediblər.
TodayPress xəbər
verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli
Vladimir Vladimiroviç.
Hörmətli qonaqlar, əziz dostlar.
Əziz qonaqlarımızı bir daha səmimi-qəlbdən salamlayıram.
Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir. Səfər
xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm
xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir
çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və
xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası
münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin
Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik
xarakterini bir daha təsdiqləyir.
2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik
fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz
müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.
Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı
müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir
ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş
olduğunu görəsən.
Biz iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri
detallı şəkildə təhlil etdik. Ötən il biz 4 milyard dollar həddini adladıq və
bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.
Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət
yetirilir. Azərbaycanda rus
dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800
mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil
müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.
M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin
filialları uğurla fəaliyyət göstərir. Bu gün, həmçinin təhsil sahəsində münasibətlərin
inkişafı məsələsini müzakirə etdik.
Biz, eyni zamanda, məhdud
formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə
etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan
öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait
Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni
imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox
hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Biz dövlətlərarası
münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat
dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə
bağlı məsələləri ətraflı müzakirə etdik.
Deməliyəm ki, Azərbaycanın
ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu
seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu
dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin
modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon
tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır.
Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər
iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.
Bir daha deməliyəm
ki, biz bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə
malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar
ekvivalentində vəsait nəzərdə tutmuşuq.
Rusiya və Azərbaycanın
müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Deməliyəm ki, hətta
Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda,
onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Bu, məhz
ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu
gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin
artdığını qeyd etdik.
Energetika sferasında
həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyəti geniş təhlil
etdik. Biz bu istiqamətdə fəal işləyirik və əminəm ki, gələcəkdə də fəaliyyətimizi
əlaqələndirəcəyik.
Həmçinin hər iki tərəfi
narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli
dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən
Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq
bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının
bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə
edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti
təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək
barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq
açıq-aşkar görürük.
Mən Azərbaycanın
COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə
Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürümü bildirdim. Rusiyanın dəstəyi
müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim
konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.
Vladimir
Vladimiroviç, mənim dəvətimi qəbul etdiyinizə və dövlət səfəri ilə Azərbaycana
gəldiyinizə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Şübhəsiz ki, bu
səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik
münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.
Diqqətinizə görə təşəkkür
edirəm.
X X X
Sonra Rusiya
Prezidenti bəyanatla çıxış etdi.
Prezident Vladimir
Putinin bəyanatı
- Hörmətli İlham Heydər
oğlu.
Hörmətli dostlar, həmkarlar.
Xanımlar və cənablar.
Azərbaycan
Respublikasına dövlət səfərinə dəvətə görə İlham Heydər oğluna bir daha təşəkkür
etmək istərdim. Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə
inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur.
Vurğulamaq istərdim
ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət
verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə
almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni
bağlar təşkil edir.
Dünən və bu gün
keçirilən danışıqlar əsnasında Sizə görüşümüzün, birgə işimizin başlanması üçün
yaradılan səmimi ailə ab-havasına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün
də, sözün əsl mənasında, həmin şəraitdə işgüzar təmaslarımızı davam etdirdik.
Bu gün aparılan danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizə dair məsələlərin
ən geniş spektrini ətraflı, işgüzar şəraitdə müzakirə etdik.
Qəbul edilən Birgə Bəyanatda
ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni
genişmiqyaslı vəzifələri qarşıya qoyuldu. Bu gün imzalanan sənədlər də onların
həllinə kömək edəcək. İndicə bunun necə baş verdiyinin şahidi oldunuz.
Danışıqlarda qarşılıqlı
faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafına diqqət yetirildi. Bu,
qanunauyğundur, çünki Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır.
Artıq qeyd olundu, mən bu barədə bu gün görüşümüzün əvvəlində də dedim - dörd
milyard dollardan bir az çox dövriyyə var və ona artıq bu ilin birinci
yarısında 17 faiz əlavə olunub. Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox
birbaşa investisiyalar qoyulub. Əlbəttə, Azərbaycan bazarındakı 1300 müəssisə
ondan xəbər verir ki, bizdə fəaliyyət müsbət istiqamətdə inkişaf edir və yaxşı
perspektivlərə malikdir.
Azərbaycan Prezidenti
elə indicə bizim fəaliyyət istiqamətlərimizdən danışdı. Onların hər biri bizim
üçün real strateji əhəmiyyətə malikdir.
Hökumətlərarası
Komissiyadan olan həmkarlar əsas iqtisadi qarşılıqlı fəaliyyət məsələlərini
daim diqqət mərkəzində saxlayırlar. Komissiyanın bizim səfərimiz ərəfəsində
Bakıda keçirilən növbəti iclası çox məhsuldar olub.
Artıq dediyim kimi,
Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevinirik.
Azərbaycan bazarında
şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Artıq xatırladıldı ki, burada həm
“LUKOYL”, həm yığılma istehsalını təşkil edən “KamAZ”, həm də “Sollers”, “UAZ”
var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdir. Biz
onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq.
“Transmaşholdinq”
fevral ayında Bakı metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının
istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə
edənlər də razı qalacaqlar.
Bizim “Şimal-Cənub”
layihəsinin reallaşdırılması üzrə birgə planlarımızı da xüsusi qeyd edərdim.
Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda
və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək.
Humanitar əlaqələr fəal
şəkildə genişlənir. İyunda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla
keçirildi, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət
hadisələri oldu.
Xoş ənənəyə uyğun
olaraq, azərbaycanlı dostlarımızı sentyabrda onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət
Forumuna dəvət edirik.
Azərbaycanda rus
dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan
Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli dəstəkləyir. İlham Heydər
oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq. Ölkədə tədrisi
rus dilində aparılan 300-dən çox məktəb, həmçinin Moskva Dövlət
Universitetinin, Seçenov adına Moskva Tibb Universitetinin filialları fəaliyyət
göstərir.
Hazırda, – biz elə
indicə bunu geniş tərkibdə görüş əsnasında müzakirə etdik, – Bakıda Rusiya-Azərbaycan
Universitetinin yaradılması təşəbbüsü nəzərdən keçirilir. Azərbaycan Prezidenti
bu ideyanı dəstəkləyib. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik.
Bizim tərəfimizdən Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa
hazırdır.
Rusiyada, həmçinin Azərbaycan
üçün yüksəkixtisaslı kadrların hazırlanması üzrə çox iş görülür. Hazırda
Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır, o cümlədən
onların mindən çoxu Rusiya federal büdcəsi hesabına oxuyur. Ölkələrimizdə sovet
xalqının Böyük Vətən müharibəsində igidliyini hörmətlə anırlar. Xatırlayırlar
ki, bizim atalarımız, babalarımız və ulu babalarımız birlikdə ümumi Vətənimizi
qoruyublar və dünyanın nasizmdən xilasına həlledici töhfə veriblər. İlham Heydər
oğlu ilə razılığa gəldik ki, bizim Böyük Qələbəmizin qarşıdakı 80 illiyini
geniş şəkildə qeyd edək.
Artıq dediyim kimi,
danışıqlarda regional gündəliyə dair, təbii ki, Azərbaycanın Xəzər regionunda və
Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq, bir sıra məsələlər də müzakirə
olunub.
Aktual beynəlxalq
mövzulara da toxunulub. Xarici siyasətdə ölkələrimiz beynəlxalq hüququn
aliliyi, suverenlik və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə qətiyyətlə
tərəfdardırlar.
Rusiya və Azərbaycan
çoxtərəfli platformalar daxil olmaqla, həmçinin BMT və Müstəqil Dövlətlər
Birliyində öz səylərini sıx əlaqələndirirlər. Bu ilin oktyabrında İlham Heydər
oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək
BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq.
Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Vurğulayım ki, Rusiya
gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin
normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və
Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında
sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet
İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin
delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına,
humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.
Bizim mövqeyimiz
ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin
və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.
Sonda bir daha
vurğulamaq istərdim ki, biz səfərin yekunlarından tamamilə məmnunuq. Əminəm ki,
bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan
strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
***
16.02
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla
çıxış ediblər.
tag: Putin, Prezident, İlham Əliyev, Rusiya, Mətbuat, todaypress.az,