Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
Siyasət
01.09.2024 11:14
Prezident İlham Əliyev
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.
TodayPress xəbər verir
ki, məktubda deyilir:
"Hörmətli Şavkat
Miromonoviç,
Əziz Qardaşım,
1 Sentyabr – Müstəqillik
Günü münasibətilə Sizi və Sizin simanızda bütün qardaş Özbəkistan xalqını öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş
arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin qətiyyətli
liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində sosial-iqtisadi inkişaf yolu
ilə dinamik şəkildə irəliləyən Özbəkistan mühüm uğurlara və nailiyyətlərə imza
atmışdır. Bütün bunların təməlində Sizin yorulmaz əməyiniz, rəhbərliyiniz
altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır.
Biz qardaş ölkənizin bütün uğurlarına, iqtisadi yüksəlişinə, dünyada və
regionda gündən-günə artan nüfuzuna sevinir, bundan qürur hissi duyuruq.
Bir neçə gün əvvəl gözəl
ölkənizə həyata keçirdiyim dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin
inkişafına yeni təkan vermişdir. Dövlətlərarası əməkdaşlığımızı daha da dərinləşdirmək
əzminizi yüksək qiymətləndirir, müzakirə etdiyimiz planları ən qısa zamanda
reallaşdıracağımıza əminliyimi ifadə edirəm.
Fəxr ilə qeyd etmək olar
ki, möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Özbəkistan əlaqələri
hər keçən gün daha da inkişaf edir və yeni məzmunla zənginləşir. İkitərəfli əlaqələrimizin
bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı
inam və etimada əsaslanır.
İntensiv xarakter
daşıyan ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin nəticəsi olaraq əldə
olunmuş mühüm razılaşmalar, müəyyən edilmiş yeni tərəfdaşlıq istiqamətləri,
imzalanmış çoxsaylı sənədlər strateji tərəfdaşlığımızın yüksələn xətlə və hərtərəfli
inkişaf etdiyinin əyani göstəricisidir.
Əminəm ki, Azərbaycan-Özbəkistan
dostluğunun və qardaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da
genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsul fəaliyyətinizdə müvəffəqiyyətlər,
qardaş Özbəkistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq
arzulayıram".
tag: Prezident,İlham Əliyev,Özbəkistan,Şavkat Mirziyoyev,Təbrik,Məktub,todaypress.az,