Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərin açılışında iştirak etdi - FOTOLAR - YENİLƏNDİ
Siyasət
05.07.2024 17:26
Prezident İlham
Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında
iştirak edib. TodayPress xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin
Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına kompleksdə
yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Vətən
müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən
tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə
milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı
istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri
aparılıb.
İstirahət
kompleksində 4 qonaq evi və bir restoran yerləşir.
***
Prezident İlham
Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən
sonra açılışında iştirak edib. TodaPress xəbər verir ki, dövlət başçısına Mərkəzdə
yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, dördmərtəbəli
binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri,
KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı)
filialları fəaliyyət göstərəcək. Burada
fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi
nəzərdə tutulur. Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin
edilib. Diqqətə çatdırılıb ki, buradakı Şuşa regional “ASAN xidmət” mərkəzində
21 nəfər çalışacaq. İşçilərin hamısı Şuşada qeydiyyatda olan vətəndaşlar
arasından (köç siyahısından) seçilib.
***
Prezident İlham
Əliyev iyulun 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak
edib. TodayPress xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Təxirəsalınmaz Tədbirlər
Proqramına əsasən Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin
qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə
suyun verilməsi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər su mənbəyi -
Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral
su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın
20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.
Şəhərin perspektiv
inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində
məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması
layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında,
Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos
stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni kəmər
inşa edilib. Eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan
Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi
diametri 426 və 530 millimetr olan borularla əvəzlənib. Beləliklə, 2022-ci ilin
dekabrında Şuşaya yeni mənbədən suyun verilməsi nəticəsində evlər, dövlət
qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər
fasiləsiz içməli su ilə təmin edilib.
Qurğuda 12 qum süzgəci,
daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı
və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq
istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı
sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Layihənin növbəti mərhələsində
Şuşa şəhərinin dayanıqlı su təchizatı məqsədilə məhsuldarlığı sutkada 8 min
kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə
tutulur. Şuşa şəhərinin su təchizatının dayanıqlılığının təmin olunması məqsədilə
ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Həmin anbarlardan
birinin tikintisi davam etdirilir.
Bildirilib ki, 2040-cı
ilə Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı,
kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin
orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. Şəhərə içməli su
mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından
veriləcək.
Şəhərin Baş planına
uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44
kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa
olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi
məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda
emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına
axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında
idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi,
hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə
tənzimlənəcək.
Prezident İlham
Əliyev Şuşa sutəmizləyici qurğular kompleksini işə salıb.
***
Prezident İlham
Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında
iştirak edib. TodayPress xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin
köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat
verdi.
Bildirilib ki, 2021-ci
ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi
ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən
olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən
geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər
Ağa məscidində aparılıb.
Bərpa işləri zamanı
Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar
aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən
divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni
vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də
konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı
erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Qeyd edək ki, məscid
ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi
Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” mövzusundakı bu
ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində
ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri,
ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə
dair məlumatlar, foto və videomateriallar yer alıb.
***
10.53
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət
kompleksinin açılışında iştirak edib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa sutəmizləyici qurğular
kompleksinin açılışında iştirak edib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin
bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri
Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
tag: Prezident, İlham Əliyev, Şuşa, İsa Bulağı,Aşağı Gövhər Ağa məscidi, todaypress.az,