Prezident İlham Əliyev iranlı həmkarını təbrik etdi
Siyasət
09.07.2024 21:30
İyulun 9-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud
Pezeşkiana zəng edib.
TodayPress xəbər verir ki, bu
barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Məsud
Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik
edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən
diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin
başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin
bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı ortaq dini-mədəni
köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan
sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın
inkişaf edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ölkələrimiz
arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini
vurğulayıblar.
Telefon söhbəti əsnasında Azərbaycan
və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham
Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.
Dəvəti məmnunluqla qəbul edən
İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində,
Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.
tag: Prezident, Azərbaycan, İran, todaypress.az,Zəng,