Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi yolunda: Ermənistanın inadı sona çatır? – RƏY
Siyasət
18.01.2025 18:25
“ATƏT-in Minsk Qrupunun fəaliyyəti indiki məqamda olduqca məntiqsizdir. Faktiki olaraq, ATƏT-in Minsk Qrupunun mandatına uyğun bir münaqişə yoxdur”.
Politoloq Turan Rzayev bunu Ermənistan mediasının yayımladığı “Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin yayına qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət edəcək” məlumatını TodayPress-ə şərh edərkən bildirib.
Analitik vurğulayıb ki, Azərbaycan tərəfi uzun müddətdir ki, başda Prezident İlham Əliyev olmaqla rəsmi səviyyədə Minsk Qrupunun ləğvini, buraxılmasını təklif edir. Ermənistan bu qurumu israrla saxlayır:
“Hətta Azərbaycan məsələni elə bir həddə gətirib ki, hazırda Minsk Qrupunun ləğvi məsələsini sülh formatına daxil edib. Hesab edirəm ki, indi Minsk Qrupunun tamamilə ləğv edilməsi üçün rəsmi Bakı da İrəvan da müraciət edə bilər.
Bu məsələ daha çox İrəvandan asılıdır. Azərbaycan son bir ildir ki, onsuz da bunu deyir. Bu baxımdan da yaya qədər, əgər tərəflər arasında etimad mühiti formalaşar və razılıq əldə edilərsə, niyə də olmasın?! Bu, həm də münaqişənin qalan etapı baxımından ciddi bir irələyiş ola bilər.
O ki, qaldı sülh müqaviləsinin imzalanmasına, bunun üçün Ermənistandan çox şey asılıdır. Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması ilə bağlı şərtlərini açıq şəkildə bildirib və Ermənistan tərəfi konstitusiyada dəyişikliyə getməlidir. Daha doğrusu, Ermənistan konstitusiyasının müstəqillik bəyanatında Azərbaycan və ətraf ölkələrə ərazi iddiasını özündə ehtiva edən müvafiq bəndlərin dəyişdirilməsi lazımdır. Bunlar həll olunarsa, sülh müqaviləsinin önündə heç bir maneyə qalmaz. Bu yaxında delimitasiya ilə bağlı da ciddi bir irəliləyiş əldə edildi. Bu baxımdan sülh prosesinin önündə bir maneyə yoxdur. Bu, regionun gələcəyi üçün, eləcə də Azərbaycan üçün olduqca vacib bir məsələdir”.
T. Rzayev diqqətə çatdırıb ki, Ermənistan Azərbaycana qarşı destruktiv mövqeyindən əl çəkməzsə, silahlanmanı daha da sürətləndirsə, tərəflər arasında sülh müqaviləsinin imzalanması prosesi daha da uzanacaq və regionda eskalasiya riski artacaq.
Qeyd edək ki, erməni mətbuatı hökumətdəki mənbələrə istinadən Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ilin yayına qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət edəcəyini yazıb. Bildirilib ki, Paşinyan dəfələrlə ATƏT-in Minsk qrupunun buraxılmasının yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra mümkün olduğunu bəyan etsə də, indi mövqeyini dəyişib.
Günəş Mərd
tag: Paşinyan, Siyasi Rəy, OSCE, ATƏT, Xarici Siyasət,todaypress.az,