Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
Siyasət
12.07.2024 01:13
İyulun 11-də İslamabadda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
TodayPress xəbər
verir ki, əvvəlcə Pakistanın Baş naziri çıxış edib.
Baş nazir Məhəmməd Şahbaz Şərifin bəyanatı
-Mənim əziz qardaşım Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev. Azərbaycan nümayəndə heyətinin hörmətli
üzvləri, Pakistan nümayəndə heyətinin hörmətli üzvləri, xanımlar və cənablar.
Əssalamu-aleykum.
Əziz qardaşım, Sizi Pakistanda
salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Siz öz dəyərli
vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri
Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur.
Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət
edir. Cənab Prezident, 2023-cü ildə məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı
xatirimdədir. Səxavətiniz və çox səmimi qonaqpərvərliyinizlə bağlı o xoş anları
hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş
onun dadına bir də baxa bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm ölkənizi yenə
də ziyarət etməliyəm. İnşallah, noyabr ayında gələcəyəm.
Zati-aliləri, bu gün çox məhsuldar
təkbətək görüşümüz və sonra geniş tərkibdə görüşümüz oldu. Bu müzakirələrin qarşılıqlı
inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən
yüz milyon dollardan az olan və dostluğumuzu, qardaşlığımızı əks etdirməyən
ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşılıqlı fayda
verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və
sarsılmaz dəstək əsasında aparıldığından çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz
onilliklər ərzində davam edir və hər iki ölkə arasında bayaq qeyd olunduğu kimi
bu münasibətlər səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq, biz
urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən
uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli
dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə
düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə
bir-birimizin yanındayıq.
Pakistan həmişə sizin
Qarabağla bağlı mövqeyinizi dəstəkləmişdir və sizin Qələbəniz ədalətin hərtərəfli
təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq
işinizi dəstəkləyib. Eynilə mənim əziz qardaşım, Siz həmişə kəşmirlilərin haqq
işini dəstəkləmisiniz. Mən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə
müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən
artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə
digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən
dost və qardaş ölkələrdən olmuşdur. Mənim əziz qardaşım, böyük məmnunluqla
böyük qardaşım Baş nazir Nəvaz Şərifin hakimiyyətdə olduğu dövrdə - 2017-ci ildə
Pakistana səfərinizi xatırlayıram. Tarix yenidən təkrarlanır. Bu gün Siz
Pakistanı ziyarət edirsiniz. Mən Nəvaz Şərifin kiçik qardaşı olaraq Pakistan
hökuməti və xalqı adından Sizi qəbul edirəm.
Bugünkü ətraflı söhbət zamanı
biz ikitərəfli ticarətimizi genişləndirməklə bağlı razılığa gəldik. Biz, həmçinin
birgə əməkdaşlıq və birgə investisiya sahələrini müzakirə etdik. Qardaşım
Prezident, icazənizlə deyim ki, biz qarşılıqlı mənfəətli layihələrə ilkin
olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə apardıq. Bu
gün biz bununla bağlı ilkin müzakirələr apardıq. Sabah isə iki ölkənin nümayəndə
heyətləri ilə rəsmi müzakirələr aparılacaq və sonra ümidvaram ki, mən noyabrda
sizin möhtəşəm ölkənizə səfər edəndə, o vaxta qədər hər iki tərəf ilkin olaraq
2 milyard dollar dəyərində razılaşmaları imzalamağa hazır olacaq. İnşallah, bu
göstəriciləri qarşıdakı illərdə milyardlarla dollaradək artırmaq üçün hər iki tərəfin
böyük potensialı var. Əminəm, hər iki tərəf, xüsusilə Pakistan tərəfi qardaş
ölkəmiz olan Azərbaycanın bu sürətinə çatmaq üçün gərgin işləyəcək ki, biz bu
müzakirəni həqiqi fəaliyyətə çevirə bilək.
Əziz qardaşım, son olaraq
Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşdığınız bir vaxtda mən Sizə və hökumətinizə
ən xoş arzularımı çatdırmaq istərdim. COP29 inkişaf etməkdə olan bütün ölkələr,
o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq. Biz əminik ki, Sizin
müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə
olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.
Əziz qardaşım, Pakistana səfərinizə
görə Sizə bir daha minnətdarlığımı bildirmək və təkrarlamaq istərdim ki,
Zati-alinizin səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq. Bu səfər,
həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni
dövrünü açacaq. Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən
ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması
planı təqdim olundu. Üzünüzü göstərmək istərdinizmi? O, özünün abadlaşdırma
planını təqdim etdi. Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük,
indi isə Bakıdan nümunə götürürük. Onun komandası bu yaxınlarda İslamabada səfər
edəcək. Daxili işlər naziri də buradadır. Heyətin rəhbəri bu fürsətdən istifadə
edib İslamabadı Bakıya oxşadacaq. Bu, İnşallah, sizə məşhurluq gətirəcək. Mən
bir daha Sizə təşəkkürümü bildirmək və fikirlərinizi ifadə etmək üçün söz vermək
istərdim. Təşəkkür edirəm.
x x x
Sonra dövlətimizin başçısı bəyanatla
çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Baş nazir, əziz
qardaşım. İlk növbədə, dəvətə görə bir daha minnətdaram. Sizin gözəl ölkənizdə
yenidən səfərdə olmaq böyük şərəfdir. Biz görüşəndə əziz qardaşımdan xahiş
etdiyim ilk məsələlərdən biri salamlarımı və hörmətimi mənim çox hörmət etdiyim
və 7 il əvvəl burada - bu binada görüşdüyüm qardaşım, Baş nazir Nəvaz Şərifə
çatdırmaq oldu. İndi isə mən böyük qardaşımıza hörmətimi kameralar qarşısında
ifadə etmək istəyirəm. Mənim Pakistana 7 ildən sonra qardaşımın qardaşı Baş
nazir olduğu zaman səfər etməyim rəmzi məna kəsb edir.
Bizim qardaşlığımız
xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə
əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da
artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları
artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət
edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar
bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu
bağlantı böyük sərvətdir.
Bu gün Pakistan ilə Azərbaycan
arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və
dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə
bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız
bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində
bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan
sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda
qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll
olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi
biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq
hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.
Biz, bütün Azərbaycan xalqı
yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən
biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək
və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin
birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə
Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında
Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və
Türkiyənin bayraqları var idi.
Biz Nazirlər Kabinetinin üzvlərinə
bütün lazımi təlimatları vermişik. Onlar artıq təmas qurublar. Sabah səhər əziz
qardaşımla növbəti görüşdən öncə onlar layihələri nəzərdən keçirmək və təhlil
etmək məqsədilə yenidən görüşəcəklər. Yatıracağımız sərmayələrin ilkin həcmi, əziz
qardaşımın qeyd etdiyi kimi, təxminən iki milyard dollardır. Biz energetika,
infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq
etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə,
biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət
və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı.
Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt
apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla
biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini
mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz
ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin
bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət
düşür. Qardaşım ondan ayağa qalxmağı xahiş etdi ki, İslamabadda hər kəs onu
tanısın. Bu abadlıq işlərində iştirak etmək böyük məsuliyyət və şərəfdir.
Buyurun, əyləşin. Sizə deyə bilərəm ki, mən artıq qardaşımın xahişi ilə onu və
onun heyətini ezam etdim və onlar müəyyən vaxt ərzində burada olublar. Onlar
hörmətli Baş nazirə təqdim etdiyimiz layihənin ilk variantını hazırlayıblar.
Onlar baxacaqlar, nəzərdən keçirəcəklər və əgər layihə təsdiqlənərsə, o, öz heyəti
ilə dərhal buraya gələcək və gözəl şəhəri daha da gözəlləşdirmək üçün hər şeyi
edəcəklər.
Qardaşlığa görə sağ olun,
qardaşım. Dəstəyinizə görə sağ olun. Bir il öncə - iyun ayında Azərbaycana
etdiyiniz səfər, deyərdim ki, bir növ sıçrayış oldu. Biz hər zaman bir-birimizi
dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr,
sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki
elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün
planlarımız icra olunacaq.
Dəvətə, qonaqpərvərliyə görə bir daha minnətdaram və qardaş Pakistan xalqına ən xoş arzularımı çatdırıram.
***
20:22
İyulun 11-də İslamabadda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
tag: Prezident, Azərbaycan, todaypress.az,Pakistan,Bəyanat,