Moskva təklif etdi, Bakı etiraz etmədi, İrəvan isə düşünür - Sülh müqaviləsi imzalanacaq?

Siyasət

20.08.2024 15:15

“Rusiya çoxqütblü dünyanın formalaşmasında mühüm rol oynayır və bu istiqamətdə əsas güc mərkəzlərindən birinə çevriləcək”. 

Politoloq Əli Zülfüqaroğlu bunu, TodayPress-ə açıqlamasında bildirib.   

Onun sözlərinə görə, Rusiya vaxtilə Ermənistana kifayət qədər hərbi dəstək vermiş bir ölkə olsa da, artıq onun siyasəti dəyişib:

“Biz həm İkinci Qarabağ savaşında, həm də anti-terror tədbirləri zamanı Rusiyanın neytrallığını qoruyub saxladığını müşahidə etdik. Təbii ki, bu, Azərbaycan dövlət başçısının Rusiya ilə bağlı yürütdüyü effektiv xarici siyasətin nəticəsi idi. İkinci Qarabağ savaşından sonrakı danışıqlar prosesi zamanı da, Azərbaycan xaricdən gələn təzyiqləri neytrallaşdıra bildi və regional müstəvidə danışıqların aparılmasını şərt olaraq önə qoydu. Rəsmi Bakı 3+3 formatını təklif etdi. Ermənistan isə son zamanlar Rusiyanın uzun illərdir ona dəstək verməsinə, baxmayaraq, qərbyönümlü siyasət yürütməyə başladı”. 

Analitik qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yekun sülhün imzalanması üçün hazırda Rusiyanın Ermənistana kifayət qədər təsir etmək imkanları var:  

“İndiki məqamda Ermənistanın Rusiyadan qaz asılılığı kifayət qədərdir. Ermənistanın kənd təsərrüfatı məhsullarının daşınması üçün Rusiya bazarının alternativi yoxdur. Şimal qonşumuzun Ermənistanda hərbi bazası da var. Bütün bunlara rəğmən Ermənistan Birləşmiş Ştatlar və Fransa ilə əməkdaşlıq etməklə Kremlin maraqlarına qarşı fəaliyyət yürüdür. Bu, Rusiyanın siyasi elitası tərəfindən qıcıqla qarşılanır. Ona görə, rəsmi Moskvanın Ermənistana cavabı özünü çox gözlətməyəcək. Hətta sülhə məcburetmə tədbirlərini də müşahidə edə bilərik”. 

Politiloq hesab edir ki, Qərb Ermənistanı şirnikləndirərək sülhdən yayındırmağa və Ermənistanı növbəti Ukraynaya çevirməyə çalışır. Bu baxımdan Türkiyə və Rusiya faktoru yaxın zamanda önə çıxa bilər:

“Əgər danışıqlar prosesinin irəli aparılması üçün vasitəçiyə ehtiyac olarsa, Türkiyə və Rusiya daha təsirli və effektiv addımlar atmaqla bu missiyanı həyata keçirə bilər. Türkiyə nüfuzlü və regionun aparıcı dövlətidir. Eyni zamanda onun da Ermənistana təsir imkanları böyükdür. Ankara və Moskva Qərbə təzyiq edərlərsə, biz sülhün daha tez imzalanmasına nail ola bilərik”.

Qeyd edək ki, Kreml rəhbəri Vladimir Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və məlum üçtərəfli sazişlər əsasında sülh müqaviləsinin bağlanmasına hər cür yardım edəcəyini vurğulayıb. 

Günəş Mərd

tag: Ermənistan, Türkiyə, Rusiya, Azərbaycan, Ukrayna, Əli Zülfüqaroğlu, todaypress.az,

photo