Mehriban Əliyeva və ailə üzvləri "Gənclik" parkında ağac əkdilər
Siyasət
23.09.2024 21:29
Sentyabrın 23-də Bakının
Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib.
TodayPress xəbər verir ki, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla
Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.
Heydər Əliyev
Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin
qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.
Qeyd edək ki,
“Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar
olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri
yaradılıb.
Xatırladaq ki,
2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər
Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş,
Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak
etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan bu ərazidə
abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.
2021-ci il
avqustun 26-da istifadəyə verilən “Gənclik” parkı insanların rahat istirahət
ünvanı olmaqla yanaşı, eyni zamanda, paytaxtın ekoloji mühitinə öz töhfəsini
verir.
Onu da qeyd
edək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət
səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə
yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə
müxtəlif layihələr icra edir. “Gənclik” parkı ərazisindəki budəfəki ağacəkmə
aksiyası isə ekoloji tarazlığa daha bir töhfə olub.
tag: Mehriban Əliyeva, Leyla Əliyeva, Vitese-Prezident, Gənclik Parkı,todaypress.az,