Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul etdi - YENİLƏNDİ
Siyasət
09.10.2024 16:55
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibinin
birinci müavini Amina Mohammedi qəbul edib.
TodayPress xəbər verir ki, Amina Mohammed BMT Baş katibinin salamlarını
dövlətimizin başçısına çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını
Antonio Quterreşə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı COP çərçivəsində
BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini dedi.
Qonaq ölkəmizdə
COP29-un təşkil olunması işində Azərbaycan Prezidentinin rəhbərliyini yüksək
qiymətləndirdi. O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP
gündəliyinin irəli aparılması üzrə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, Azərbaycan
nümayəndə heyəti ilə yaxşı əməkdaşlığın və əlaqələrin olduğunu vurğuladı.
Amina
Mohammed Gələcəyin Paktı sənədinə Azərbaycanın da qoşulmasını və onu dəstəkləməsini
yüksək qiymətləndirdi. O, iqlim dəyişikliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri
arasında birbaşa əlaqənin olduğunu bildirərək, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsində əldə etdiyi nailiyyətləri vurğuladı.
BMT Baş
katibinin birinci müavini Azərbaycanın sədrlik etdiyi COP-da əsas mövzunun
maliyyə məsələsi olacağına toxunaraq, yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar
beynəlxalq ictimaiyyət tərəfindən qarşıya yeni məqsədlərin qoyulacağına və onun
müəyyənləşdirləcəyinə ümidvarlığını ifadə etdi.
Dövlətimizin
başçısı COP-a hazırlıq prosesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası (UNFCCC) və Təşkilatın digər strukturları ilə əməkdaşlıqdan məmnunluğunu
bildirdi.
Azərbaycan
dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal
iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident
İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə etdi. Dövlətimizin
başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa
İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə
strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirdi ki,
bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır.
Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər
göstərdiyini bildirdi. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın
COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi
edəcək Braziliya ilə fəal işlər apardığını dedi.
Görüşdə
COP29-un təşkili və ölkəmizin bu mötəbər tədbirə sədrliyi ilə əlaqədar fikir
mübadiləsi aparıldı. Bakıda COP-öncəsi keçirilən tədbirin önəmi qeyd edilərək,
burada aparılan müzakirələrin COP29-un gündəliyinin müəyyən olunması baxımından
vacibliyi vurğulandı.
***
14.46
Azərbaycan Prezidenti İlham Əliyev
oktyabrın 9-da BMT Baş katibin birinci müavini
Amina Mohammedi qəbul edib.
TodayPress xəbər verir ki, məlumatı
Prezidentin Mətbuat Xidməti yayıb.
tag: Azərbaycan ,Prezident ,İlham Əliyev ,BMT , Amina Mohammedi ,todaypress.az,