Prezident Avstraliyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ
Siyasət
05.08.2024 17:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya
İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls
Robert Armiteycin etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, səfir etimadnaməsini Prezident
İlham Əliyevə təqdim etdi.
Sonra dövlət başçısı
səfirlə söhbət etdi.
Prezident İlham Əliyev
səfirin ölkəmizə səfərlər edəcəyinə və Azərbaycanın hökumət nümayəndələri ilə
əlaqələrimizin gələcək inkişafı məsələlərinə dair səmərəli müzakirələr
aparacağına ümidvar olduğunu bildirib. Azərbaycan Prezidenti ölkələrimizin
bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, iqtisadi-ticari əlaqələrin
inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.
Siyasi münasibətlərə
toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında səmərəli əlaqələrin
olduğunu bildirib, lakin investisiya imkanlarından istifadə və ticarət
dövriyyəsinin artırılması sahəsində əməkdaşlığın hələ də lazımi səviyyədə
olmadığını qeyd edib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, səfir
fəaliyyətində bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini
əsirgəməyəcək.
Səfir Mayls Robert Armiteyc
Azərbaycanda olmağından böyük məmnunluq hissi keçirdiyi bildirib və qarşıda
əlaqələrimizin genişləndirilməsi üçün görüləsi çox işin olduğunu qeyd edib. O,
xüsusilə iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların
olduğunu diqqətə çatdırıb.
Mayls Robert Armiteyc
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz
arasında bu sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. O,
Azərbaycanın qısa vaxt ərzində COP29 Konfransının keçirilməsi üçün bütün zəruri
hazırlıq işlərini gördüyünü məmnunluqla qeyd edib, ölkəmizin kiçik ada
dövlətlərinə dəstəyinin, xüsusilə kiçik ada dövlətlərinin qarşıdan gələn Zirvə
toplantısında iştirakı məsələsini xüsusi vurğulayıb.
Səfir qeyd edib ki,
Avstraliya regionda davamlı sülhün bərqərar olunmasında və Ermənistan ilə
Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır.
Bu xüsusda Prezident İlham
Əliyev Azərbaycanın regional sülh gündəliyinin irəli aparılması üçün səylərini
bundan sonra da davam etdirəcəyini bildirərək, artıq regionda sülhün mövcud
olduğunu qeyd edib.
Görüşdə, həmçinin
ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdirilməsi, mədən sənayesi, yaşıl
enerji, gəmiqayırma və biznes dairələri arasında işgüzar münasibətlərin
yaradılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***
15.58
Prezident İlham Əliyev
avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Mayls Robert Armiteycin, Burkina Fasonun ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin və Pakistan İslam
Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev, Avstraliya, Səfir, Etimadnamə, todaypress.az,