Millət vəkili: “Təbii ehtiyatlarına görə, Ukraynanı çətin dövrlər gözləyir”

Siyasət

25.02.2025 17:35

1675

“ABŞ-nin Ukraynaya yatırdığı 500 milyard dollar qarşılığında nadir torpaq metallarına sahib olmaq istəyi geniş müzakirələrə səbəb olub. Bu, beynəlxalq siyasətdə qaydaların dəyişdiyini göstərir”. 

TodayPress xəbər verir ki, bunu Milli məclisin deputatı Vüqar Bayramov öz “Facebook” hesabında yazıb. 

O, əvvəlcə Ukraynanın təbii sərvətlərinə diqqət çəkib:   

“Ukrayna təbii ehtiyatlarla zəngin ölkədir və onun 26 trilyon dollardan çox dəyərə malik resurslara sahib olduğu güman edilir. Ölkədə 116 növ faydalı ehtiyatı əhatə edən təxminən 20 minə yaxın faydalı qazıntı yatağı var. Ukrayna titan, litium, uran, manqan kimi strateji xammallarla zəngindir”.

Deputata görə, bu ehtiyatlar müdafiə, aerokosmik sənaye və yaşıl enerji sahələrində mühüm rol oynayır və Qərb ölkələri bu təbii ehtiyatlarda çox maraqlıdır: 

“Elektrikli nəqliyyat vasitələri və bərpa olunan enerji texnologiyalarına keçid fonunda bu resurslara qlobal tələbat daha da artacaq. Qərb dövlətləri, xüsusilə Avropa İttifaqı, Ukraynanın ehtiyatlarına böyük maraq göstərir. Müharibədən əvvəl Aİ və Ukrayna arasında kritik minerallar üzrə tərəfdaşlıq sazişi imzalanmışdı ki, bu da Avropanın xammal tələbatını ödəməyi hədəfləyirdi”.

Parlamentari sonda bu qədər təbii ehtiyata malik olduğu üçün Ukraynanı çətin dövrlərin gözlədiyini deyib:

“Bütün bunlara baxmayaraq, Ukrayna hazırda BMT tərəfindən tanınan ərazilərinin yalnız 80%-nə nəzarət edir və ölkədə minimum əməkhaqqı cəmi 192 dollardır. Bu, Ukraynanın zəngin ehtiyatlara sahib olsa da, iqtisadi və siyasi problemlərlə mübarizə apardığını göstərir”. 

Nicat Osman

tag: Ukrayna,Təbii Sərvət,Vüqar Bayramov,Qərb,Avropa,Rusiya ,Münaqişə,Todaypress.az,