Paşinyan erməniləri təlaşa salır: Qondarma “soyqırımı” iddiasına YENİ BAXIŞ
Siyasət
28.01.2025 10:20
“Ermənistan Baş naziri Nikol Paşinyan yavaş-yavaş "erməni soyqırımı" iddialarından geri çəkilir”.
Bunu TodayPress-ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, İsveçrədə diaspora nümayəndələrinin qarşısında Paşinyanın bu konteksdə çıxışı, onun bu məsələdə kardinal dəyişikliklər etmək istəməsinin anonsudur:
“Soyqırımdan imtina etmək, Erməni Qriqoryan kilsəsinin Paşinyana qarşı hücumlarına rəvac verə bilər. Hətta diasporanın bəzi təşkilatları və kilsənin Paşinyana qarşı sui-qəsd etmə ehtimalı da olduqca yüksəkdir. Uzun illərdir ki, erməni diasporu və kilsə qondarma “soyqırım” ideologiyasi ətrafında birləşib. Ermənistanın Baş naziri qeyd edib ki, “soyqırım” iddiaları SSRİ kluarlarında Türkiyənin NATO üzvü olduğu üçün təzyiq vasitəsi kimi yaradılıb. Bununla da "soyqırım"ın ermənilərin deyil, SSRİ rəhbərliyinin planı olduğu mesajını verib”.
Analitikin fikrincə, Türkiyə ilə Ermənistan arasında ciddi danışıqlar gedir. Məhz Ankaranın şərti ilə Nikol Paşinyan “soyqırım” siyasətindən imtina edir. Hətta bunun üçün tarixi-siyasi arqumentlər gətirməkdən çəkinmir. Bundan başqa, Ermənistan öz konstitusiyasından Türkiyəyə qarşı ərazi və soyqırım bəndlərini, dövlət gerbidən isə Ağrı dağı simvolunu çıxaracaq:
“Paşinyanın soyqırım iddialarından geri çəkilməsi 100 illik erməni ideologiyasına böyük zərbədir. Ankara və İrəvan arasında konfidensial danışıqlar iki ölkə sərhədlərinin açılması ilə nəticələnəcək. Türkiyə prosesi rəsmi Bakı ilə koordinasiya şəklində davam etdirir”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib. O, bu barədə Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə danışıb:
"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu".
Xatırladaq ki, daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan isə bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.
Töhfə Səməd
tag: NATO,i,