Prezident İlham Əliyevlə Özbəkistan lideri Şavkat Mirziyoyev arasında telefon danışığı oldu
Martın 20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat
Mirziyoyev arasında telefon danışığı olub.
TodayPress xəbər verir ki, Şavkat Mirziyoyev
Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz bayramı
münasibətilə təbrik edib, xalqımıza firavanlıq və xoşbəxtlik arzulayıb.
Təbrikə görə təşəkkürünü bildirən dövlətimizin başçısı da
öz növbəsində Özbəkistan Prezidentinə və qardaş özbək xalqına ortaq
mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təcəssümü
olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, ruzi-bərəkət və
firavanlıq arzu edib.
Telefon söhbəti zamanı qardaş xalqlarımızın iradəsindən
irəli gələn Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin bütün
sahələrdə uğurla inkişaf etməsindən, dövlət başçıları tərəfindən qarşıya
qoyulan tapşırıqların ardıcıl surətdə icrasından və əməkdaşlığımızın
gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsindən məmnunluq ifadə
olunub.
Bu xüsusda ticarət dövriyyəsinin artması, maşınqayırma,
tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra
olunan layihələr qeyd edilib.
Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı maraq
doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
tag: Prezident, Özbəkistan,İlham Əliyev, Şevkat Mirziyoyev,todaypress.az,