Prezident İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi-YENİLƏNDİ
Siyasət
01.09.2024 13:25
Sentyabrın 1-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər
naziri Marko Curiçi qəbul edib.
TodayPress xəbər verir
ki, Serbiyanın xarici işlər naziri Prezident Aleksandar Vuçiçin salamlarını
dövlətimizin başçısına çatdırdı.
Azərbaycanda keçirilən
növbədənkənar parlament seçkiləri ilə bağlı uğurlar arzulayan Marko Curiç
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətləri məmnunluqla
qeyd etdi.
Serbiyanın xarici işlər
naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı,
ölkəmizin qlobal müstəvidə yeni tərəfdaşlıq şəbəkələri və münasibətləri
qurduğunu vurğuladı.
Prezident İlham Əliyev
Aleksandar Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da
salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.
Prezident Vuçiçlə həm
Azərbaycanda, həm də Serbiyada görüşlərini məmnunluqla xatırlayan dövlətimizin
başçısı vurğuladı ki, onun Serbiya Prezidenti ilə olan dostluq və tərəfdaşlıq əlaqələri
ikitərəfli münasibətlərimizin inkişafına ciddi təkan verir.
Serbiyanın Azərbaycanın
dostu və strateji tərəfdaşı olduğunu, ölkələrimiz və xalqlarımız arasında səmimi
münasibətlərin qurulduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, bunlar əməkdaşlığın
bütün sahələrdə inkişafında özünü göstərir. Dövlətimizin başçısı vurğuladı ki,
Azərbaycanla Serbiya arasında dostluq əlaqələri təkcə ikitərəfli münasibətlər
baxımından deyil, eyni zamanda regional müstəvidə Balkan və Qafqaz regionları
arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından çox vacib xarakter
daşıyır.
Prezident İlham Əliyev
qeyd etdi ki, Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün təmin olunması
prosesində ikili standartlar, ədalətsizlik, beynəlxalq hüququn norma və
prinsiplərinə zidd yanaşmalarla üzləşib. Lakin, bütün bunlara baxmayaraq, Azərbaycan
öz iradəsi ilə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib.
Görüşdə ölkələrimiz
arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın
enerji resurslarının digər Avropa ölkələrinə, o cümlədən Balkan ölkələrinə
ixracında Serbiyanın artıq tranzit rolunu oynadığı qeyd edildi. Ölkələrimizin
beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi, xüsusilə ərazi
bütövlüyü və suverenlik məsələlərində prinsipial yanaşmaları bir daha
vurğulandı.
Söhbət zamanı əməkdaşlığın
müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı.
XXX
11:57
Azərbaycan Prezidenti
İlham Əliyev sentyabrın 1-də Serbiyanın xarici işlər naziri Marko Curiçi qəbul
edib.
TodayPress xəbər verir
ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: İlham Əliyev, Prezident,Serbiya,XİN,Marko Curiç,todaypress.az,