Məhkəmə: Robert Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi
Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako
Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin
barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin
14-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən
ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında
təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin
müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri,
həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmənin baxış iclası zamanı Baş prokurorun böyük
köməkçisi Vüsal Əliyev Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən
işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədləri, o cümlədən hadisə
yerinə baxış protokolları, onlara əlavə olunan fotomaterialları, zərərçəkmiş
şəxslərin və şahidlərin ifadələrini, ibtidai istintaq zamanı 1990-cı illərin
əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməniəsilli
şəxslərlərlə bağlı ekspert rəylərini açıqlayıb.
Vurğulanıb ki, SSRİ Baş prokurorunun böyük köməkçisi, II
dərəcəli dövlət ədliyyə müşaviri Nikolayev tərəfindən Azərbaycan əraziləri olan
Xocalı, Şuşa və Xankəndidə ermənilərin müxtəlif cinayətlər törətmələri faktları
ilə bağlı 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması SSRİ
Prokurorluğunun istintaq qrupuna həvalə edilib.
SSRİ Baş Prokurorluğunda başlanmış cinayət işində vaxtilə
şahid qismində dindirilmiş Artur Abramyanın elan olunmuş ifadəsinə əsasən,
Qarabağdakı mitinqə Arkadi Manuçarov, Zoriy Balayan, Henrik Poqosyan, Maksim
Babayan, tikinti idarəsinin rəisi Roles Aqacanyan, Vladik Sarkisyan və
tanımadığı digər şəxslər rəhbərlik ediblər. Murad Petrosyan və Serj Sarkisyan
aralarındakı razılaşmaya əsasən Qarabağdakı qanunsuz erməni silahlı
birləşmələrinin silahlandırılmasını həyata keçiriblər.
Bundan başqa, Azərbaycan ərazilərində olan qanunsuz
erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul
vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen
Manukyan öz adamları vasitəsilə Azərbaycan ərazilərinə göndərib. Həmin pulları
Azərbaycan ərazilərində Robert Köçəryan qəbul edərək qanunsuz erməni silahlı
birləşmələrinə paylayıb. Eləcə də Şuşa-Xankəndi avtomobil yolunun 14-cü
kilometrliyində - Xəlfəliçay çayının üzərindən keçən körpünün partladılması
barədə göstərişi Murad Petrosyan verib.
Həmin cinayət işi üzrə Azərbaycanın vaxtilə Ermənistan
tərəfindən işğal edilmiş suveren ərazilərində mövcud olmuş qondarma rejimin
“müdafiə naziri”, “Təhlükəsizlik Şurasının katibi” olmuş Samvel Babayan ibtidai
istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində 1990-1991-ci illərdə
verdiyi ifadələrində bildirib ki, 1991-ci ilin aprelində Yevlax-Laçın avtomobil
yolunda mülki sərnişin avtobusunu partladan Samvel Baqmanyan Murad Petrosyanın
ümumi rəhbərlik etdiyi qanunsuz erməni silahlı birləşmələrinin üzvü olub.
M.Petrosyan isə Robert Köçəryanın komandasına xidmət edib.
Şahid qismində dindirilmiş Yuriy Cahangiryan ifadəsində
göstərib ki, Qarabağ İpək Kombinatında partiya təşkilat katibi vəzifəsində
çalışan Robert Köçəryan “Krunk” adlı erməni millətçi təşkilatının fəal üzvü
kimi çıxış edərək, azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik
ideyalarının təbliğinə başlayıb.
Bundan sonra məhkəmə iclası dövlət ittihamını müdafiə
edən prokurorların təqsirləndirilən şəxslərə suallar vermələri ilə davam etdirilib.
Təqsirləndirilən Arkadi Qukasyan elan olunan ifadələr və
təqdim edilən digər sübutlarla bağlı dövlət ittihamını müdafiə edən
prokurorların suallarını cavablandırmaq üçün məhkəmədən növbəti iclasadək ona
vaxt verilməsini xahiş edib.
Məhkəmə iclasına sədrlik edən hakim onun xahişini nəzərə
alıb və növbəti məhkəmə iclasında sualları cavablandırmasına şərait
yaradılacağını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Arayik Haruyunyan dövlət
ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, dövlət
ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarını cavablandıraraq
deyib: “1990-cı illərdə Robert Köçəryan, Murad Petrosyan, Manuçuryan və
digərləri Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində mitinqləri
təşkil edənlər və “hərəkat”ın önündə gedənlər olublar”. O, 1988-1990-cı illərdə
Xankəndidə yaşayan azərbaycanlıların evlərini necə qoyub getmələrini də
xatırladığını bildirib və əlavə edib: “Körpünün (Xəlfəliçay üzərindəki körpü –
red.) partladılmasını da xatırlayıram”.
O, hansısa küçədə azərbaycanlıların evlərinin
yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib. Buna baxmayaraq,
təqsirləndirilən şəxs hadisələrin məhkəmədə açıqlanan miqyasda olması barədə
məlumatsız olduğunu iddia edib və qeyd edib: “Bilmirdim ki, bu qədər qətl,
zorakılıq olub. Cinayət işlərinin açılmasından da məlumatsız idim. Eşidirdim,
görürdüm ki, Xankəndidə azərbaycanlıların hərəkət etmələrində, məsələn,
dükandan nəsə almalarında problem var idi. Oradakı azərbaycanlıların evlərindən
getmələrinə gəlincə, dəqiq budur ki, onlar bunu könüllü etməyiblər”.
Təqsirləndirilən şəxs qətllərin olmasını da təsdiqləyərək
deyib: “Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar
da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət,
siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə,
Qarabağda yüksək vəzifəli şəxsi öldürüblər”.
A.Harutyunyan Xankəndidə öldürülən vəzifəli şəxsin adını
da açıqlayıb və əlavə edib: “Adı Valeri Qriqoryandır. Onun qətli ilə bağlı
müxtəlif versiyalar var. Biri o idi ki, o, Bakıya gedərək azərbaycanlılarla
görüşüb. İkinci versiya o idi ki, vəzifə üçün öldürülüb. Fakt bu idi ki,
Bakıdan qayıdandan sonra öldürülüb, deməli, birinci variant daha uyğundur”.
O, dindirilmə zamanı Samvel Babayanın 2000-ci ildə Arkadi
Qukasyana qarşı sui-qəsd törətməsindən də danışıb, onu məcburiyyətdən
“Təhlükəsizlik şurası”nın “katibi” təyin etdiyini bildirib.
A.Harutyunyan Murad Petrosyanı isə 2010-2012-ci ildən
sonra tanıdığını bildirib: “Ondan əvvəl isə onun barəsində eşitmişdim. Bir neçə
il əvvəl öldü. Petrosyanla bir komandada olmamışıq. O, mənə qarşı olub. Biz əks
qütblərdə olmuşuq”.
Bu zaman məhkəmədə sənəd tədqiq olunub. Sənədə əsasən
məlum olub ki, A.Harutyunyan M.Petrosyan vəfat edərkən başsağlığı verib, onu
barəsində xoş sözlər yazıb, fəaliyyətini yüksək qiymətləndirib.
Təqsirləndirilən şəxs Levon Mnatsakanyan isə Baş
prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin və Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramovun suallarına cavabında Xəlfəliçay üzərindəki körpünün partladılması
barədə eşitdiyini deyib. O, məhkəmədə əməlləri sadalanan Murad Petrosyanla
ünsiyyətinin olmadığını da vurğulayın və bildirib: “O, 2020-ci ildə Xankəndidə
yolu bağlayan etirazçıları müdafiə edirdi”.
Ardınca dövlət ittihamçısı Təranə Məmmədova tərəfindən
Bako Sahakyan və David İşxanyana suallar verilib.
Təqsirləndirilən şəxs Bako Sahakyan körpünün
partladılmasını pislədiyini qeyd edərək deyib: “Bu kimi halları tənqid edir və
piləyirəm”.
Təqsirləndirilən şəxs David İşxanyan suallara cavab
verərkən Xəlfəliçay çayı üzərindəki körpünün partladılması hadisəsi barədə
məlumatsız olduğunu, bu barədə ilk dəfə məhkəmədə eşitdiyini bildirib.
Daha sonra məhkəmədə Bağanıs-Ayrım epizodu üzrə hadisə
yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin
ifadələri, habelə ekspertiza rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət
qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi
tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi
dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında
Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə,
Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen
Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori
Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz
və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan
dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi
üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri,
Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan
David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan
Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan
Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan
Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara
hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və
adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192
(qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və
onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri
ilə ittiham olunurlar.
tag: Robert Köçəryan, Məhkəmə , Ermənistan, Azərbaycan,Hərbi Təcavüz, todaypress.az,