Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
Siyasət
08.10.2024 20:11
Oktyabrın 8-də Moskvada
Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını
qarşıladı.
İclasda iştirak edən dövlət və hökumət başçıları birgə
foto çəkdirdilər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə
iclası keçirildi.
Çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə verən Rusiya Prezidenti Vladimir Putin dedi: Buyurun, İlham
Heydər oğlu, söz Sizindir.
Dövlət başçısı iclasda çıxış edib:
- Hörmətli Vladimir Vladimiroviç.
Hörmətli həmkarlar.
Vladimir Vladimiroviç, əvvəlcə Sizi keçmiş doğum gününüz
münasibətilə bir daha təbrik etmək və Sizə möhkəm cansağlığı, əmin-amanlıq,
Rusiyanın dost xalqına isə yeni uğurlar və nailiyyətlər arzulamaq istərdim.
Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri
Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq
etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə
münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.
Fürsətdən istifadə edərək, Emoməli Şərifoviç Rəhmona
Tacikistan Respublikasının növbəti il MDB-də sədrliyində uğurlar arzulamaq və
keçmiş doğum günü münasibətilə bir daha təbrik etmək istərdim.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən,
Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin
mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə
Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki,
tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat
başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət
paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən
böyük minnətdarlıqla qarşılanıb.
Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək.
Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın
10-dan çox şəhərində keçiriləcək.
Fürsətdən istifadə edərək, Belarusu II MDB Oyunlarını
uğurla keçirməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və
qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıqda və onun
keçirilməsində bizim üçün çox faydalı olacaq.
Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29
iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın
Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin
Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.
Hörmətli həmkarlar, bu gün MDB dövlət başçılarının İkinci
Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək.
Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min
əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş
meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə
neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini
tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub,
göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir.
Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur
“Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.
Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min
yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan
416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali
Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan
atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin
girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid
Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə
sancdılar.
Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin
gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük
əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin
möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
Vladimir Putin: İlham Heydər oğlu, çox sağ olun.
Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş
tərkibdə davam etdirdi.
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında
müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirildiyini,
əlaqələrin uğurla inkişaf etdiyini bildirdi.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko
iclasda çıxış etdi və 1941-1945-ci illər müharibəsində Qələbənin 80 illiyi ilə
bağlı MDB xalqlarına və dünya ictimaiyyətinə birgə müraciəti oxudu.
Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya
Şurasının sədri Valentina Matviyenko çıxış edərək MDB ölkələrinin
parlamentlərarası əlaqələrindən, görüləcək işlərdən, nəzərdə tutulan
layihələrdən danışdı.
Daha sonra sənədlər imzalandı.
Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa
çatdı.
***
18:32
Moskvada MDB Dövlət Başçıları
Şurasının geniş tərkibdə iclası keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
tag: Prezident, İlham Əliyev, MDB, İclas, todaypress.az,