Millət vəkili: “Mina xəritələri ilə bağlı Ermənistana təzyiqləri artırmalıyıq”
“Ölkəmiz dünyada ərazisi mina ilə ən çox çirklənmiş üç ölkədən birinə çevrilib. Bu, erməni faşizminin ən bariz nümunəsidir”.
Millət vəkili Vüqar İsgəndərov bunu TodayPress-ə danışarkən bildirib.
Deputat işğaldan azad edilmiş ərazilərdə mina problemini diqqətə çatdırıb:
“Azərbaycan ərazilərini işğaldan azad etdikdən dərhal sonra bərpa və quruculuq işlərinə başladı. Lakin bu proses çox çətin şərtlər altında həyata keçirilir. Çünki Ermənistan bütün ərazilərimizi minalayıb, torpaqları çirkləndirib və bu səbəbdən də Azərbaycan dövləti bərpa işlərini həyata keçirməzdən əvvəl həmin əraziləri mina təhlükəsindən təmizləməlidir. Bu, uzun illər tələb edən mürəkkəb prosesdir. Buna baxmayaraq, Azərbaycan dövləti böyük səylə işğaldan azad edilmiş əraziləri bərpa etməyə davam edir”.
O, Ermənistanın mina xəritələri ilə bağlı manipulyasiya siyasətinə diqqət çəkib:
“Ermənistan, Azərbaycanın mina xəritələrinin təqdim edilməsi ilə bağlı tələblərinə cavab olaraq növbəti hərbi cinayətə əl atdı. Davamlı təzyiqlərdən sonra Ermənistan mina xəritələrini təqdim etsə də, sonradan aparılan araşdırmalar göstərdi ki, bu xəritələrin yalnız çox az faizi dəqiq və istifadə üçün yararlıdır. Bu, Ermənistanın beynəlxalq hüquq prinsiplərini açıq şəkildə pozduğunu bir daha sübut edir. Düzgün xəritələrin təqdim edilməməsi nəticəsində bu gün də Azərbaycan vətəndaşları minaya düşərək həlak olur, yaralanır və ağır zədələr alır. Bu proses hələ də davam edir”.
Parlamentari Azərbaycan və Ermənsitan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistanın qeyri-səmimi mövqe sərgildəyini də vurğulayıb:
“Azərbaycan sülh müqaviləsinin imzalanmasının zəruriliyini dəfələrlə vurğulayıb. Bölgəyə dayanıqlı və daimi sülh gəlməlidir. Lakin təəssüflər olsun ki, Ermənistan sözdə sülhdən danışsa da, əməli addımları bunun əksini göstərir. Ermənistan silahlanmaya böyük vəsait ayırır, yeni öldürücü silahlar alır və Azərbaycanın mina xəritələrini təqdim etməməkdə israr edərək regionda yeni təhlükələr yaradır. Bu isə Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu gün də nə qədər günahsız insan mina partlayışlarının qurbanı olur. Ermənistan tərəfi mina xəritələrini qeyd-şərtsiz Azərbaycana təqdim etməlidir”.
Deputat sonda Azərbaycanın Ermənistana təzyiqləri artırmasının vacibliyini qeyd edib:
“Ermənistanın mina xəritələrini təqdim etməsi üçün beynəlxalq təzyiqləri daha da artırmalıyıq. Azərbaycan beynəlxalq təşkilatları, tərəfdaş ölkələri və nüfuzlu güc mərkəzlərini bu məsələdə daha aktiv mövqe sərgiləməyə dəvət etməlidir”.
Qeyd edək ki, fevralın 21-də Xocalıda mina hadisəsi baş verib. Belə ki, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyyəti cəlb edilib. Onun vəziyyəti hazırda ağır qiymətləndirilir.
Nicat Osman
tag: Ermənistan,Təzyiq,Beynəlxalq,Bölgə ,Mina,Xəritə,Todaypress.az,