Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanladı
Siyasət
10.10.2024 11:05
Prezident İlham Əliyev COP-öncəsi tədbirinin
iştirakçılarına müraciət ünvanlayıb.
TodayPress-in məlumatına görə, mətndə
deyilir:
"Hörmətli nazirlər,
Xanımlar və cənablar,
Mən sizi Bakıda keçirilən COP-öncəsi
tədbirində salamlayıram.
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə
təsir edir, ancaq inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır.
Bu, qlobal miqyasda insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı
İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur.
Burada Azərbaycan da istisna deyil.
Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin
aşağı düşdüyünü görürük. Azərbaycan da su qıtlığı ilə də üzləşib.
Azərbaycan bu çağırışların öhdəsindən
gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və
yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik. Azərbaycan
2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Zəngin külək və günəş enerjisi
potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan
verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi
Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir.
Azərbaycan, həmçinin neft və qaz
hasilatından əldə etdiyi gəlirləri “yaşıl enerji”yə yatırır. Bu, açıq şəkildə
göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq
etmək istiqamətində addımlarımıza mane olmur.
Qlobal istixana qazı emissiyalarında
payının cəmi 0,1 faiz təşkil etdiyi ölkə kimi Azərbaycan daha kiçik emissiya
payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr
verə biləcəyi ilə bağlı bir nümunə göstərir.
Qlobal iqlim fəaliyyətinə dəstək vermək
əzmimiz COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsi
ilə nəticələndi.
Mən Azərbaycana verilən yekdil dəstəyi
beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr
edirik ki, Cənubi Qafqazda və bütün regionda ilk COP Azərbaycanda keçiriləcək.
İxtiyarımızda bir ildən az vaxtın
olmasına baxmayaraq, biz tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan
nailiyyətlər əldə etdik. Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti
nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP tədbirinə
hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir.
COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik”
şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə
əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə
almaq üçün hamını dinləyir.
Biz inkişaf etməkdə olan kiçik ada
dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini
prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə
mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər
Birliyi təşkilatı çərçivəsində dəstəyini göstərir.
Göstərilən səylərin davamlılığını təmin
etmək məqsədilə BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28, COP29 və
COP30-un sədrləri qismində “İqlim Troykası” təsis edildi.
Azərbaycan sülh, maliyyə, insan
kapitalı, su kimi bir sıra digər məsələlər üzrə 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət
Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda “COP atəşkəs
çağırışı” öz aktuallığını daha da artırmış olur.
Qeyd etmək lazımdır ki, bu ilin
sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun əməli fəaliyyətə başlaması
istiqamətində mühüm irəliləyiş əldə olunub.
Bununla belə, qarşımızda duran əsas vəzifə
inkişaf etməkdə olan, az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin
ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin
(NCQG) razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb
edir.
COP29-un sədri olaraq nə Azərbaycan,
nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilməz. Bizim rolumuz
danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq
ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. Azərbaycanın təşəbbüsü
ilə irəli sürülmüş innovativ “Şamaxı məsləhətləşmələri” iqlim üzrə danışıqların
gələcək inkişafı üçün səmərəli qeyri-rəsmi format rolunu oynaya bilər.
COP29-a hazırlığın son mərhələsinə
daxil olduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və
xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli məsuliyyətləri
olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini
günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə
kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək
üçün vaxt itirməyə haqqımız yoxdur.
Dəfələrlə vurğulandığı kimi, Bakı COP
tədbiri çoxtərəflilik üçün həlledici sınaq olacaq. Beynəlxalq ictimaiyyətin
uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur və Yeni Kollektiv Kəmiyyət Məqsədi
(NCQG) ilə bağlı razılaşma əldə olunmalıdır. Mən COP29-da bizim ümumi uğurumuz
kimi tarixə düşəcək tarixi razılaşmanın – “Bakı Sazişi”nin əldə olunmasını gözləyirəm.
Burada bəzi media qurumlarının Azərbaycanın
imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm.
Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə
aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz.
Mən yaşıl dünya naminə həmrəylik
ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək
Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını
salamlamağı arzulayıram.
Sonda sizə gələn ay Bakıda uğurlu nəticələrin
əldə olunması ilə nəticələnəcək səmərəli müzakirələrin keçirilməsini
arzulayıram.
Sağ olun".
tag: Prezident, İlham Əliyev , Müraciət, COP29, todaypress.az,