Prezident İlham Əliyev TDT-nin Baş katibini Şuşada qəbul etdi - YENİLƏNDİ
Siyasət
05.07.2024 17:59
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının
Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
TodayPress xəbər
verir ki, Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatının
dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünə
və bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi. Zirvə görüşünün əhəmiyyətinə
toxunan Baş katib Türk Dövlətləri Təşkilatının yalnız rəsmi deyil, eyni
zamanda, qeyri-rəsmi Zirvə toplantısını da ölkələrimiz arasında əməkdaşlığın və
tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirdi.
Zirvə toplantısının nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib
mövzulara həsr olunduğunu və bu məsələlər üzrə türk dövlətləri arasında əməkdaşlığın
daha da genişləndirilməsinin vacibliyini qeyd etdi. O, nəqliyyat və əlaqələr
sahələrində çoxtərəfli əməkdaşlığın önəminə toxundu və bunun Türk dünyasının
güclənməsinə əməli töhfə verəcəyinə əminliyini bildirdi. Kubanıçbek Ömüralıyev
bu xüsusda Orta Dəhlizin əhəmiyyətini vurğuladı.
Türk Dövlətləri Təşkilatının
Baş katibi qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda
duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd etdi və bunu
tarixi bəyanat kimi dəyərləndirdi. O, həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatı
çərçivəsində sahəvi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də yeni təşəbbüslərlə
çıxış etməsinin alqışlandığını və çox müsbət qiymətləndirildiyini dedi. Təşkilatın
katibliyinin strukturunun yenilənməsinə, ştat vahidinin artırılmasına və quruma
göstərilən maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Dövlət başçısı Azərbaycanın
xarici siyasətinin ən prioritet istiqamətlərindən birinin Türk dünyası olduğunu
qeyd etdi və Azərbaycan Milli Məclisində andiçmə mərasimində çıxışı zamanı Türk
dünyasının bizim ailəmiz olması barədə bəyanatını bir daha xatırladı.
Prezident İlham
Əliyev təşkilata üzv dövlətlərin dövlət və hökumət başçıları ilə təşkilatın
gündəliyində duran məsələlərlə bağlı ətraflı müzakirələr aparacağına və bu Zirvə
görüşünün təşkilat çərçivəsində tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə
əminliyini bildirdi, qeyri-rəsmi Zirvə toplantısının müntəzəm xarakter
daşıyacağına ümidvar olduğunu dedi.
Dövlət başçısı
Naxçıvan Sazişinin imzalanmasından etibarən Türk Dövlətləri Təşkilatının uğurlu
inkişaf yolu keçdiyini və hazırda onun dünyada böyük nüfuza malik beynəlxalq təşkilatlardan
biri olduğunu vurğuladı.
Azərbaycan
Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin
tarixi xarakter daşıdığını və bunun əməkdaşlığımızın müxtəlif sahələrdə
inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirdi.
Baş katib COP29
münasibətilə dövlətimizin başçısına bir daha təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını
bildirən Prezident İlham Əliyev COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin iqlim dəyişikliyi məsələlərinə dair müxtəlif təşəbbüslərlə çıxış
etməsinin və birgə tədbirlərin keçirilməsinin önəminə toxundu.
***
14.55
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının
Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
TodayPress xəbər
verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Prezident,İlham Əliyev, Şuşa, Kubanıçbek, TDT, todaypress.az,