Prezident İlham Əliyev Xocalı hava limanında oldu - YENİLƏNDİ
Siyasət
05.07.2024 16:29
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.
TodayPress xəbər
verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL)
prezidenti Samir Rzayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin
başçısına görüləcək işlər barədə məlumat verdilər.
Qeyd edək ki, Xocalı
rayonunda Xankəndi şəhərindən 10 kilometr şimal-şərqdə, mürəkkəb relyefli ərazidə
yerləşən Xocalı Hava Limanı 1974-cü ildə istismara verilib. 2020-ci ildə Birləşmiş
Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı - Beynəlxalq Mülki Aviasiya Təşkilatı
(ICAO) Xocalı Hava Limanına UBES indeksi verməklə onun Azərbaycana məxsus
olduğunu təsdiqləyib.
Bildirildi ki, dəniz
səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5
hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir
uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində
hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.
Məlumat verildi ki,
Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra
təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-enmə
zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək. Hava
limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada
ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması
planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə
həyata keçiriləcək, hava limanı ən müasir səviyyəyə çatdırılacaq.
Diqqətə çatdıraq ki,
işğaldan azad olunan ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması
istiqamətində həyata keçirilən işlər arasında hava nəqliyyatı infrastrukturunun
yaradılması xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının xüsusilə diqqət mərkəzində
saxladığı bu sahədə görülən işlər nəticəsində Vətən müharibəsindən qısa müddət
sonra – 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan Beynəlxalq
Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının tikintisinin
isə bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Xocalı Hava Limanında
görüləcək işlər bölgənin inkişafına əlavə töhfə verəcək.
tag: Prezident, İlham Əliyev, Xocalı Hava Limanı,Azərbaycan,Mətbuat Xidməti, todaypress.az,