Paşinyan Davosa yollanır: Üfüqdə sülh işartısı görünür? – PROQNOZ

Siyasət

22.01.2025 18:09

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Davosda görüş baş tuta bilər”.          

Politoloq Oqtay Qasımov Paşinyanın yanvarın 23-də Davosa gedəcəyi ilə bağlı yayılan məlumatları TodayPress-ə şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın Baş nazirinin yanvarın 23-də Davos Ümumdünya İqtisadi Forumunda iştirakı artıq təsdiqlənib. Lakin hələ ki, onun Prezident İlham Əliyevlə görüşüb-görüşməyəcəyi məlum deyil. 

“Tərəflər 2024-cü ilin oktyabr ayında Kazan şəhərində görüş keçirmişdilər. Bu zaman danışıqlar kifayət qədər effektli və məhsuldar olmuş, ətraflı müzakirələr aparılmış və komanda üzvlərinə konkret tapşırıqlar verilmişdi. Lakin aradan keçən bu müddət ərzində biz Ermənistan tərəfindən hansısa operativ addımların atıldığını görmədik. Əksinə, ənənəvi siyasətə uyğun olaraq rəsmi İrəvan prosesi yavaşlatmaq və yaxud da əngəlləməklə məşğul oldu”.

Analitikin qənaətincə, bütün bunlara baxmayaraq, belə bir görüşün baş tutma ehtimalı olduqca yüksəkdir:  

“Təbii ki, görüş baş tutarsa, o zaman müzakirə olunacaq kifayət qədər mövzu da olacaq. Bunu isə sülh prosesində irəliyə doğru atılmış addım kimi dəyərləndirmək olar. Hər dəfə bu cür görüşlərdən sonra kiçik də olsa, nəticələr əldə olunur. Xatırladım ki, 2025-ci il yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. Burada artıq konkret qərar qəbul olunub və prosesin haradan başlayıb, hansı istiqamət üzrə davam edəcəyi ilə bağlı razılaşma əldə olunub. Bu baxımdan, əgər belə bir görüş baş tutarsa, əlbəttə ki, bu, proseslərə müsbət təsir göstərəcək”.        

Qeyd edək ki, Davos forumu bu il yanvarın 20-dən 24-dək keçiriləcək.

Töhfə Səməd

tag: Davos,Paşinyan,Təhlil,Forum2025,todaypress.az,

photo