“Öhdəliklərindən yayınan Ermənistan şanslardan yararlanmalıdır” - POLİTOLOQ
Siyasət
23.01.2025 16:03
“Ermənistanın Baş naziri Nikol Paşinyan güzəştə getməyə məcburdur”.
Bunu Todaypress-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O, diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş nazirinin Davosda görüşünün baş tutub-tutmayacağı son günlərin siyasi diskursunun əsas mövzularından biridir:
“Sözügedən məsələ ilə bağlı Ermənistan mətbuatında belə bir fikir dərc olunub ki, hazırki hökumətdə məlumat təminatını həyata keçirən məsul şəxslər bu sualı bir-birilərinə ötürərək bu barədə ya zənglərə cavab verməyiblər, ya da yazılı sualı cavabsız qoyublar. Burada bir neçə nüans diqqəti çəkir. Ya qurumlar arası koordinasiya qopuqluğu mövcuddur, ya da Nikol Paşinyan öz kölgəsindən də ehtiyat edərək atacağı növbəti addımı nəinki hökumət üzvlərinə, heç yaxın silahdaşlarına da demir. Bəzi daxili reallıqlar bunu tələb edir. Eyni zamanda Paşinyan xarici havadarlarından razılıq almaq, məsləhətləşmələr aparmaq istəyir”.
Analitik qeyd edib ki, istənilən halda hər platforma ilk növbədə Ermənistan və prosesləri konstruktivizmə bağlamaq baxımından tərəflər üçün yeni bir imkan, fürsət pəncərəsi deməkdir:
“Bu şanslardan maksimum yararlanmaq lazımdır ki, problemlər dar çərçivədə, ikitərəfli kontekstdə həll olunsun. Həm də artıq sülh müqaviləsinin imzalanmasına can atan, təşəbbüs və maraq göstərən tərəf Ermənistan olmalıdır. Rəsmi İrəvan isə yöndəmsiz açıqlamalar verir, öhdəliklərindən yayınır, ən əsası isə sürətlə silahlanır. İndi ölkənin Baş naziri müxtəlif güzəştlərə getməyə məcburdur. Kommunikasiyaların açılması isə əsas məsələlərdən biri və birincisidir”.
Siyasətçinin qənaətincə, Nikol Paşinyan və Prezident İlham Əliyev arasında Davosda görüş baş tuta bilər. Belə bir görüşün keçiriləcəyinin öncədən açıqlanmaması isə onun baş tutmayacağı anlamına gəlmir. Çünki tərəflər arasında Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında 2024-cü il oktyabrın 24-də baş tutan görüş də əvvəlcədən açıqlanmayıb.
Qeyd edək ki, Ermənistan KİV Baş naziri Nikol Paşinyanın yanvarın 23-də Davos Ümumdünya İqtisadi Forumunda iştirak üçün İsveçrəyə yola gedəcəyi barədə məlumat yayıb.
Töhfə Səməd
tag: Ermənistan,Baş nazir,Nikol Paşinyan,Davos,todaypress.az,