Paris iqlim sazişindən çıxmaq ABŞ üçün necə nəticələnəcək? - Politoloq Rəyi

Siyasət

16.11.2024 17:37

"Tramp biznesmendir və o, hesab edir ki, iqlimə xərclənən pullar itirilir".

Politoloq Natiq Miri bunu Vaşinqtonun Paris iqlim sazişindən yenidən çıxması ilə bağlı aparılan müzakirələri TodayPress-ə şərh edərkən bildirib. 

Onun sözlərinə görə, ABŞ-nin yeni prezidenti seçilən Respublikaçı Donald Tramp hələ də iqlim dəyişikliyi ilə bağlı məsələlərin nə qədər önəmli olduğunu anlamır:

"Bu məsələlər bütün dünyanı narahat edir. Bu gün həqiqətən də iqlimlə bağlı kiçik hadisələrin qarşısı alınmırsa, gələcəkdə bundan təkcə kiçik və zəif inkişaf etmiş ölkələr deyil bütün yer kürəsi zərər görəcək. Tramp hakimiyyəti isə bunu anlamamağda israr edir". 

Analitik hesab edir ki, ABŞ-nin Paris iqlim sazişindən çıxması hazırda gözləniləndir. Tampın biznesmen şüuru dəyişmədikcə də ABŞ-nin iqlim problemlərinə ayırdığı bütün maliyyələr heç bir müsbət nəticə verməyəcək. Paris iqlim sazişindən çıxmaq ABŞ eləcə də digər ölkələr üçün konkret ciddi nəticələr göstərməyəcək. Ancaq mənəvi-psixoloji və etimad baxımından Tramp hakimiyyəti və ABŞ böyük nüfuz itkisi yaşayacaq.

Qeyd edək ki, Respublikaçı Donald Tramp daha öncəki prezidentlik dövründə, 2017-ci ildə ABŞ-ni Paris iqlim sazişindən çıxarıb. 2021-ci ilin yanvarında isə Cozef Bayden ABŞ prezidenti olanda Vaşinqtonu Paris razılaşmasına qaytaran fərman imzalayıb.   

Günəş Mərd

tag: Paris,ABŞ, Tramp,Natiq Miri,Bayden,İqlim, todaypress.az,

photo