Prezident İlham Əliyev Olaf Şolts ilə görüşdü - YENİLƏNDİ
Siyasət
18.07.2024 21:53
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
TodayPress xəbər verir
ki, söhbət zamanı Prezident İlham Əliyevin bu ilin aprelində Almaniyanın
paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində iştirakı məmnunluqla xatırlandı, bu çərçivədə Olaf Şolts ilə
keçirilmiş görüş və müzakirə olunan məsələlər bir daha vurğulandı.
Almaniya Kansleri Ermənistan
ilə Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırdı.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin təşəbbüsü ilə
Azərbaycan Prezidentinin Kansler Olaf Şolts və Ermənistanın baş naziri Nikol
Paşinyan ilə keçirilmiş birgə görüşünün vacibliyi bildirildi.
Bunun ardınca Almaniya tərəfinin
dəstəyi və ev sahibliyi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin
görüşünün keçirildiyi qeyd olundu.
Dövlətimizin başçısı Ermənistan
ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin
delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları xüsusi qeyd
etdi, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və
prosesin bu xətt üzrə davam edəcəyini bildirdi.
Prezident İlham Əliyev qeyd
etdi ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını
və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın
konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın
Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli,
konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son
qoyulmalıdır.
Azərbaycan və Ermənistan
xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin dəstəyi
ilə keçirilmiş görüşündə də bu məsələlərin müzakirə olunduğu vurğulandı.
Görüşdə COP29-la əlaqədar
hazırlıq prosesi müzakirə olundu. Azərbaycan ilə Almaniyanın bu sahədəki əməkdaşlığı
təqdir edildi və yüksək qiymətləndirildi.
Dövlətimizin başçısı vurğuladı
ki, Azərbaycan COP29-la əlaqədar dünya ölkələri, xüsusilə Qlobal Cənub və
Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində
səylərini bundan sonra da davam etdirəcək.
Söhbət zamanı Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirildi.
Almaniya ilə Azərbaycan arasında
ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı və
qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
***
20:53
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Oksford, Olaf Şolts, todaypress.az,