Məhkəmədə 39 günlük körpə ilə bağlı videomateriallar nümayiş etdirildi
Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə
cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin
hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını
pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ
keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan,
Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon
Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə
prosesinin baxış iclası aprelin 11-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi
Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar
Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə
iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi,
həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
Təqsirləndirilən
şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi
varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iclasda iştirak ediblər.
Hakim Zeynal
Ağayev əvvəlcə prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş
şəxslər əvvəlcə sərbəst ifadə verib, sonra isə dövlət ittihamını müdafiə edən
prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən onlara
ünvanlanmış sualları cavablandırıblar.
Zərərçəkmiş
şəxs Əhməd Əhmədov ifadəsində Xankəndidə təhsil aldığı məktəbdə sinifdə 30
nəfər şagirdin oxuduğunu, onların 28-nin erməni millətindən, 1-nin rus və təkcə
özünün azərbaycanlı olduğunu deyərək bildirib: “Təhsil müddətində, - 1-ci,
2-ci, 3-cü sinifləri bir o qədər xatırlamıram, - mən azərbaycanlı olaraq
dəfələrlə təhqirlərə məruz qalmışam. Hansısa kiçik münaqişə də olanda bizə
“tork, tork” deyirdilər. Onlar türkə “tork” deyirdilər. Biz azərbaycanlıları dəfələrlə
təhqir edir, dözümsüzlük halı yaradırdılar.
Hamı bilir ki,
şagird evdə nə eşidirsə, gəlib onu məktəbdə sinif yoldaşları ilə bölüşür.
1986-cı il idi, mən 8-ci sinifdə oxuyurdum. Armen Beqlaryan adlı sinif yoldaşım
var idi, arxa partada otururdu. Gördüm parta yoldaşına deyir ki, bəs “Qorbaçov
bizə söz verib, Ermənistana qoşuluruq. İlk dəfə o zaman bu siyasi məsələləri
eşitdim, amma elə bil dünən eşitmişəm”.
Zərərçəkmişin
sözlərinə görə, 1988-ci ilin yanvarından azərbaycanlılara qarşı pis münasibət
açıq müstəviyə keçib. O əlavə edib: “Məsələn, azərbaycanlılar çörək almağa
gedirdilər, amma onlara çörək vermirdilər, hər yerdə sıxışdırırdılar. Həmin
ilin fevralında eşitdik ki, böyük mitinq olacaq. Deyirdilər ki, “biz
Azərbaycandan ayrılırıq və Ermənistana qoşuluruq”. Biz bilirdik ki, mitinqdən
sonra ermənilərdən nəsə təxribat gözlənilir. Ermənistandan da adamlar
gətirmişdilər. O vaxt onlar “saqqallı”, “boevik” adlandırılırdılar. Eşidirdik
ki, evlərimizi dağıdacaqlar, yəni, o söz-söhbət var idi. Ondan qabaq da
azərbaycanlıların evlərini daşlayırdılar, şüşələrini sındırırdılar. Biz ikinci
mərtəbədə yaşayırdıq. Birinci mərtəbədə Karo adlı qonşumuz var idi. O,
Əsgəranda yanğınsöndürmə xidmətində çalışırdı. Karo və qardaşı Ararat bu
proseslərdə ən fəal iştirak edənlərdən idilər.
Həmin vaxt
mənim böyük bacım ailə həyatı qurmuşdu və Ağdam şəhərində yaşayırdı. Fevralın
20-də Ağdamda bacım gildə idim. Fevralın 21-də Ağdamdan Xankəndiyə avtomobillə
qayıdanda Əsgəran rayonunun girişindəki körpünün üstündə bir səs eşitdim. Məlum
oldu ki, bizə atəş açırlar. Orada qolumdan güllə yarası aldım. Həmin vaxt
maşında məndən və sürücüdən başqa, daha iki nəfər var idi. Sonradan öyrəndim
ki, onların adı Əli və Bəxtiyar imiş. Onlar çox ağır şəkildə can verirdilər.
Sürücü məni Ağdam xəstəxanasına apardı. Orada həkimlər dedilər ki, gülləni
çıxara bilərik, amma qolunuz işləməyəcək. Hadisələri qabaqlayaraq deyim ki,
mənim sağ qolumun biləyi təxminən iki ildən artıq işləməyib. Oradan Bərdə
şəhərinin xəstəxanasına gəldik və burada da həkimlər eyni sözü dedilər. 1988-ci
il fevralın 23-də Bakıda Neyrocərrahiyə xəstəxanasında məni əməliyyat etdilər,
gülləni çıxardılar. Sonradan eşitdim ki, bizə avtomatla atəş açan Əsgəranda
yaşayan milis işçisi olub”.
Zərərçəkmiş
şəxs Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin
suallarını cavablandırarkən bildirib ki, 1988-ci ilə qədər də Xankəndidə
ermənilər tərəfindən azərbaycanlılara münasibət müsbət olmayıb. O, Xankəndidə
hər addımbaşı azərbaycanlıların incidildiyini vurğulayıb və əlavə edib:
“Məsələn, yeni gələn azərbaycanlıların heç birini qeydiyyata almırdılar.
Sonradan gələn azərbaycanlılara ev tikmək üçün sahə vermirdilər, yaxud da kimsə
hansı yolla bir əmlak əldə edirdisə, onları qeydiyyata almırdılar. Bütün
bunları Azərbaycan əhalisinin sayını az göstərmək üçün edirdilər.
“Neftçi” və
“Ararat” futbol klubları arasında keçirilən oyundan sonra küçəyə çıxmaq
olmurdu. İçirdilər, təhqiramiz ifadələr işlədirdilər, şüşələri qırırdılar.
1987-ci ilin
sentyabrından bir epizod danışım. Azərbaycanlı ailə var idi, yuxarı məhəllədə
yaşayırdı. Həmin ailənin oğlunu çörək almağa gedəndə iki erməni döyüb komaya
salmışdı, bir aydan çox komada qaldı. Ermənilərin biri içkili olmuşdu, o biri
yox”.
O, sonradan
kütləvi tədbirlərdən birində ona qarşı ayrı-seçkilik edilməsi və təzyiq
göstərilməsindən də danışıb: “Xankəndidə mərkəzi stadionda tədbir var idi.
Yeddinci, yaxud səkkizinci sinifdə oxuyurdum. Mən də oraya getdim. Təxminən 2
min şagird var idi. Üz cizgilərinə görə azərbaycanlıların çoxunu tanıyırdılar.
Tədbir zamanı 2 minə yaxın şagirdin arasında ermənilər mənə fiziki təzyiq
göstərdilər və təhqir edib tədbir keçirilən yerdən kənarlaşdırdılar”.
Ə.Əhmədov
hazırda Xankəndi şəhərində işlədiyini və yaşadığını bildirib.
Sonra
zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb. 1954-cü
ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N.Atakişiyeva ermənilərin
Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci
ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib.
N.Atakişiyeva
Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert
Köçəryanın həmin kombinatda dəzgahların yağlanması işinə baxdığını, sonradan
komsomol katibi keçdiyini, azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan
biri olduğunu bildirib.
“1988-ci ilin
fevralından başlayaraq iş yerindən çıxanda bizi saqqallılar gözləyirdi. Onlar
Xankəndidən deyildilər” deyə o qeyd edib.
O, Baş
prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında yaşadığı evin
qarşısında ermənilər tərəfindən daşlandığını, təhqir olunduğunu deyib və əlavə
edib: “Evimizin qapısını döyürdülər, söyürdülər ki, buradan gedin, burada biz
yaşayacağıq. Bizim binada Slavik var idi. Binanın uşaqlarını öyrədirdi ki,
gələndə onları təhqir, daş-qalaq edin.
Qardaşım uşağı
qıcolma keçirtmişdi, qızdırması var. Təcili yardım çağırmaq üçün zəng vurduq.
Cavab verildi ki, “qızdırması varsa, soyuducuya qoyun, soyusun, buraya zəng
vurmayın. Bura bizimdir, burada biz yaşayırıq.
Ümumiyyətlə
“Miatsum” sözü yaranandan günümüz qara idi. Şahbazyan soyadlı erməni həyat
yoldaşıma demişdi ki, buradan birdəfəlik getsəniz yaxşıdır”.
Zərərçəkmiş
Vüqar Məhərrəmov ifadəsində Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini
olduğu, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər tərəfindən evlərinə
hücum edildiyini bildirərək deyib: “Gəlib evimizi dağıtdılar, sonra da
yandırdılar. Erməni kişilər əhalini qətlə yetirib evlərindən qovduqdan sonra
erməni qadınlar boş qalmış evlərimizə daxil olub talan edirdilər. Ardınca isə erməni
kişilər talan olunmuş evləri yandırıb məhv edirdilər. Bütün mal-qaramızı yığıb
apardılar. Atam bizi mal tövləsində gizlətmişdi. Tövləmizin aşağısında ot
tayasının yanına yığılaraq əl çalıb əylənirdilər. Atam Alıməmməd Məhərrəmovun
yanmış meyitini səhəri gün ot tayasının altından tapdıq. Atamın sümüklərini
yığıb kənddə dəfn etdik. Elə o vaxt kənddə çıxdıq”.
O, hücum
edənlərin “Semonun dəstəsi” adlandırıldığını deyib və vurğulayıb: “Gələnlər
hərbi forma geyinmiş silahlılar idilər. Qadınlar isə mülki formada idilər,
evləri onlar talayırdı”.
V.Məhərrəmov
qətlə yetirilənlər arasında körpənin də olduğunu bildirib. “Özləri ilə benzin
maşını gətirmişdilər. Oradan benzin götürüb evlərin üstünə töküb
yandırırdılar”, - deyə o əlavə edib.
Zərərçəkmiş
Ramiz Adıgözəlov da Bağanıs Ayrım kəndinin sakini olduğunu deyib. O, 1990-cı il
martın 23-dən 24-nə keçən gecə 39 günlük körpəsi Hafiz Adıgözəlovun, həyat
yoldaşı Aliyə Adıgözəlovanın və digər yaxınlarının ermənilər tərəfindən qətlə
yetirilərək yandırıldığını bildirib.
Zərərçəkmiş
hadisənin baş verməsindən danışarkən deyib ki, kəndə xeyli sayda Ermənistan
hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər
evləri yandırırdılar. O, həmin gün 6 kənd sakininin və bir polis işçisinin
yandırılaraq qətlə yetirildiyini qeyd edib. Qətlə yetirilmiş şəxslər arasında
onun qayınatası, qayınanası, baldızı da olub.
Zərərçəkmiş
Aidə Qurbanova isə 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilərin onun
həyat yoldaşını - sahə müvəkkili, baş leytenant Zirəddin Əhmədovu
yaraladıqlarını deyib.
Daha sonra
dövlət ittihamını müdafiə edən prokurorlar Bağanıs Ayrım kəndinin məhv edilməsi
epizodu üzrə videomaterialları və fotomaterialları nümayiş etdiriblər.
Yandırımış
meyitlərin videgörüntüləri nümayiş olunanda zaldakı zərərçəkmişlərin bir
qisminin halı pisləşdiyi üçün çölə çıxıb.
Görüntüləri
izləyən təqsirləndirlən Arayik Harutyunyan özünü guya kədərlənmiş kimi
göstərib.
Videomateriallarda
və fotomateriallarda məhkəmədə ifadə vermiş R.Adıgözəlovun 39 günlük oğlu Hafiz
Adıgözəlovun və həyat yoldaşı Aliyə Adıgözəlovanın yandırılmış meyitlərinin
görüntüləri də olub.
Zərərçəkmiş şəxs
Zemfira Abbasova Xankəndi şəhərində yaşadğını “Miatsum hərəkatı” başlayandan
sonra evdən çıxa bilmədiklərini qeyd edərək deyib: “Baxmayaraq ki, ermənilər
üçün çox yaxşı şərait yaradılmışdı, təminatları var idi, amma onlar bizi təhqir
edir, təzyiq göstərirdilər. Onlar evlərimizə daxil olub onu talayır, dağıdır,
əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar. Çölə çıxa
bilmirdik, bizi daş-qalaq edirdilər. Hətta bizə çörək satılmırdı.
Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramovun suallarını cavablandıran zaman zərərçəkmiş qeyd edib ki, həmin vaxt
dəmir yolu idarəsində işləyib. “Bu idarəyə də daxil olub bizə qarşı müxtəlif
qanunsuzluqlar edirdilər. Əsasən də “Türklər burada olmamalıdırlar, buradan çıxmalıdırlar”,
“Türklər məhv olmalıdırlar” deyirdilər. Tələb edirdilər ki, türklər çıxsın,
əvəzində isə ermənilər bizim evlərimizə məskunlaşsın”, - deyə o diqqətə
çatdırıb.
Zərərçəkmiş
Validə Rəsulova isə həyat yoldaşının 1988-ci il sentyabrın 18-də Kərkicahan
qəsəbəsində ermənilər tərəfindən güllələndiyini, onu dolanbac yollarla Şuşa
xəstəxanasına apardıqlarını bildirərək deyib: “Evimizdə oturduğumuz yerdə
ermənilər hücum etdilər. Fərhad Ağakişiyev adlı azərbaycanlını işgəncə
verə-verə öldürmüşdülər”.
Zərərçəkmiş
Fəridə Hüseynova Xankəndidə ipək fabrikində işlədiyini deyib. O bildirib: “Sex
rəisimiz Raçik adlı erməni idi. O deyirdi ki, bura Ermənistandır, çıxın gedin.
Bildirirdi ki, “Fəridə, istəyirəm girov düşəsən, bu gözündən basım, o biri
gözün çıxsın”. Dəzgahları söndürürdülər ki, işləyə bilməyək”.
Dövlət
ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o deyib: “Bizi
sıxışdırırdılar ki, evlərimizdən çıxaq. Hadisələr vaxtı demək olar bütün ailə
üzvlərimiz xəsarətlər alıb”.
Zərərçəkmiş
Ədalət Vəliyev ifadəsində 1958-ci ildə Şərur rayonunun Kərki kəndində (hazırda
bu kənd Sədərək rayonuna aiddir – red.) anadan olduğunu bildirib. O, kəndin
Yerevan-Gorus yolunun üzərində, strateji mövqedə yerləşdiyini bildirib və əlavə
edib: “Hələ sovet dövründə ermənilər kəndi ələ keçirmək istəyirdilər.
Ağsaqqallara demişdilər ki, gəlib ərizə yazın, kənd bizə keçsin. Kəndimiz hər
tərəfdən Ermənistan kəndləri ilə əhatə olunmuşdu. Oradan keçəndə maşınları
daşlayır, qabağını kəsirdilər. Sonra rus hərbçilərin müşayiəti ilə
gedib-gəlirdik. Bir müddət helikopterlə gedib-gəldik. Sonra o da alınmırdı,
insanlar rayona yollarla yox, məcbur olub dağlardan keçərək gedirdilər”.
Dövlət
ittihamçıları Fuad Musayevin və Təranə Məmmədovanın suallarını cavablandıran
zərərçəkmiş şəxs qeyd edib ki, 1990-cı il yanvarın 15-də səhər saat 6-7
radələrində Ermənistanın silahlı dəstələri Kərkiyə hücuma keçərək, kəndi hər
tərəfdən mühasirəyə alıblar, kənddəki mağazanı, bəzi evləri yandırıblar və
hadisə zamanı bir neçə nəfər yaralanıb.
“Rus komandir
dedi ki, siz çıxın, burada qalsanız, kəndi dağıdacaqlar. Gedin, biz kəndi
qoruyarıq, sonra qayıdarsınız. Biz çıxdıq, iki gün sonra eşitdik ki, kəndi
talan ediblər.
Zərərçəkmiş Əli
İsgəndərov da Kərki kəndində anadan olduğunu deyib və özündən əvvəl ifadə verən
Ə.Vəliyevin söylədiklərini təsdiqləyib. O qeyd edib: “Yanvarın 15-dək
Ermənistan tərəfdən hər gecə atəş açırdılar”.
Zərərçəkmişlər
təqsirləndirilən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını məhkəmədən xahiş
ediblər.
Məhkəmənin
növbəti iclası aprelin 14-nə təyin olunub.
Qeyd edək ki,
Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi
qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və
beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək
məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati,
Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki,
Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan
Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə
və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs
ittiham edilir.
Həmin şəxslər,
yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako
Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi,
Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki,
Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən
istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112
(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114
(muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq),
120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1
(terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı
maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277
(dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278
(hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya
quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan
silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.
tag: Məhkəmə, Vardaryan,Ermənistan, Cinayət, todaypress.az,Arayik Harutyunyan,todaypress.az,