NATO-ya doğru daha bir addım - Alyans Ukraynanın istəyini qəbul edəcək? - ŞƏRH
Siyasət
21.08.2024 14:52
Çex Respublikasnın Prezidenti Petr Pavelin açıqlaması Ukraynanın NATO-ya üzvlüyü məsələsini yenidən gündəmə gətirib. O, qeyd edib ki, Ukrayna bütün ərazisinə nəzarəti bərpa etmədən də Şimali Atlantika Alyansının bir hissəsi ola bilər.
Hərbi ekspert Azər Bayramov Petr Pavelin açıqlamasını TodayPress-ə şərh edərkən bildirib ki, Ukraynanın cari dövrdə NATO-ya üzv olması real görünmür. Çünki bunun qarşısını alan bir çox səbəblər var:
“Ukraynanın Rusiya ilə müharibə şəraitində olması, digər tərəfdən iqtisadi, siyasi və hərbi potensialının NATO-nun tələblərinə uyğun olmaması və bütün NATO-ya üzv ölkələrin yekdilliklə Ukraynanın üzv seçilməsi üçün səs verməməsi əsas səbəblər sırasındadır.
Hazırda məhz Avropa ölkələrinin arasında hətta Ukraynaya yardımla bağlı fikir ayrılıqları mövcuddur. Bütün bunlara ümumi kontekstdən baxdığımız zaman cari dövrdə Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi real görünmür”.
Ekspertin qənaətincə, Ukraynanın alyansa üzvülüyü istiqamətində müsbət dinamikanı müharibə bitdikdən və Rusiya-Ukrayna arasında hər hansı bir razılıq əldə olunduqdan sonra görə bilərik:
“Hazırda Ukrayna ordusu döyüş hazırlığı və döyüş təcrübəsi baxımından demək olar ki, bir çox Avropa ölkəsinin əsgərlərini üstələyir. NATO-nun təhlükəsizliyi üçün Ukraynanın alyansa üzv olması təşkilata üzv ölkələrin maraqlarına cavab verir. Üzvlük prosesində bu, xüsusilə nəzərə alınacaq”.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov isə bu barədə TodayPress-ə danışarkən NATO rəhbərliyinin Ukraynanın alyansa üzv olması məsələsinə ehtiyatla yanaşdığını deyib:
“Bu barədə hələki NATO rəhbərliyi bir fikir deməyib. Çünki ehtiyat edir. Belə bir vəziyyətdə NATO-ya Ukrayna lazım deyil. Ukraynanın indiki iqtisadi-sosial vəziyyəti çox aşağı səviyyədədir, ordusu NATO ölkələrinin verdiyi silahlarla döyüşür. Belə bir ölkənin NATO-ya üzv olma şansı isə yox səviyyəsindədir”.
Xatırladaq ki, NATO dəfələrlə alyansın “qapılarının” Ukraynanın üzünə açıq olduğunu bildirib. Lakin Ukrayna bu təşkilata qoşulmaq üçün əvvəlcə müharibəni dayandırmalı, bundan sonra bütün NATO ölkələri onun üzvlüyünə səs verməlidir.
Günəş Mərd
tag: NATO, Ukrayna, Alyans, Avropa,Azər Bayramov, todaypress.az,