Paşinyan və xalqı üz-üzə: Sülh istəyən tərəf bayraq yandırmır!
“Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması növbəti erməni psixoloji terroruna nümunədir”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Ermənistanda sülh prosesinə əngəl törətmək istəyən radikal, revanşist qüvvələr yenidən fəallaşmağa başlayıblar. Analitik hesab edir ki, bu, həm də Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi mübarizənin alovlanmasının əlamətidir.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh təşəbbüslərinə baxmayaraq, ölkədəki radikal qüvvələr, xüsusilə də kilsənin dəstəklədiyi revanşist dairələr sülhə mane olmağa çalışır və bu məqsədlə müxtəlif təxribatlara əl atırlar. Bu qüvvələrin bəzilərinin ölkə xaricindən idarə olunması isə vəziyyəti daha da mürəkkəbləşdirir”.
Ekspertin qənaətincə, indi Paşinyan hakimiyyəti daha çox siyasi manipulyasiyalarla məşğuldur. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə savaşa hazırlaşır:
“Bayraqların yandırılmasını pisləsə də, bu cür təxribatların qarşısını ala bilmir. Halbuki, Paşinyan sülh prosesinə əngəl törədəcək heç bir addımın atılmaması ilə bağlı çağırış etmişdi. Azərbaycan və Türkiyə bayraqlarının yandırılması isə sülh prosesinə əngəl törədə biləcək addımlardan biridir”.
Elçin Xalidbəylinin fikrincə, sülh sazişi imzalayacaq bir dövlətin bayrağının yandırılması faktiki olaraq buna qarşı çıxmaq anlamı daşıyır. Bu, olduqca təhlükəli bir prosesdir və Ermənistanın özünə zərər verəcək.
Qeyd edək ki, aprelin 23-də İrəvanda qondarma “1915-ci il erməni soyqırımı”na həsr olunan ənənəvi “məşəl yürüşü” zamanı Türkiyə və Azərbaycanın bayraqları yandırılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bu addımı pisləyib və qəbuledilməz hesab edib.
Türkan İsgəndərli
tag: Elçin Xalidbəyli,Politoloq,Ermənistan ,Paşinyan,Todaypress.az,
