Millət vəkili qəzəbləndi: "Nə qədər yaxşı yol çəkirsənsə çək, suyun axacağı yer yoxdursa..."
Siyasət
22.10.2024 09:52
"Yolların abadlaşdırılması üçün böyük işlər görülsə də, ən başlıca problem olan Bakının kanalizasiya problemi hələ də həll olunmayıb".
Millət vəkili Fazil Mustafa bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, son günlər yağan yağışlar nəticəsində paytaxt yollarında yaranan mənzərə bu problemi yenidən gündəmə gətirir:
"Nə qədər keyfiyyətli yol çəkirsənsə çək, suyun axacağı bir yer yoxdursa, bu, sonradan böyük problem yaradacaq. Normadan artıq yağış yağanda kanalizasiya sisteminin yoxluğu şəhərdə ciddi su yığınına və nəqliyyatın iflic olmasına gətirib çıxarır. Yollarda da tıxacların fəlakətli səviyyədə olması üzücüdür".
Deputat diqqətə çatdırıb ki, Bakının gələcəyinə də təsir edəcək bu problem bir infrastruktur layihəsi olaraq bizi düşündürməlidir:
"Təəssüf ki, hələ ki, bu istiqamətdə müəyyən işləri yekunlaşdıra bilməmişik. Xüsusilə də, indi belə böyük şəhərə kanalizasiya xəttinin çəkilməsi problemdir. Yeni tikilən binaların da əksəriyyəti məhz bu xəttlərə qoşulur. Bakının isə bu yükü götürmək imkanları məhduddur".
Parlamentari sonda qeyd edib ki, bütün hallarda paytaxtdan rayonlara qayıdış məsələsini ciddiyə almalıyıq ki, bu qədər yüklənmiş şəhər belə iqlim dəyişikliyində, böyük bir yağıntı düşdüyü zamanda da bu yükün altından qalxa bilsin. Aydın məsələdir ki, iqlim dəyişiklikləri bizə nə vaxt nəyin baş verə biləcəyini proqnozlaşdırmağa imkan vermir.
Günəş Mərd
tag: Deputat, Bakı, Yollar, Fazil Mustafa, Parlament,Kanalizasiya, todaypress.az,