“Müharibə zəngi” çalındı: Çin ABŞ-dəki seçki xaosundan BƏHRƏLƏNƏCƏK - TƏHLİL

Siyasət

21.10.2024 15:05

“Hazırda dünya həssas nöqtəyə gəlib. Ona görə, Çin indiki həssas məqamda bütün hadisələrə hazır olmağa çalışır”.

Politoloq Natiq Miri bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, indi Avropa sərhədlərində bitmək bilməyən Qərb-Rusiya qarşıdurması müşahidə olunur, bir tərəfdə - Yaxın Şərqdə isə vəziyyət qarışıb. HƏMAS-İsrail müharibəsi artıq Livan ərazisinə sirayət edir. Müharibənin Livan sərhədlərini də aşa biləcəyi ehtimalı var. Bütün bu amillər dolayısıyla ABŞ-ni zəiflədir. ABŞ bir neçə cəbhədə həm maliyyə, həm silah təchizatı baxımından müəyyən itkilərə uğrayır. Bu, əlbəttə ki, ABŞ-ni zəiflədir. Çin özü üçün yaranmış belə bir münbit mühitdə Tayvan problemini hərbi müdaxilə ilə həll etmək istəyə bilər:  

“Çin rəhbəri belə bir planının olduğunu gizlətmir və ABŞ də bunu bilir. Üstəlik Çin lideri Si Cinpin Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırış etməsi həm Tayvan rəhbərliyinə, həm də ABŞ və onun Asiyadakı müttəfiqlərinə bir mesajdır. Bu, dolayısıyla Tayvanı hər tərəfdən mühasirəyə almaq deməkdir. Bu açıqlama bir daha göstərir ki, Çin çox ciddi bir fürsət gözləyir. Belə bir fürsətin yarandığını gördükdə, Tayvana qarşı hərbi müdaxiləyə başlayacaq və bu müdaxilə başladığı təqdirdə Çin bu məsələni biryolluq həll etmək istəyəcək. Çünki uzanan bir müharibə Çin dövlətinin əleyhinə işləyə bilər”.         

Analitik hesab edir ki, Çin yeni müharibəyə başlasa, bundan bütün dövlətlər zərər görəcək. Eyni zamanda belə bir müharibənin olması Çinin mövqelərini gücləndirdikcə, ABŞ-nin regionda olan digər güc mərkəzləri Yaponiya, Avstraliya, Hindistan və Filippinin də mövqelərini zəiflədəcək: 

“Çin hesab edir ki, indiki vəziyyətdə Tayvana hücum edərsə, başda ABŞ olmaqla bütün regiondakı güc mərkəzləri Çinə qarşı böyük bir koalisiya yaradıb, ona qarşı Tayvana yardım edəcəklər. Bu məsələ həssas olaraq qalır. Ona görə Çin bütün bunların hamısını yalnız fors-major hala hazırlıq kimi qiymətləndirir. Bunun nə vaxt olacağını demək isə çətindir. Üstəlik noyabr ayında ABŞ-də prezident seçkiləri keçiriləcək. Sirr deyil ki, prezident seçkiləri dönəmində müəyyən bir baş qarışıqlığı olur. Çin əlbəttə ki, bundan da istifadə edə bilər".  

Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb. O, qeyd edib ki, hərbçilər müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı döyüş hazırlığını təmin etməlidirlər. Həmçinin Çin əsgərləri öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər. Xatırladaq ki, ÇXR sədri müvafiq bəyanatla Çin hərbçilərinin Tayvan yaxınlığında genişmiqyaslı təlimlər keçirməsindən bir neçə gün sonra çıxış edib.  

Günəş Mərd

tag: Çin, Si Cinpin, ÇXAO, ABŞ,HƏMAS,Asiya, Livan, Natiq Miri, todaypress.az,

photo