Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları qəbul etdi - YENİLƏNDİ
Siyasət
14.08.2024 15:03
Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev
avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan
idmançılarını və onların məşqçilərini qəbul edib.
TodayPress xəbər verir
ki, görüşdə çıxış edən dövlət başçısı İlham Əliyev dedi:
- İlk növbədə,
idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya
Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını
ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də
sizə öz təşəkkürümü bildirmək istəyirəm.
Olimpiya Oyunları bütün
digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir
keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu
Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki
illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi
deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq
- 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir.
İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik
etmək istəyirəm.
Onu da bildirmək istəyirəm
ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq
ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl
və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab
edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.
Xüsusilə qızıl
medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar
Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər.
Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış
qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində
öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında
bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo
Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq
prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz
qabağındadır.
Daha çox medal qazana
bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət
də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın
inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız
beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi,
sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox
növləri inkişaf edir.
Əlbəttə ki, indi müəyyən
istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm
dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya
Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi
prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan
yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir.
Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl
şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün
qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər
bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra
idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm,
növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.
Əlbəttə, tam əminəm ki,
həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı
çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə
bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi
cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin.
İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə
haqlı olaraq fəxr edə bilərik.
Əlbəttə ki, bu nailiyyətlər,
eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən
şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi
davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə
baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən
biri məhz bundan ibarətdir.
Bir daha sizi ürəkdən təbrik
etmək və sizə yeni qələbələr, uğurlar arzulamaq istəyirəm.
x x x
Olimpiya çempionu,
cüdoçu Hidayət Heydərov çıxış edərək dedi:
- Cənab Prezident, bu
gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya
çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz. Olimpiya
çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada
olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “Çox sağ ol” demək
istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya
çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına
birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm.
Mən fəxr edirəm ki,
Fransanın Paris şəhərində Olimpiya çempionu oldum, bizim Bayrağımız qalxdı və
Himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram
Sizə.
Prezident İlham Əliyev:
Sağ ol.
x x x
Dövlətimizin başçısı
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı,
peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş
etdiyini dedi.
Azərbaycan Prezidenti
qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə
də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın
yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə
seçildiklərini vurğulayan dövlətimizin başçısı dedi ki, bu, onların yüksək mənəvi
keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər
Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan
veteran idmançılara minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycan
idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzuladı.
x x x
Sonra Olimpiya
çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan
Prezidentinə xatirə hədiyyələri təqdim etdilər.
Daha sonra dövlətimizin
başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və
Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və
onların məşqçilərinə ordenləri təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
***
13.30
Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev
avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan
idmançılarını və onların məşqçilərini qəbul edib.
TodayPress xəbər verir
ki, dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan
idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə
ordenləri təqdim edib.
tag: Prezident, İlham Əliyev,Paris Yay Olimpiya Oyunları,Azərbaycan, todaypress.az,