Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi - III HİSSƏ

Siyasət

10.04.2025 05:42

5

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

TodayPress xəbər verir ki, dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.

III Hissə   

Hikmət Hacıyev: Səfir Hulusi Kılıç, Türkiyə. 

Hulusi Kılıç: Çox sağ olun cənab Hacıyev. Zati-aliləri, cənab Prezident, Sizin mühüm iştirakınızla bu konfransda olmaq böyük şərəfdir. Mən Zati-aliləri səfir Paşayevə və onun dəyərli komandasına bu cür mühüm konfransa məni dəvət etdiklərinə görə minnətdaram. ADA Universiteti hazırkı mövzuya həsr olunmuş mühüm beynəlxalq konfransı bu regionda təşkil edən yeganə təsisatdır. Cənab Prezident, fəxr edirəm ki, müharibədə tarixi Zəfəriniz və 23 saatlıq antiterror əməliyyatı ilə Siz nəsillər üçün tarix yazdınız. Onlar Sizi və Sizin irsinizi hər zaman xatırlayacaqlar. Siz nəinki Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən beynəlxalq ədaləti bərpa etdiniz. Sualımı verməzdən əvvəl istərdim Sizin iki ən yeni mühüm tarixi uğurunuzu hörmətli iştirakçıların diqqətinə çatdırım. Birincisi, Siz Qoşulmama Hərəkatında dörd il ərzində sədr kimi böyük nailiyyətlər əldə etdiniz. Siz həqiqətən sədrliyiniz dövründə bu Hərəkatı canlandırdınız. İlk iki il qlobal pandemiyaya təsadüf etdi. Biz Azərbaycanın bir çox Afrika ölkələrinə hədiyyə etdiyi peyvəndləri və qeyd etdiyiniz kimi, sədrliyiniz dövründə qadın və gənclərə diqqətin yönəldilməsini heç zaman yaddan çıxarmayacağıq. Hazırlıqların cəmi səkkiz ayından sonra Siz möcüzə etdiniz.

COP29 əla səviyyədə təşkil olundu. Prezident Makron kimi bəzi Avropa rəhbərlərinin boykot çağırışlarına baxmayaraq, təxminən 80 min qonaq və 70 dövlət başçısı tədbirə qatıldı. Mən həmin uğuru müşahidə etməkdən çox fərəhləndim. Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Zati-aliləri, biz çox yaxşı bilirik ki, Siz Türk Dövlətləri Təşkilatına çox böyük önəm verirsiniz və bu il Azərbaycan qarşıdan gələn Zirvə toplantısına ev sahibliyi edəcək. Növbəti ayda qeyri-formal Zirvə görüşü Budapeştdə keçiriləcək. Zati-aliləri, Türk Dövlətləri Təşkilatını necə dəyərləndirirsiniz? Çox sağ olun. 

Prezident İlham Əliyev: Cənab səfir, ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə təşəkkür edirəm. Siz Azərbaycanın böyük dostusunuz. Sizin burada səfir kimi fəaliyyətiniz dövründə və sonra siz hər zaman ölkəmizə və xalqımıza qardaş yanaşmanı nümayiş etdirmisiniz. Mən fəaliyyətinizi izləyirəm və bizimlə olduğunuza görə çox məmnunam. Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir.

Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib.

Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur. Təşkilat etnik köklərə əsaslanır.

Bir çox təşkilatları tanıyırıq. Onlarla müqayisə etmək istəmirəm. Lakin Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük. Yenə də müqayisə etməmək çətindir. Üzrlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox.

Bizdə yoxdur. Bu, bizi unikal edir. Bəs onda nə çatışmır? Bizim güclü beynəlxalq fəaliyyətimiz. Bu, kifayət deyil və biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik. Bu halda yenə də coğrafiya, əhali nəzərə alınmalıdır. Hələ hərbi imkanları buraya əlavə etsək, hər şey aydın olar. Yaxşı məlumdur ki, Türkiyə Ordusu Avropada ən güclü ordudur. Azərbaycan da öz hərbi imkanlarını nümayiş etdirdi. Beləliklə, bunları əlavə etsək, biz həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik. Xüsusən də bəzi təşkilatları, daxili mübahisələri, inamsızlığı və qarşılıqlı etimadın çatışmamasını görəndə hər bir şey aydın olur. Mən Avropa İttifaqını xatırlatdım.

Mən, həmçinin NATO-nu qeyd edə bilərəm. Hamımız bilirik ki, hazırda NATO-nun bəzi üzv ölkələri 5-ci maddə haqqında düşünür. Bunun nəzərə alınacağı ehtimalına gəldikdə, NATO daxilində müəyyən inamsızlıq var və bu, qlobal səviyyədə hələ ən güclü beynəlxalq təşkilatlardan biridir. Buna görə biz daha fəal olmalıyıq. Bəlkə uyğun söz deyil, lakin biz boşluğu doldurmalıyıq, ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə çevrilməliyik. 

Hikmət Hacıyev: Viktor Kipiani, Gürcüstan. 

Viktor Kipiani: Cənab Prezident Əliyev.

Bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bizim suallarımızı səmimi cavablandırdığınıza görə sağ olun. Mən bunu yüksək qiymətləndirir və buna hörmətlə yanaşıram. Bəzi suallar üst-üstə düşür və bu da anlaşılandır. Biz Cənubi Qafqaz regionuna toxunduq. Bu, bizim yaşadığımız geosiyasi və geoiqtisadi mühitdir. Ancaq istərdim ki, biz diqqəti regionumuza yönəldək, çünki region mövzusu getdikcə yeni məzmun kəsb etməyə başlayır.

Bu təlatümlü təchizat zəncirlərinin yenidən formalaşması fonunda regionumuz geosiyasi baxımdan özünü necə təqdim edə bilər, necə daha da rəqabətli ola bilər? Gürcüstanı təmsil etdiyim üçün həm də ikitərəfli əlaqələrimizi necə gördüyünüzlə bağlı sual vermək istərdim. Bu əməkdaşlığın təməli iki böyük lider tərəfindən 1990-cı illərin əvvəlində qoyulub və bu, təbii baş verən bir proses olub. Regionun uzaqgörən lideri kimi Siz ikitərəfli münasibətlərimizin perspektivini necə görürsünüz? Əminəm ki, biz bir-birimizin uğurlu gələcəyinin qapısı rolunu oynayırıq. 

Prezident İlham Əliyev: Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə, - hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik, - və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır.  İki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi kimi Gürcüstanın Baş nazirinin ölkəmizə səfərini qeyd edə bilərəm. Bu, onun seçkilərdən sonra ilk xarici səfəri idi. Adətən seçkilərdən sonra ilk xarici səfərin rəmzi mənası var. Beləliklə, ilk səfər Azərbaycana edildi və tezliklə seçkilərdən sonra Gürcüstan Prezidenti də ilk xarici səfərini Azərbaycana edəcək. Beləliklə, bu iki fakt münasibətlərimizin, bizim qarşılıqlı sadiqliyimizin və dostluğumuzun aydın göstəricisidir. Bizi birləşdirən layihələrdən çox danışa bilərik.

Onlar yaxşı məlumdur və bununla vaxtınızı almaq istəməzdim. Ancaq onlar yalnız bizim xalqlarımız və ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün vacibdir. Hazırda isə biz buraya yaşıl gündəliyi əlavə edirik. Biz artıq buna qısa şəkildə toxunduq. Bu, Azərbaycan və Gürcüstan üçün yaşıl dəhlizdir. 

 Bu, nəqliyyat dəhlizidir, Orta Dəhlizdir – bunlar qaçılmazdır. Səmimi desəm, mən xanım Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərdən xəbər alanda təəccübləndim. O, orada özlərinin Avropanın “qlobal qapısı” adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz.   Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır.  Gürcüstan haqqında isə bir kəlmə belə deyilmədi. Sanki Gürcüstan mövcud deyil. Bu, ədalətsizlikdir. Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir.

Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik.  Əvvəlki suallar zamanı müzakirə etdiyimiz kimi, Cənubi Qafqazda imkanları nəzərdən keçirdikdə bizim əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur. Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi – həmin o məşhur Minsk qrupu.

Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox.

Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz.

Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırılabilən vəziyyətdən bəhs edə bilərik. 

Hikmət Hacıyev: Rik Fon, Böyük Britaniya. 

Rik Fon: Cənab Prezident, bu gözəl imkana görə təşəkkürümü bildirirəm. Mən Böyük Britaniyanı təmsil edirəm. Fürsətdən istifadə edərək, ölkənizin Londondakı səfirliyinin fəaliyyətini təqdir etmək istərdim və mən onlarla həvəslə əməkdaşlıq edirəm. Cənab Prezident, İranla əlaqələrin perspektivlərinə dair danışmağınızı istərdim, xüsusilə də həyata keçirilən yüksəksəviyyəli səfərlər və İranda azərbaycanəsilli Prezidentin seçilməsi fonunda. Təşəkkür edirəm. 

Prezident İlham Əliyev: Biz Prezident Pezeşkianın bu ay ölkəmizə səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaqdır. Son aylar ərzində yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı səfərləri baş tutub. İrandakı seçki prosesi bizi ruhlandırdı. Biz seçilmiş Prezident tərəfindən verilmiş mesajları alqışladıq. Biz bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyirik, o cümlədən İranla. Bizim olduqca geniş iqtisadi və nəqliyyat gündəliyimiz var. Biz Orta Dəhliz haqqında danışdıq, ancaq Azərbaycan, həmçinin digər mühüm dəhliz – Şimal-Cənub dəhlizinin tərkib hissəsidir. Bir daha qeyd edim ki, bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüz olmasını anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayətdir.   

Azərbaycan ərazisində avtomobil və dəmir yolu layihələrinin hamısı icra edilib. Sadəcə, yükdaşımaların həcminin artacağını nəzərə alaraq, biz hazırda dəmir yolumuzu müasirləşdiririk. Dəmir yolu xətləri mövcuddur, ancaq Cənubdan Şimala və əks istiqamətdə nəql ediləcək yükləri qəbul etmək üçün dəmir yolu genişləndirilməlidir.  Enerji infrastrukturu və elektrik xətləri ilə bağlı məsələlər həll olunub. Biz İrana elektrik enerjisi ixrac edirik. Həmçinin regionda çoxtərəfli əməkdaşlıq üzərində də çalışırıq. Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır.

40 dəqiqə ərzində həmin terrorçu səfirliyin binasına daxil olmağa çalışmış, nəticədə buna nail olmuşdur və ona silahsız təhlükəsizlik zabiti müqavimət göstərmişdir.   Bu vaxta qədər o, artıq bir nəfəri qətlə yetirməyi, digər iki nəfəri isə ağır yaralamağı bacarmışdır. Həmin 40 dəqiqə ərzində şəhərin mərkəzində polis olmayıb. Təsəvvür edirsinizmi? Bunu təsəvvür etmək çətindir.

Terrorçu isə “Kalaşnikov” avtomatı, çəkic və “Molotov kokteyli” ilə silahlanmışdı. Bizim küçədə və daxildə olan təhlükəsizlik kameraları bunun hamısını qeydə alıb. Səfirliyimizi qorumalı olan polis nəfəri isə hadisə yerindən qaçıb. Bəlkə bunu qorxusundan edib, ancaq o, qonşuluqda yerləşən polis bölməsinə niyə xəbər verməyib ki, səfirlik terror hücumuna məruz qalıb? Mən İrandan olan qonaqlara sual verdim – mənim yerimdə olsanız, nə düşünərsiniz? Bu, təəssüfdoğuran hal oldu və bildiyiniz kimi, biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik.   Hadisədən bir ildən artıq vaxt keçmişdi və daha sonra İranın mərhum xarici işlər naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdır. O vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, baş verməyib. Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq mediaya müsahibələr verdi.

Siz belə halın şahidi olmusunuz? Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir, çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs, sadəcə, ruhi xəstə elan edildi. Artıq iki il keçib, ancaq məhkəmənin qərarı icra edilməyib. Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur.   Bu işdə isə iki ildən artıq vaxt ötüb. Bizi bunu unuda bilərikmi? Əlbəttə ki yox. Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir.

Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır.  Hikmət Hacıyev: Talha Şabit, Pakistan.  Talha Şabit: Mən ilk dəfədir ki, Azərbaycana səfər edirəm. Dünən də Qarabağda olmaq çox xoş oldu.

Bu imkanın yaradılmasına görə təşəkkür edirəm. Mənim sualım Çinin Qlobal Cənubdakı rolu ilə bağlıdır. Bildiyimiz kimi, Çinin “Bir kəmər, bir yol” layihəsi qarşılıqlı inkişafı təşviq edir. İnkişaf etməkdə olan dünyada uzunmüddətli dayanıqlılıqla bağlı çağırışlara baxmayaraq, Çinin Afrika, Latın Amerikası və Asiyada diplomatik, iqtisadi və siyasi təsiri artmaqdadır. Çin, həmçinin Qərbin çətiri altında olan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi təsisatlara alternativ təklif edir.Çin Qlobal Cənub çərçivəsində Qərbin hökmranlığında olan dünya nizamını necə dəyişə bilər? 

Prezident İlham Əliyev: Sualınızın maliyyə hissəsinə gəldikdə deyə bilərəm ki, Azərbaycan uzun illərdir beynəlxalq maliyyə təsisatlarından asılılığını, demək olar, sıfra endirmişdir. Mənim ilk prezidentliyim dövründə biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı dayandırdıq. Digər maliyyə təsisatlarına gəldikdə, biz ya portfelimizi bağlamışıq və ya buna çox yaxınıq. Bizim birbaşa xarici borcumuz, sadəcə, 5 milyard dollardır, bu isə ümumi daxili məhsulun 7 faizindən azdır. Bu, bizim maliyyə vəsaitlərinə ehtiyac duymadığımızı göstərir. Əksinə, maliyyə təsisatları müraciətlər edirlər ki, bizə kreditlər ayırsınlar. Biz hazırda bu istiqamətdə işləyirik, çünki portfelimizi tam sıfra endirmək istəmirik. Bizim əsas tərəfdaşlarımız sırasında Çinin təşəbbüsü ilə təsis edilmiş Asiya İnfrastruktur İnvestisiya Bankı yer alır.

Yəni, bu baxımdan burada əlavə edə biləcəyim bir şərh yoxdur, çünki bu mövzu mənim gündəliyimdə deyil. Bu, artıq həll olunmuş məsələdir.  Siyasət və nəqliyyat baxımından deyə bilərəm ki, biz çoxsaylı müsbət hadisələrin şahidi oluruq. Bunlar arasında mən Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməni qeyd etmək istərdim. Həmin Bəyannamə mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik, o cümlədən yaşıl enerji sahəsində.

Deyə bilərəm ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri Günəş panelləri istehsalçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Biz, həmçinin Çin şirkətləri ilə yaşıl enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparırıq.  Müdafiə sahəsində də əməkdaşlıqla bağlı dialoqa başlayırıq. Hesab edirik ki, bu, uğurlu proses ola bilər. Çünki artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir. Bizim üçün də təchizatın coğrafiyasını genişləndirmək və birgə istehsal müəssisələri yaratmaq maraqlı olar. Orta Dəhlizə - Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə gəldikdə, nədənsə onu Avropada “qlobal qapı” adlandırmağa çalışırlar. Səmimi desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq “Bir kəmər, bir yol” layihəsinə gəldikdə, biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə ictimai bəyanatlarla deyil, həm də sərmayə yatırmaqla etdik. Biz Xəzər dənizinin ən böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş siyahısı doludur.

Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər.  Yeri gəlmişkən, əvvəlki suala cavab olaraq deyə bilərəm ki, biz İran tərəfi ilə bu ölkənin ərazisindən keçərək Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Ermənistandan yan keçən marşrut üzərində çalışırıq. Avtomobil yolu hissəsi artıq hazırdır. İndi orada körpü inşa edilir. İran tərəfi ilə dəmir yolu hissəsinə dair danışıqlar gedir. Azərbaycan və İran öz aralarında razılığa gəlməlidirlər, çünki Ermənistan bu hissədə bizə maneə törədir. Biz oturub gözləyə bilmərik. Biz Ermənistandan yan keçəcək marşrutu inşa etməyə dair razılığa gəldik. Onlar isə regionda dalan olmaqda davam etsinlər. Beləliklə, praktiki baxımdan bizim ikitərəfli gündəliyimizin vacib amili olacaqdır.

Azərbaycan Qlobal Cənubun fəal ölkəsidir və Çin burada çox vacib rol oynayır. Çin bizim 4 il sədrlik etdiyimiz Qoşulmama Hərəkatının üzvüdür. Beləliklə, bu, çoxşaxəli münasibətdir, olduqca güclüdür və böyük gələcək potensialı var.  Hikmət Hacıyev: Cənab Prezident, biz demək olar ki, iki saatdır müzakirə aparırıq və Sizin gərgin qrafikiniz var. Bununla yanaşı, kifayət qədər suallarımız var. İcazənizlə, mən sualları bir araya toplayardım. 

Prezident İlham Əliyev: Auditoriya yorulmayıbsa, davam edə bilərik. 

Hikmət Hacıyev: O zaman növbəti sual Jorge Hukladandır, İspaniya. 

Jorge Hukla: Çox təşəkkür edirəm. Cənab Prezident, qısa bir şərhim və bir sualım var. Mən beynəlxalq münasibətlər üzrə professoram, ancaq əvvəlki dövrdə İspaniya parlamentinin üzvü və ölkəmin AŞPA-dakı nümayəndəsi olmuşam. Mən Qarabağ probleminin beynəlxalq hüququn əsasında həll edilməsinə illər sərf etmişəm, belə bir qənaətə gəlmişəm ki, bu işdə beynəlxalq hüquq və beynəlxalq təşkilatlar tam uğursuzluğa düçar olublar. Sizi beynəlxalq təşkilatların müdaxiləsi olmadan əldə edilmiş ikitərəfli kompromis münasibətilə təbrik edirəm.  Sualım isə belədir: Cənab Prezident, yeni dünya nizamı başlanğıc mərhələsindədir, ancaq müəyyən siyasi modellər beynəlxalq münasibətlərdə hələ də faydalı alətlər kimi qalmaqdadır. Onlardan biri 2014-cü ildən bəri paylaşdığınız Qoşulmama Hərəkatı prinsiplərinə uyğun strateji düşüncədir. Qoşulmama Hərəkatına sədrlik təcrübənizi nəzərə alaraq, orta güc kimi Azərbaycanın yeni dünya nizamında rolu nədən ibarətdir? Çox sağ olun. 

Prezident İlham Əliyev: Bəli, biz sədrliyimizə böyük məsuliyyətlə yanaşdıq. Biz Qoşulmama Hərəkatının nisbətən yeni üzvü idik və sədr seçildiyimiz zaman 10 il idi ki, üzv dövlət idik. Bu o deməkdir ki, bizim bu təsisata qoşulmağımızla bağlı strateji qərarımız düzgün və zamanında atılmış addım idi. Bu illər ərzində biz bu təşkilatı transformasiya etmək üçün gərgin fəaliyyət göstərdik. Biz anlayırıq ki, bu, uzun prosesdir. Ancaq biz müəyyən institusional platformaların yaradılmasına nail olduq. Biz bu haqda artıq danışdıq. Bu, həmçinin bizim üçün özümüzü təqdim etmək fürsəti idi. Təəssüflər olsun ki, bir tərəfdən COVID-19 pandemiyası baş verdi, digər tərəfdən bu, bizim üçün təkcə danışmaq deyil, əməli surətdə iş görmək imkanı yaratdı. Biz olduqca məsuliyyətli davrandıq və əziyyət çəkən ölkələrə yardım etdik. Biz 10 milyon dollar həcmində birbaşa, 10 milyon dollar məbləğində isə  Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yardımlar göstərdik.   

Yeri gəlmişkən, COVID-19 dövründə istifadə olunan məlumat bazasını biz yaratdıq və o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Bu, şaxələnmiş yardım və həmrəylik prosesi idi. Azərbaycanın sədrliyindən qalmış növbəti miras “Troyka” formatının təsis edilməsi idi. Bu təşəbbüs dəstəkləndi və o, sinerjinin təmin edilməsinə yönəlmişdi. Biz bu gün sədr ölkə deyilik, ancaq “Troyka” çərçivəsində təmsil olunuruq. Yəni, təşkilatın işinin irəlilədilməsi üçün bizim müəyyən alətlərimiz var və biz bu istiqamətdə işləri davam etdirəcəyik. 

Siz Avropa Şurasının və beynəlxalq təşkilatların Ermənistan ilə münaqişəni həll etmək qabiliyyətini vurğuladınız. Bizim bu təşkilata qoşulduğumuz dövr mənim xatirimdədir. O zaman mən parlamentin üzvü idim. Bizim Avropa Şurası ilə bağlı böyük gözləntilərimiz var idi, hesab edirdik ki, o, bizə bu məsələni beynəlxalq gündəliyə daxil etməyə yardım göstərəcək, biz bu Avropa strukturunun dəstəyini əldə edəcəyik. Çünki burada kimin qurban, kimin isə təcavüzkar olduğu aydın idi.  Lakin təəssüflər olsun ki, bu, baş vermədi. Biz 2001-ci ildə Avropa Şurasına üzv seçildik və mən oradakı Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim.

Təəssüflər olsun ki, biz orada ədalətli mövqeyimizin dəstəklənmədiyini gördük. Həmçinin orada çoxsaylı ermənipərəst lobbiçiləri gördük. Xatırlayıram ki, biz öz aramızda onları Azərbaycana nifrət edənlər adlandırırdıq. Bu gün də onların sayı kifayət qədərdir.  Beləliklə, bizim gözləntilərimiz özünü doğrultmadı. Biz heç Parlament Assambleyasını bu işlə ciddi məşğul olmağa cəlb edə bilmədik. Bizim yeganə nailiyyətimiz 2005-ci ildə qətnamənin qəbul edilməsi oldu. Orada münaqişə və işğal məsələsi öz əksini tapmışdı. Beləliklə, burada iki fakt var idi. Birincisi, Parlament Assambleyası əsasən anti-Azərbaycan mövqeyində idi, ikincisi isə ATƏT-in Minsk qrupu istənilən təşkilatın bu məsələ ilə məşğul olmasına əngəl törədirdi.  Mənə məlumdur ki, hətta ATƏT-in Minsk qrupu Strasburqa səfər edərək ABŞ, Rusiya və Fransanın vahid mövqeyini orada ortaya qoymuşdu:

“Bu prosesə qarışmayın, bu, bizim inhisarımızdadır. Müdaxilə etməyin”. Məsələ məhz bundan ibarət idi. Yəni, bu platformadan istifadə edərək bu məsələyə diqqətin yönəldilməsi ilə bağlı gözləntilərimiz özünü doğrultmadı.   

Bundan əlavə, AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil.  Qeyd etdiyim kimi, biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik.  Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur.

Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər. Gürcülər də eyni addımı atdılar. Mən Gürcüstanın orada təmsil olunmasının dayandırılması ilə bağlı hökumətin qərarını tam dəstəkləyirəm. Çünki bu, növbəti ayrı-seçkilik halı idi.  Avropa Parlamentində yer almayan, nəticə etibarilə Avropa Şurasında qərarlaşan bəzi avropalı siyasətçilərin müstəmləkəçilik düşüncəsi təəssüflər olsun ki, əks nəticə verir. Mən həmin vaxt sual verdim - Azərbaycanda kimsə bizim bu təşkilatda təmsil edilməməyimizə fikir verdimi? Bizim üçün həyat davam edir. 

Yeri gəlmişkən, COP29 çərçivəsində Avropa Şurasının Baş katibi Azərbaycana səfər etdi və burada məndən bu təşkilatdan tam çıxmamağı xahiş etdi. Dedim ki, xahiş edirsinizsə, tam çıxmarıq. Lakin bizim orada olub-olmamağımız heç nəyi dəyişmir. Biz bu təşkilata qoşulandan bəri dünya dəyişib və Avropa da kəskin şəkildə dəyişib. Bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib və müzakirələrinizin mövzusu da dəyişib.  Prezident Trampın hakimiyyətə gəlməsi ilə bu dəyişiklik tamamlandı. Bu gün heç nə baş verməmiş kimi davranmaq, habelə Avropa Şurasında və ya Avropa Parlamentində qəbul edilmiş hər hansı bir qətnamənin nəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olar. Bizim bu təşkilatlara münasibətimiz bu qeyri-adekvatlığa tamamilə uyğundur.

Bir ölkə olaraq Azərbaycan özünü bu regionda rahat hiss edir.  Biz artıq bu məsələni müzakirə etdik, istər Cənubi Qafqaz olsun, istərsə də Mərkəzi Asiya və ya Yaxın Şərq. Biz özümüzü rahat hiss edirik, özümüzü təmin edən iqtisadiyyatımız var. Sabit siyasi sistemimiz və vahid milli ideya ətrafında səfərbər olmuş cəmiyyətimiz mövcuddur. İkinci Qarabağ müharibəsindəki Qələbə bu birliyi daha da gücləndirib. Brüsseldə və Strasburqdakı bürokratlar sanki özlərinin başqa planetində yaşayırlar və hesab edirlər ki, hər kəs onlara daha yaxın olmaq istəyir.  Həmin dövr çoxdan keçmişdə qalıb. Bəli, biz tərəfdaşlığa və dostluğa açığıq.

Ancaq o halda ki, bizim daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər bizə aşılanmır. Bu, bizim mövqeyimizdir. Bir daha sizə təşəkkür edirəm ki, bu məsələyə toxundunuz. Siz mənə imkan yaratdınız ki, bu məsələlərə öz yanaşmamızı açıqlayım və dünyaya olan baxışımızı təqdim edim. 

Hikmət Hacıyev: Anatoli Boyaşov, Belarus. 

Anatoli Boyaşov: Çox sağ olun, cənab Prezident, burada olmaqdan şərəf və məmnunluq duyuram. Mən 2019-cu ildə Prezident Lukaşenko tərəfindən yaradılmış Belarus Strateji Araşdırmalar İnstitutunu təmsil edirəm. Bizim əsas funksiyamız Prezidentimizi analitik informasiya ilə təmin etməkdir. İkitərəfli əməkdaşlığımızın genişlənməsini nəzərə alaraq yalnız bir sual seçmək çox çətindir, lakin buna baxmayaraq, sualımı verim. Müşahidələrimiz göstərir ki, son dövrlərdə seçkiyə müdaxilə texnologiyaları çox təkmilləşib. Buna baxmayaraq, Azərbaycanda prezident seçkiləri ən yüksək sabitlik və siyasi dayanıqlılıq şəraitində keçirildi. Mənim sualım belədir: Azərbaycanda seçki suverenliyinin düsturu nədir? Həmçinin Siz seçkilərə müdaxilə texnologiyalarında dəyişiklikləri müşahidə edirsinizmi? Təşəkkürlər. 

Prezident İlham Əliyev: Əslində, əvvəlki illərdə seçkilərimizə müdaxilə, necə deyərlər, texnoloji proseslə edilmirdi. Amma müxtəlif çox sadə alətlər vasitəsilə edilirdi. Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycana göndərdiyi pullar idi. İkincisi, Qərb mediasında anti-Azərbaycan təbliğatı, Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. Beləliklə, çox sadə idi. Bir az sadəlövh olduğumuz vaxtlarda hətta ağlımıza gətirə bilməzdik ki, üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirlər. Həmin vaxtda biz faktiki olaraq bu maliyyə vəsaitlərinin axınına tam nəzarət etmirdik. Bu səbəbdən, Milli Demokratiya İnstitutu kimi bədnam qurumların, əslində, burada hökuməti devirmək planı hazırlamasının səbəbi də bu idi. Bunu aşkar etdik. Beləliklə, biz bank hesabından bir milyon ABŞ dollarından çox vəsait nağdlaşdırıldığını aşkar etdik.   Sonra biz o pulun bir hissəsini müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində “Molotov kokteylləri”ni və hökumət binalarına, polislərə necə hücum etmək təlimatlarını tapdıq. Beləliklə, bütün bunları yaşamışıq. 2005-ci ildə buradakı narıncı inqilab cəhdləri ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu. Bunu hamımız xatırlayırıq, heç vaxt unutmuruq. Beləliklə, bu da çox sadə idi. İndi bunu etmək daha çətindir.

Çünki birincisi, biz maliyyə sisteminə tam nəzarət edirik. İkincisi, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Burada pul qaçaqmalçılığı çox çətindir. Amma təəssüf ki, bəzi Qərb təşkilatları hələ çox “yaradıcıdırlar”. Beləliklə, onlar müxtəlif kuryerlər vasitəsilə buraya pul daşımağın yeni yollarını tapıblar. Onlar bu pulu, əsasən, Gürcüstan vasitəsilə gətirirdilər.   Gürcüstan deyəndə, pulun Gürcüstan tərəfindən ayrıldığını söyləmək istəmirəm. Bu, Gürcüstanda hələ də fəaliyyət göstərən Qərb qeyri-hökumət təşkilatlarındandır - xaricilərin nəzarətində olan Gürcüstan bankları vasitəsilə. Adsız kredit kartları və nağd pullar vəziyyətin sabitliyini pozmaq üçün buraya gətirilir. Amma bunun izinə düşəndə, hüquq-mühafizə orqanlarımız həmin pul qaçaqmalçılarını məsuliyyətə cəlb edəndə bizi ittiham etməyə başlayırlar ki, guya biz bəzi qeyri-demokratik işlər görürük. 

 Azərbaycanda vəziyyət belə idi. Ümidvaram ki, bu bitəcək, çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər.  Prezident Trampın başladığı iş çox ümidvericidir, lakin hesab edirəm ki, o, dayanmamalıdır. USAID, əlbəttə ki, bir nəhəngdir, tamamilə korrupsiyaya uğramış bir qurumdur. Bu haqda danışmışam. Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq. Bu barədə sualınıza cavab verdiyimi düşünürəm. Beləliklə, bizimlə olduğunuz üçün təşəkkür edirik. 

Hikmət Hacıyev: Əhməd Taher, Misir. 

Əhməd Taher: Təşəkkürlər, Zati-aliləri cənab Prezident. İkinci dəfə burada olmaq şansı yaratdığınız üçün təşəkkür edirəm. Bir şərhim və bir sualım var. Şərhim dünən Qarabağda gördüklərimlə bağlıdır. Mən Qarabağda üç dəfə olmuşam. Dünən mən Azərbaycanın 1918-ci ildə müstəqillik əldə etdikdən və 1991-ci ildən sonra uğur hekayəsini görürəm. Deməli, bu gün Qarabağın işğaldan azad edildikdən sonra yenidən qurulmasını, Azərbaycanın Qarabağı işğaldan sonra necə bərpa etdiyini görmək çox xoşdur. Mən bunu nadir uğur və nailiyyət hesab edirəm. Buna görə Sizi təbrik edirəm. Sualım isə Azərbaycanın İslam dünyasında mühüm yeri ilə bağlıdır. Ona görə də biz Azərbaycanın Yaxın Şərqdəki böhranla bağlı siyasətinə, xüsusilə Qəzza, Suriya və Livanda baş verənlərə dair fikirlərini öyrənmək istərdik. 

Prezident İlham Əliyev: Ölkəmiz haqqında fikirlərinizə görə təşəkkür edirəm.

Çox minnətdaram ki, siz artıq bir neçə dəfə Qarabağda olmusunuz. Bunun üçün sizə təşəkkür edirəm. Qəzzadakı vəziyyətlə bağlı qeyd edim ki, Azərbaycan böhranın ilk günlərindən atəşkəsin olmasını, hərbi əməliyyatların dayandırılmasını fəal şəkildə müdafiə edib və bizim mövqeyimiz dəyişməz olaraq qalmaqdadır. Hər bir ölkədəki vəziyyətə gəldikdə - onlar üçün nəyin prioritet olduğuna ölkələrin özləri qərar verməlidirlər. Ona görə də heç bir ölkədə, hətta işğal dövründə Ermənistanda belə daxili vəziyyəti şərh etmirdik. Biz heç vaxt daxili gündəmə münasibət bildirməmişik.   

Amma, eyni zamanda, Suriya ilə bağlı deyə bilərəm ki, biz hökumət dəyişikliyinin baş verməsinə görə şadıq. Çox təəssüf ki, Suriya əvvəlki rəhbərliyin dövründə ermənipərəst və anti-Azərbaycan mövqe tuturdu. Ermənistan rəhbərliyi ilə Suriyanın əvvəlki rəhbərliyi arasında çoxlu siyasi təmaslar - təbrik məktubları, qarşılıqlı səfərlər olub. İndi isə Ermənistan hökuməti elə bilir ki, bunu heç kim xatırlamır.

Amma hamımız onların prezident Əsəd hökumətinə nə qədər yaxın olduqlarını, necə ünsiyyət qurduqlarını, necə əməkdaşlıq etdiklərini xatırlayırıq.

İndi Suriyaya humanitar yardım göndərməyə çalışmaları bir daha erməni riyakarlığını nümayiş etdirir. Ümid edirəm ki, Suriyanın yeni hökuməti bu riyakarların və yeni hökumətin düşmənlərinin bu ölkədə yer tapmalarına çalışmalarına imkan verməyəcək.  Biz Suriyanın yeni hökumətini dəstəkləyirik, rəsmi məktublar mübadiləsi oldu, təbrik etdik.

Təbii, biz çox şadıq ki, indi nəhayət qardaş ölkəmiz Türkiyənin bu cənub sərhədində sülh olacaq, Türkiyəyə Suriyadan heç bir təhlükə olmayacaq. Bu, bizim üçün çox vacib bir inkişafdır. Bu, həm də qlobal dəyişikliklərin bir hissəsidir və bundan başqa, biz özümüz Suriya xalqı və Türkiyə üçün sevinirik.  İslam dünyasındakı rolumuza gəldikdə, bu, müsəlman icmaları tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə seçilib və biz İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyik. İslam Dünyasının Mədəniyyət, Təhsil və Elm Təşkilatı (ICESCO) Şuşanı İslam mədəniyyətinin paytaxtı seçib və ötən ilin mayında Şuşada ICESCO-nun Baş katibi və mən bunu rəsmi şəkildə elan etmişik. Belə ki, müsəlman xalqları arasında həmrəylik baxımından bizim rolumuz yüksək qiymətləndirilir. 

 İstər müsəlman dünyasının dini liderləri, siyasi liderlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası qardaşlarımıza göstərdiyimiz dəstəyi yüksək qiymətləndirirlər. Bununla bağlı son məqam: Düşünürəm ki, müsəlman dünyası ölkələri hər hansı bir ərəb ölkəsindəki vəziyyətlə bağlı siyasətlərini qiymətləndirərkən və ya işləyib hazırlayarkən, ilk növbədə, Ərəb Liqasının müəyyən təlimatlarına əməl etməlidirlər. Düşünürəm ki, bu, bu məsələləri necə həll etməyin, buna münasibət bildirməyin ən yaxşı yolu olacaq, çünki onlar daha yaxşı bilirlər. Ərəb Liqası bütün ərəb ölkələrini birləşdirir və bu ölkələrdəki vəziyyətlə bağlı hər bir məsələdə bu qurumun siyasəti ən azından bizim üçün bir istiqamət olmalıdır. Məncə, hamı üçün belə də olmalıdır. 

Hikmət Hacıyev: Cənab Prezident, Urs Ankauf, Almaniya. 

Urs Ankauf: Zati-aliləri möhtərəm cənab Prezident Əliyev, bu gün bizimlə olduğunuza görə çox sağ olun. Mən Almaniya ilə ikitərəfli münasibətlərə diqqəti cəlb etmək istərdim.

Qeyd etdiniz ki, Prezidentimiz Frank-Valter Ştaynmayer bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə idi. Almaniya Prezidentinin administrasiyası tərəfindən səfərdən əvvəl ləğv edilmiş qeyri-qanuni işğalçı rejimin bayrağının yerləşdirilməsi narazılıq yaratmışdır. Xoşbəxtlikdən, Prezidentin saytından həmin məlumat silindi və Sizə üzrxahlıq məktubu göndərildi. Rəsmi bəyanatı oxumuşam, lakin sualım belədir ki, hazırda bizdə yeni hökumətin formalaşdırılmasının son mərhələsində olmağımızı nəzərə alaraq, Azərbaycanın Almaniya ilə siyasi və iqtisadi əməkdaşlıqla bağlı gözləntiləri nədir? 

Prezident İlham Əliyev: Çox sağ olun. Birincisi, bayraqla bağlı vəziyyətə gəlincə, təbii ki, bunu görəndə hamımız çox təəccübləndik. Düzünü desəm, mən həmişə olduğu kimi, maksimum səmimi olmağa çalışıram, bunun səhv olduğunu düşünmək bizim üçün çox çətin idi. Çünki Almaniya çoxillik dövlətçilik ənənələri olan bir ölkədir və bütün atributlara diqqətlə yanaşılır. Bu, təkcə separatçıların bayrağı olan bayraq deyildi, artıq ölmüş separatçı qurumun bayrağı idi və orada əlavə bir şərh var idi – “Dağlıq Qarabağ” adını gördük. Bu, artıq mövcud deyil.   

Bu, dediyimiz kimi, yalnız erməni revanşistlərin və onlara dəstək verənlərin xəyallarında mövcuddur. Ona görə də həmin bəyanatda o ifadənin yer almasını Azərbaycana qarşı təhqir hesab edirik. Bunun səhv olduğunu düşünməyə imkan verməyən başqa bir amil də var. Şəkli xatırlayırsınızsa, orada bayraq cırılmış vəziyyətdə idi. Ermənistanın bayrağı olduğunu düşünüblərsə, o zaman niyə cırılmış bayraq şəkli paylaşıblar? Güman ki, o şəkli qoyanların beynində cırılmış bayraq “Artsax”   adlanan yerin yaralı olmasına işarə idi. Bu, Azərbaycana bir mesaj idi. Biz bunu çox ciddi qəbul etdik və düzünü desəm, bizim hərəkət etməyimiz üçün bir neçə variant mövcud idi. Əgər üzrxahlıq olmasaydı, yəqin ki, səfərin vaxtı dəyişdirilə bilərdi. Beləliklə, bununla, sadəcə olaraq, sizə daxili “mətbəximizi” açıqlayıram. Vəziyyəti aydınlaşdırmaq üçün Almaniya səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu. O dedi ki, səhv etmirəmsə, üzr istəməyəcəklər, belədir, Hikmət? Beləliklə, bu, digər bir sürpriz oldu. Sonra köməkçim Hikmət Hacıyev Prezident Ştaynmayerin Administrasiyasının rəhbəri ilə əlaqə saxladı.  Hikmət Hacıyev: İlkin olaraq xanım rəhbər dedi ki, bu, ciddi texniki səhvdir və xahiş etdi ki, üzrxahlığımızı qəbul edin və biz onu siləcəyik.

Lakin bu, aramızda olan bir üzrxahlıq idi. Amma mən Sizin tərəfdən əlavə göstəriş aldım ki, Azərbaycan israrlıdır və biz almaniyalı həmkarlarımızdan açıq və rəsmi üzrxahlıq gözləyirik. Bundan sonra yazılı üzrxahlıq göndərildi.  Prezident İlham Əliyev: Bəli, təşəkkür edirəm. Beləliklə, məsələ həll olundu, amma təbii ki, bunu etməməli idilər. Xətrimizə dəymək üçün tamamilə faydasız və mənasız cəhd. Mən tamamilə əminəm ki, Prezident Ştaynmayerin bundan heç xəbəri olmayıb. O, özü bunu mənə dedi. Birincisi, mən ona tam inanıram, çünki ona çox hörmətlə yanaşıram. İkincisi, düzünü desəm, mən də şəkillərimə bir o qədər baxmıram. Səhv bir şey varsa, buna görə kimi günahlandıracağını bilirsən.

Ancaq səhv bir şey olsaydı, şübhəsiz ki, müraciət olmadan belə biz üzr istəyəcəkdik.  Səfər özü çox uğurlu idi. Prezident Ştaynmayer və mən bir-birimizi çoxdan tanıyırıq, onun xarici işlər naziri olduğu illərdən bəri təmasdayıq, o, bir neçə dəfə buraya səfər edib. Keçən il biz Berlində görüşdük, onunla ünsiyyətdə olmaq çox xoş idi. O, çox bacarıqlı siyasətçi və böyük dövlət xadimidir. Alman xalqı onunla fəxr edə bilər. Səfərin məzmunu və formasına gəldikdə isə mətbuatda əks olunduğu kimi, hamı gördü, çox səmimi, mədəni proqramla müşayiət olunan yaxşı səfər idi. Bizim müxtəlif məsələləri müzakirə etmək üçün kifayət qədər vaxtımız oldu. Əlbəttə ki, işgüzar sahədə əməkdaşlığımızın mahiyyəti çox genişdir və biz bu səfəri, yeri gəlmişkən, Almaniya Prezidentinin Azərbaycana ilk səfərini münasibətlərimizdə mühüm mərhələ hesab edirik. Beləliklə, hər iki prezidentin Bakıdan verdiyi bütün mesajlar son dərəcə müsbət və zamanında verilən mesajlar idi. Ona görə də hesab edirəm ki, bu, həm də ölkələrimizin işgüzar dairələrinə ikitərəfli istiqamətdə daha fəal işləmək üçün yaxşı mesajdır.

Həmçinin Almaniyadan, xüsusən də yeni hökumətdən Avropa İttifaqı ilə bağlı gözləntilərimiz odur ki, müstəqil siyasət yürütməkdə davam etsin. Çünki bilirsiniz, Avropa İttifaqında Azərbaycana qarşı çox pis əməllər törədən, heç bir əsası olmadan özünü lider kimi göstərən bir ölkə var. Avropanın aparıcı iqtisadiyyatı, aparıcı siyasi qüvvəsi Almaniyadır.

Ona görə də ümid edirəm ki, Avropa İttifaqı oradakı ermənipərəst qrupların təsiri altına düşməyəcək.  Hikmət Hacıyev: Son sualımız Şimali Kiprdən Hüseyn İşıksaldan.  Hüseyn İşıksal: Hörmətli cənab Prezident. 2023-cü ilin oktyabrından Prezidentimi müşayiət etdiyim və bizi rəsmi səfər çərçivəsində qəbul etdiyiniz gündən sonra burada Sizi yenidən görmək çox xoşdur. Mən Şimali Kipr Türk Respublikası Prezidentinin xüsusi müşaviriyəm.

Ona görə də, ilk növbədə, icazə verin, şəxsən Sizə Prezidentimin ən səmimi salamlarını çatdırım. Burada olmaq həmişə xoşdur, çünki biz qardaşıq və özümü evimdəki kimi hiss edirəm, özümü xarici ölkəyə gəlmiş kimi hiss etmirəm. Türk Dövlətləri Təşkilatı ilə bağlı sual vermək istəyirdim. Amma bu məsələni artıq səfir soruşdu. Ona görə də mən, sadəcə, ölkəmlə Azərbaycan arasında münasibətlərin daha da dərinləşdirilməsi barədə dəyərli fikirlərinizi və tövsiyələrinizi eşitmək istəyirəm. Çox sağ olun. 

Prezident İlham Əliyev: Bilirsiniz ki, Prezident Ersin Tatar Azərbaycanda səfərdə olub və biz beynəlxalq tədbirlərdə həmişə görüşməyə vaxt tapırıq. Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsi böyük hadisə oldu. Bildiyiniz kimi, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri Şimali Kipr Türk Respublikasına tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir.   Yəni, biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır.

Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu, ədalətli idi? Əlbəttə ki, yox. Bu ikili standartlar idi? Əlbəttə, bəli. Amma təəssüf ki, siyasətçilərin çoxu bu haqda danışmaq istəmir. Onlar başağrısı olmamasına üstünlük verirlər. Çünki onların başağrısı yarada biləcəklərini hamı təsəvvür edə bilər və başağrısı heç də onların yarada biləcəyi ən böyük zərər deyil. Amma Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik. 

Hikmət Hacıyev: Tədqiqatçılar Sizə minnətdarlıqlarını və təşəkkürlərini bildirmək istəyirlər. Təqribən üç saatlıq müzakirəmiz oldu. Vaxt ayırdığınız üçün təşəkkür edirik. 

Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. 

x x x

Sonda xatirə şəkli çəkdirildi.

tag: Prezident,İlham Əliyev,Hikmət Hacıyev,Bakı,Forum,Todaypress.az,