Prezident Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışdı - YENİLƏNDİ
Siyasət
05.08.2024 21:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
avqustun 5-də Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Vinta Somenin etimadnaməsini qəbul etdi.
TodayPress xəbər
verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlət başçısı səfirlə söhbət etdi.
Azərbaycanın Burkina Faso ilə münasibətlərin hərtərəfli
inkişafında maraqlı olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında
bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların
mövcudluğunu bildirdi. Dövlətimizin başçısı iqtisadi-ticari sahədə əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi, Azərbaycanın
Burkina Fasoya investisiya yatırması imkanlarının araşdırılmasının önəmini
vurğuladı.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan
Azərbaycan Prezidenti, ilk növbədə, BMT-də, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyin
göstərilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın dörd
il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin
bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik,
neo-müstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirdi. Bu
xüsusda Fransanın həyata keçirdiyi neo-müstəmləkəçilik siyasətinin ikrah hissi
doğurduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini
ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət
altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə
beynəlxalq qeyri-hökumət hərəkatı çərçivəsində fəal iş apardığını bildirdi.
Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan
Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra
Fransanın əsl simasını nümayiş etdirdiyini, BMT-də, Avropa İttifaqında ölkəmizə
qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd etdi.
Söhbət zamanı dövlət başçısı Azərbaycanın Afrika İttifaqı
yanındakı səfirinə Afrika ölkələri ilə daha sıx münasibətlərin qurulması,
onlarla müxtəlif istiqamətlər üzrə ikitərəfli formatda konkret əməkdaşlıq məsələlərinin
planlaşdırılması barədə də təlimat verildiyini qeyd etdi.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir, ilk növbədə,
ölkəsinin lideri Brahim Traorenin salamlarını, eyni zamanda, dövlətimizin
başçısının yenidən Prezident seçilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə təbriklərini
Prezident İlham Əliyevə çatdırdı.
Dövlət başçısı salamlara və təbriklərə görə minnətdarlığını
bildirdi, onun da salamlarını Burkina-Fasonun liderinə çatdırmağı xahiş etdi.
Səfir Vinta Some Azərbaycan ilə ölkəsinin strateji səviyyədə
hərtərəfli əməkdaşlığa hazır olduğunu, yaxın vaxtlarda geniştərkibli Azərbaycan
nümayəndə heyətinin Burkina-Fasoya səfər edəcəyini vurğuladı. O, ölkələrimiz
arasında enerji, kənd təsərrüfatı, təlim, təhsil, terrorizmə qarşı mübarizə və
digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd etdi.
Vinta Some ölkəsinin Azərbaycanın müstəmləkəçiliyə qarşı
mübarizədə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi. O, Afrikanın
sahil regionunda baş verən proseslər haqqında məlumat verdi, artıq qitədə
panafrikanizm hərəkatının güclənərək yeni vüsət aldığını vurğuladı.
Səfir COP29-un təşkilində Azərbaycana uğurlar arzuladı və Burkina Fasonun da bu tədbirdə müvafiq səviyyədə təmsil olunacağını diqqətə çatdırdı.
15:58
Prezident İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin, Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin və Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev, Burkina Faso, Səfir, Etimadnamə, todaypress.az,