Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi - YENİLƏNDİ
Siyasət
01.01.2025 00:01
Prezident İlham Əliyev 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan
xalqına müraciət edib.
TodayPress müraciəti təqdim edir:
"Əziz həmvətənlər.
2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza
qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf
etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında
müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür.
Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.
Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün
qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın
müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh,
əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan
sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.
2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir.
Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində
işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər
haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu
kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və
suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz
inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi
Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad
etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində
işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz
bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi
yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan
münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç
vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında
bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən
ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və
eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi
Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları
yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və
biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və
siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.
Ona görə Ermənistanın genişmiqyaslı silahlanma
kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il
bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın
silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq
siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü
illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna
çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi
bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında
onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik
edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici
dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura
bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara
bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri
qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır.
Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların
tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm,
Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq.
Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması,
Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün
vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç
vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə
alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti
xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə
hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.
Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə
alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu,
rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz
məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın
başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu
silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər
sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə,
vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün
deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura
isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə
olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən
ölkələr buna imkan vermir.
Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası
uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb,
onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30
mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə,
sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq
vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci
ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19
milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının
icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.
Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız
inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4
faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox,
qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta
ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta
ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün
Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək,
bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu
rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə
göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun
bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə
yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu
azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş
sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial
paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək.
Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.
Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci
ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə
280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə
də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına
baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim
diqqət mərkəzində olacaqdır.
Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə
bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və
hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır.
Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan
keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha
gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib.
Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi
Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət
təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu
on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya
yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası
aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun
arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan
xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən
vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı
bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq
Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə
son qoyulacaq. Hər halda, ümidlər böyükdür.
Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad
göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da
ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün
yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam.
Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə
yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər
ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə
qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə
bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə
rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin
iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza
dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.
Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram
münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq,
xoşbəxtlik, səadət arzulayıram.
Bayramınız mübarək olsun!"
***
23:57
Prezident İlham Əliyev 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan
xalqına müraciət edir.
TodayPress xəbər verir ki, dövlət başçısı
Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib.
tag: İlham Əliyev, Prezident, Təbrik, 31 Dekabr, todaypress.az,