Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi - II HİSSƏ

Siyasət

10.04.2025 05:41

7

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

TodayPress xəbər verir ki, dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.

II Hissə


Hikmət Hacıyev: Ramiz Yunus, ABŞ.

Ramiz Yunus: Möhtərəm cənab Prezident, bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Sizinlə yenidən görüşməyə çox şadam. Bu imkana görə təşəkkür edirəm. Dəvətə görə təşəkkür edirəm. Mənim üçün bu, böyük imkandır. Sizin iştirakınızla keçirilən çox mühüm beynəlxalq tədbirlər üçün Vətənimə, xüsusilə Qarabağa, Azərbaycanın Qarabağ bölgəsinə gəlmək bir ənənəyə çevrilib. Keçən dəfə bu, Şuşada idi, indi Xankəndidə, Bakıda. Eyni zamanda, dünyadakı və regiondakı ciddi geosiyasi məsələlərlə bağlı Sizə sual ünvanlamaq imkanını yüksək qiymətləndirirəm. Möhtərəm cənab Prezident, keçən dəfə ABŞ-dakı seçkilərdən əvvəl mənim sualıma cavab verərkən Siz həm demokratlarla, həm də respublikaçılarla təmasda olmaqla bağlı mükəmməl təcrübənizi paylaşdınız. Xatırlayıram, Siz söylədiniz ki, respublikaçıların administrasiyası ilə işləmək Sizin üçün hər zaman daha asandır. Möhtərəm cənab Prezident, Sizə sualım var. Ağ evdə hakimiyyətin dəyişməyindən sonra Sizin gözləntiniz özünü doğrultdumu, yoxsa bu barədə danışmaq hələ tezdir? Bu gün Azərbaycan və regionumuz üçün əsas riski nədə görürsünüz? Bir daha təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim şəxsi təcrübəm nöqteyi-nəzərindən, - mən bunu dəfələrlə bölüşmüşəm, - sözsüz ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, biz orada olmazdıq. Biz təkcə çox sayda hərbçilərimiz vasitəsilə fiziki dəstəyi deyil, həm də istər hava yolu ilə və ya yerüstü vasitələr və Xəzər dənizi vasitəsilə Əfqanıstana mühüm nəqliyyat əlaqəsini təmin etdik. Bu, Prezident Buş administrasiyası dövründə ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildi. Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da bir qədər dəyişdi. Lakin Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik.

Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına “907-ci düzəliş” müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi,- bunu onların necə etdiyini hamımız gördük, - onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi.

Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu. Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Bəli, demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini biz hamımız bilirdik. Lakin buna baxmayaraq, Amerikanın prosesdə vasitəçilik tarixində heç vaxt onlar Ermənistana münasibətdə birtərəfli mövqe tutmamışdılar. Ötən il aprelin 5-də cənab Blinken, xanım Ursula Fon der Lyayen, cənab Borell və cənab Paşinyanın iştirakı ilə Brüsseldə keçirilmiş çox qəribə görüşü xatırlamaq kifayətdir - ABŞ və Avropa siyasətçilərindən ibarət komandanın nəinki postsovet məkanının, dünyanın heç bir ölkəsi ilə indiyədək keçirmədiyi bir görüş. Bizdə kifayət qədər etibarlı məlumat var ki, razılaşdırılmış protokolun bir hissəsi hərbi potensialın artırılmasına həsr olunmuşdu.

Biz bunun qarşısını almaq üçün bu məsələni əvvəlcədən qaldırmışdıq. Sonradan bu, sənədin mətnindən çıxarılmışdı. Lakin de-fakto bu mövcud idi. Buna əsaslanaraq qondarma “Avropa Sülh Fondu” silah almaq üçün Ermənistana ilk tranşını ayırdı. Blinkenin dövründə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində başqa mühüm bir amil Prezident Trampın səlahiyyətlərinin icrasına başlamazdan 5 gün əvvəl imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi oldu. Bu il yanvarın 14-də Vaşinqtonda Dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri strateji tərəfdaşlığa dair bəyannamə imzaladılar - oğrular kimi tələsik. Yeni komandanın gəlişinə cəmi 5 gün qalmış, - siyasəti Prezident Tramp müəyyənləşdirəcəkdi, - bu nəyə lazım idi? Bu, cənab Blinkenin növbəti anti-Azərbaycan addımı idi. Mən buna çox təəssüflənirəm, çünki təmaslarımızın əvvəlində mən ona çox etimad edirdim. Lakin əfsuslar olsun ki, mən yanılmışdım. Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu. Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı.

Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi. İndi, yeri gəlmişkən, bizim Baş prokuror USAID-in qanunsuz fəaliyyətini araşdırır. Mənə ilkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səylərini nümayiş etdirir. Sənədlər hazır olan kimi biz onu Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin. Beləliklə, bu tarixdir və mən bu tarix barədə bəlkə də saatlarla danışa bilərəm, lakin indi ən mühüm olan odur ki, bəli, biz gözlədiyimizi artıq əldə etmişik ya yox? Mən deyərdim, bəli. Çünki, birincisi, ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır.

İkincisi, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Üçüncüsü, Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. Bizim münasibətlərimizdə heç bir böhran yox idi. Bəli, münasibətlərimiz istədiyimiz kimi fəal deyildi, lakin bu, birinci prezidentlik dövrü idi. İndi Prezident Tramp və komandası Avropa İttifaqının ona qarşı riyakarlığını gördü, Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o, bunu öz üzərində hiss etdi.

Ona görə də ikinci prezidentliyi dövrü, - əlbəttə ki, bu, mənim qiymətləndirməmdir, - birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Biz bunun olmasını istəyirik. Biz bunun baş verdiyini görürük, eyni zamanda, başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya

ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik.

Hikmət Hacıyev: Thembisa Fakude, Cənubi Afrika.

Thembisa Fakude: Təşəkkür edirəm. Sabahınız xeyir, cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Keçən dəfə Sizinlə Şuşada Qlobal Media Forumunda görüşmüşdük. Dəvətə görə bir daha təşəkkür edirəm. Ən azı Afrika nöqteyi-nəzərindən biz Azərbaycanın geosiyasi gücünü və Qoşulmama Hərəkatının rəhbərliyində iştirakını müşahidə edirik. Bu il Siz, həmçinin COP29-a rəhbərlik edirsiniz, biz hamımız bunu maraqla izləyirik. Lakin mühüm olan odur ki, Azərbaycan həm də Afrikadakı sosial, təhsil layihələrinə investisiya yatırır, sözsüz ki, bir çox afrikalılar buna çox sevinir. Bizim Afrikadan gələrək Azərbaycanda təhsil alan daha çox tələbəmiz var. Siz, həmçinin bəzi dövlət xidmətlərinin öyrədilməsi və peşəkarlaşdırılması baxımından təcrübənizi bölüşürsünüz. Bu, yüksək qiymətləndirilir. Lakin afrikalılar, - həm də xüsusilə mənim gəldiyim Afrikanın cənub hissəsində, - Azərbaycanın daha yaxından iştirakını istəyirlər. Sualım belədir və mən bu cavabı öz ölkəmə çatdırmalıyam. Sizin xüsusilə Cənubi Afrikada sosial, təhsil və digər akademik fəaliyyətinizi genişləndirməklə bağlı planlarınız varmı? Əgər varsa, bu hansı planlardır? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. İlk növbədə, demək istərdim ki, Cənubi Afrika Afrika qitəsində bizim uzun illərdir səfirliyimizin olduğu az sayda ölkədən biridir. Bizim Afrikada çox səfirliyimiz yoxdur. Lakin səfirliklərin sayı artmaqdadır. Düşünürəm ki, Cənubi Afrika ilklərdən biri olub. Beləliklə, bu, bizim sizin ölkənizlə müxtəlif sahələrdə işləməyə olan böyük marağımızı nümayiş etdirir. Bəli, biz dəstəyimizə ehtiyacı olan Afrikadakı dostlarımızı hər zaman dəstəkləmişik. COVID pandemiyası zamanı biz 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərmişik, həmin ölkələrin əksəriyyəti Afrika qitəsində olub. Biz müxtəlif vasitələrlə təhsil proqramlarını, tibbi proqramları dəstəkləmişik.

Biz Afrikadan olan tələbələrə təqaüdlər veririk. Biz bunu dövlət vəsaiti hesabına, QHT-lər vasitəsilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibində olan beynəlxalq yardım üzrə agentliyi vasitəsilə edirik. Beləliklə, bütün bunlar həyata keçirilir. Bəli, biz daha fəal qarşılıqlı əlaqələrin olmasını istərdik. Düşünürəm ki, Afrika liderlərinin Azərbaycana builki səfərləri bu böyük qarşılıqlı marağı nümayiş etdirir.

Qoşulmama Hərəkatına gəlincə, biz dörd il ərzində bütün üzv ölkələrə çox yardım etdik. Biz Qoşulmama Hərəkatında yaxşı irs qoyduq. Çünki müəyyən mərhələdə bu hərəkat bir qədər zəifləməyə başlamışdı. Beləliklə, biz yeni dinamika gətirdik. Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik. Bizim sədrliyimiz yekdilliklə dəstəkləndi. Biz 3 il müddətinə seçilmişdik, lakin sonra üzv dövlətlər sədrliyimizi daha bir il müddətinə uzatmağı qərara aldılar ki, bu da hərəkatın tarixində görünməmiş hadisədir. Beləliklə, yenidən yekdil qərarla Azərbaycanın sədrliyi uzadıldı.

Bu onu göstərir ki, üzv dövlətlər arasında müəyyən ikitərəfli və ya çoxtərəfli anlaşılmazlıqların olmasına baxmayaraq, - hansı ki, başadüşüləndir – çünki 120 ölkə var, - Azərbaycana münasibətdə onların hamısı bizim rolumuzun qiymətləndirilməsində vahid mövqedən çıxış etmişdi. COP zamanı biz açıq şəkildə bəyan etdik ki, əsas hədəfimiz az inkişaf etmiş ölkələri, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik. COP-un nəticələrinə gəldikdə, - baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, - biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi.

Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. Ekzistensial təhdidlərlə əlaqədar İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinə birbaşa dəstək məqsədilə Azərbaycan 10 milyon ABŞ dolları ayırdı, çünki iqlim dəyişikliyi hər kəs üçün problemdir, lakin onlar üçün söhbət onların həyatından gedir, söhbət onların gələcəyindən gedir. COP zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, bizim sədrliyimiz sayəsində, bizə olan etimad sayəsində bu məsələ Azərbaycanda razılaşdırıldı.

Həmçinin sözsüz ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq. Bu, bizim qarşımıza qoyduğumuz mühüm tapşırıqlardan biri idi. Bizim COVID-lə apardığımız mübarizə, COP-a ev sahibliyi etməyimiz, - yeri gəlmişkən, ilin sonuna qədər biz prezident olacağıq, - beləliklə, Afrika ölkələri ilə ikitərəfli təmaslar bizim gündəliyimizi aydın şəkildə nümayiş etdirir. Biz bir çox Afrika ölkəsində səylərimizə çox müsbət reaksiya müşahidə edirik. Bizim Afrika ölkələri ilə daha güclü əlaqələr qurulması istiqamətində xarici siyasətimiz artıq mənim tərəfimdən müəyyən edilib və təsdiqlənib. Faktiki olaraq, bu təşəbbüslə mən çıxış etdim. Bu mərhələdə biz daha fəal olmalıyıq.

İşğal və Ermənistanla münasibətlərimizlə bağlı artıq müzakirə etdiklərimizə gəldikdə, bütün işğal illəri ərzində bizim əsas xarici siyasət prioritetimiz ərazi bütövlüyünün bərpası olub. Bütün səylərimizin yekun hədəfi var idi - suverenliyin və ərazi bütövlüyünün bərpası. Ona görə də potensial xarici siyasət gündəliyimizdəki bir çox digər mühüm məsələlər arxa plana keçmişdi və bu, başadüşüləndir, çünki bu, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli ideyası idi. İndi bu məsələ həll olunduğuna görə, bizim dost hesab etdiyimiz, bəzi başqa qitələrdəki bəzi digər ölkələrdən fərqli olaraq Azərbaycana heç bir zərər verməmiş, dostluğu qiymətləndirən ölkələrlə daha güclü əlaqələrin qurulması üçün daha çox vaxtımız və daha çox imkanımız var. Biz sizin qeyd etdiyiniz həmin məsələlər, eləcə də digər məsələlər üzərində işləməyə hazırıq. Biz artıq mühüm məsələləri həll etmələri üçün Afrikadakı bəzi ölkələrə aşağıfaizli kreditlər vermək üzrəyik. Biz artıq Afrikada yaxın əlaqələrimizin olduğu bəzi ölkələr üçün investisiya portfelini hazırlayırıq. Beləliklə, bu, təkcə humanitar deyil, həm də biznes əlaqələri, investisiyalar və əlbəttə ki, siyasi münasibətlər olacaq.

Hikmət Hacıyev: Anton Deymoviç, Xorvatiya.

Anton Deymoviç: Sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf hissi duyuram. Mən Xorvatiyadanam.

İqtisadiyyat naziri cənab Cabbarovun Xorvatiyaya uğurlu səfəri oldu. Biz Azərbaycanı dəstəkləyən dost ölkəyik, çünki bizim də ərazimiz işğal altında olub. Biz sizi, xüsusən də indi, yəni uğurlu əməliyyatlardan sonra qəti şəkildə dəstəkləyirik ki, cəzasızlıq olmasın, Gəncə kimi şəhərə hücum etmiş hər bir hərbi cinayətkar mühakimə edilsin. Beləliklə, sualım mənim regionuma aiddir. Hazırda Albaniya qazlaşdırmaya milyardlarla sərmayənin yatırılmasını arzulayır. Çünki onlarda TAP boru kəməri var, lakin ölkə qazlaşdırılmayıb. Hazırda Xorvatiya öz qaz boru kəmərinin uzadılması məqsədilə Avropanın vəsaitlərini istifadə edir. Sizin fikrinizcə, Brüsselə Balkanlar üçün sərmayə planında həmin qazlaşdırma layihələrində iştirak etməyin vaxtının yetişməsi barədə danışmaq, Azərbaycanı, sadəcə, faydalı qazıntı və qaz platforması kimi deyil, o cümlədən tərəfdaş ölkə kimi qəbul etmək, onun yaşıl enerjisinə qapıları açmaq, regionla əməkdaşlıq etmək, eləcə də Azərbaycanın yenidənqurma və süni zəka layihələrində və digər işlərdə iştirak etmək fürsəti görünürmü? Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun. Elə indicə artıq qeyd etdiyim kimi, beş gün əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarını keçirdik. Bunlar bir neçə il öncə Azərbaycan və Avropa Komissiyasının himayəsi ilə irəli sürdüyümüz bizim təşəbbüs idi. Giriş nitqimdə ötən il Avropanın qaz bazarında nəyi etdiyimiz barədə məlumat verməklə yanaşı mən qeyd etdim ki, əgər Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz təchizatını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər.

Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə, - istər neft, istər qaz olsun, - eləcə də hasilat və nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə götürülən pul vəsaitləri arasında razılaşdırılmış nisbət var idi. Adətən 70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi. Beləliklə, indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atdıq.

Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında, biz Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır.

Daha çox təfərrüatlara varmaq istəməzdim. Lakin minimum dedikdə, mən hər qiymətləndirməm zamanı daha çox mühafizəkar olmağa çalışıram. Yəni, bu, ən kiçik minimumu təşkil edir. Nəqletmə infrastrukturu olan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, o genişləndirilməlidir. Lakin yenə sual yaranır: necə? Kredit vəsaitləri və korporativ vəsaitlər hesabına. Burada biz belə bir nöqtəyə gəlib çıxırıq: Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Bu, strategiyadır və hamımız bilirik ki, həmin Bank Avropa Komissiyasına tam inteqrasiya olunub. Özünün faydalı qazıntı səhifəsini rəsmən tam bağlamasa da, Avropa Yenidənqurma və İnkişaf Bankı həmin sahə üçün çox kiçik hissə saxlayır. Bu ilin yanvarında Davosda bu bankın prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım. Mən bir neçə gün əvvəl, Almaniya Prezidentinin səfəri zamanı da bu məsələni qaldırdım, çünki Avropanın aparıcı ölkəsi kimi Almaniya həmin siyasətə təsir etmək üçün bir çox vasitələrə malikdir.

Aprelin 4-də Məşvərət Şurasında çıxışım zamanı bu məsələni açıq qeyd etdim. Sonra Avropanın enerji komissarı ilə də görüş zamanı bu məsələni qaldırdım. Bir sözlə, bu, bir nömrəli məsələdir. Faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır. Onların yubanmaması üçün bir baxsınlar ki, Prezident Tramp faydalı qazıntı ilə bağlı nə edir!

İkinci mühüm meyar uzunmüddətli müqavilələrdir. Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir.

Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir.

Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Yeri gəlmişkən, dörd qiqavat yalnız başlanğıcdır. Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq.

Xorvatiyaya gəldikdə, biz ötən il həmin ölkəyə qazı təchiz etməyə başladıq. Hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, sonunculardan 8-i isə Avropa İttifaqının üzvüdür. Siz, həmçinin Albaniyanın qazlaşdırılmasını qeyd etdiniz. Sadəcə, sizi məlumatlandırmaq istərdim ki, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycan sərmayələri sayəsində həyata keçiriləcək. Beləliklə, o, artıq razılaşdırılıb. Alban hökuməti həmin şəhəri seçdi və düşünürəm ki, bu il biz qazlaşdırmağa sərmayə yatırmağa başlayacağıq. Bu sahədə təcrübəmiz var.

Biz Gürcüstanın qazlaşdırılmasına artıq böyük sərmayələr yatırmışıq, düşünürəm ki, indi orada qazlaşdırmanın səviyyəsi təxminən 80 faiz təşkil edir. Biz öz vəsaitlərimizlə başladığımız zaman həmin səviyyə 30 faiz təşkil edirdi. Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma var, lakin məhduddur. Bu gün Bolqarıstan öz qaz istehlakının təxminən 50 faizini Azərbaycandan təmin edir və biz digər ölkələrdə də eyni addımı atmağa hazırıq. Yeri gəlmişkən, Xorvatiyaya gəldikdə, işimiz yalnız qazlaşdırmanın və ya qaz təchizatının müzakirəsi ilə məhdudlaşmır. Energetikaya aid digər məsələlər də var. Sağ olun. Bu suala görə minnətdaram, çünki mən həmin mühüm məsələni Avropadakı tərəfdaşlarımızın diqqətinə bir daha gətirə bildim.

Hikmət Hacıyev: Ömər Aşur, Qətər və Birləşmiş Krallıq.

Ömər Aşur: Çox sağ olun, cənab Prezidenti. Burada olmaqdan məmnunam və mənim üçün şərəfdir. Bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Mən Sizi həm ərazilərin azad edilməsi, həm dünən gördüyümüz yenidənqurma işləri ilə bağlı bir daha təbrik edirəm. Mən Qətərdəki Doha İnstitutunu və eyni zamanda, Birləşmiş Krallığın Ekseter Universitetini təmsil edirəm. Sualım Ukrayna ilə bağlıdır. Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir? Hazırda müharibə vəziyyəti demək olar ki, 12 ildir davam edir. Müharibə həm qlobal, həm regional məsələlərə, o cümlədən Qafqaz, Avropa, Orta Şərq, hətta Hind və Sakit okean regionlarına təsir göstərir. Böyük hərbi və diplomatik nailiyyətləri əldə etmiş ölkənin Prezidenti kimi həmin müharibənin sonunu necə görürsünüz? Sağ olun.

Prezident İlham Əliyev: Birincisi, Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq. Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”.

Bəli, biz də istəyirik. Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir. İkincisi, atəşkəs hansı mənada olacaq? O da vacibdir, çünki onun şərtləri müharibəni dayandırmaq arzusunda olanlar üçün çox vacibdir ki, onlar nə haqda danışıldığını aydın anlasınlar. Hamı deyir, mən istəyirəm müharibə dayansın.

Bəli, gəlin bunu alqışlayaq. Bəs sonra necə? Dayandırmaq – hansı mənada? Yəni, topdan atəş, hava bombardmanı, snayper atəşi, təxribat qrupları olmayacaq? O, hansı mənada olacaq? Rusiya ilə Ukrayna qoşunları arasında təmas xətti bizimki ilə müqayisədə xeyli uzundur. Bəli, bu gün fərqli görünür. Bizə gəldikdə, təmas xətti Ermənistanın xeyli xeyrinə idi, çünki təbiətin relyefi onlara üstünlük verərək onları qoruyurdu və əslində, işğalı davam etdirməyə şərait yaradırdı. Üstəgəl, 26 illik atəşkəs dövründə, onlar bəzən beş, bəzən altı və hətta ondan çox səngər, tikanlı məftil və mina zolaqları kimi istehkam xətlərini yaratmışlar. Hər həftə mina partlayışına görə bizim itkilərimiz olur. Təxminən 400 şəxs minaya düşüb. Onlardan 70-dən çoxu həyatını itirib, qalanları ciddi bədən xəsarəti alıb. İnsanlar Ukraynada atəşkəs və ya sülh haqqında danışanda onlar qoşunlara nəzarət etməyin nə dərəcədə çətin olduğunu anlayırlarmı? Ukrayna və Rusiya ordularında nizam-intizam səviyyəsi nə yerdədir? Bilmirəm. Bəlkə də bilirəm, lakin şərh vermək istəmirəm. Azərbaycan Ordusunda nizam-intizam səviyyəsi yaxşı məlumdur. Biz Ali Baş Komandanın bircə əmri ilə Xankəndinin yaxınlığında dayandıq. Digər tərəfdən, həmin təmas xətti təhlükəsiz və etibarlı olacaqmı? Vasitəçi olmağı arzulayan dairələr həmin təmas xəttində beynəlxalq sülhməramlıları tələb edəcəklərmi? Onlar işğal illəri ərzində bunu bizdən tələb etdilər. Birləşmiş Ştatlar, Rusiya və Fransanın ümumi mesajlarından biri təmas xəttinə, belə demək olarsa, sülhməramlıların gətirilməsi idi. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar bizdən işğal ilə barışmağı istəyirdilər. Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq.

Düşünürəm ki, bu, ədalətli və realist görünmür, çünki “gəlin müharibəni dayandıraq” kimi yaxşı sözləri söyləmək işin bir hissəsidir. Onun digər hissəsi, daha dərinə baxmaq və yaxın vaxtlarda müharibədən çıxmış ölkələrdən soruşmaq ki, dayanıqlı sülhü qurmaq üçün hansı razılaşmalar lazımdır? 1994-cü ilin mayından Ermənistanla atəşkəs olduqdan sonra müharibə heç zaman dayanmamışdır. Müxtəlif toqquşmalar olmuşdur. Daha sonra, 2016-cı ilin aprelində biz ermənilərə göstərdik ki, onlar ərazilərimizdən çıxmalıdır və biz genişmiqyaslı hərbi əməliyyatlara girmək istəmədik. Bu səbəbdən, o, cəmi üç gün çəkdi. Lakin biz onlara göstərdik ki, ərazilərimizi azad edə bilərik və kiçik də olsa azad etdik. Lakin onlar bundan dərs çıxarmadılar. Sonra isə digər bir neçə hadisə oldu. 26 il ərzində snayper müharibəsi heç zaman dayanmadı və hətta indi Ermənistan tərəfindən sərhədimizdə çoxsaylı atəşləri görə bilərsiniz və bizimkilər atəş açanda, bu, yalnız cavab atəşi olur. Ermənistan ordusunda nizam-intizam çox aşağıdır.

Onlar orduda heç zaman xidmət keçməmiş şəxsləri və ya 30 il əvvəl xidmət keçmiş şəxsləri çağırırdılar. Mülki şəxslərdən ibarət yaraqlı qruplarını, veteran qruplarını yaradırdılar. Adi orduda xidmət keçməmiş şəxsləri cəlb edirdilər, çünki Ermənistanda insan ehtiyatları çatışmırdı. Bir sözlə, bütün bu suallar, əlbəttə ki, böyük mövzuya aiddir və bu haqda biz saatlarla danışa bilərik. Lakin əsas məsələ yenə də həll olunmasa, bunun nəticəsi olmayacaq. Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir.

tag: Prezident,İlham Əliyev,Bakı,Forum,Todaypress.az,