Məhəmməd Əsədullazadə: “ABŞ Rusiyanı C.Qafqazdan tam çıxarmaq strategiyasını həyata keçirir”
Siyasət
15.01.2025 17:39
“Ermənistan və ABŞ arasında "Strateji tərəfdaşlıq" xartiyasının imzalanması Rusiya və İrana qarşı atılmış bir addımdır”.
TodayPress xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz “Facebook” hesabında yazıb. Onun sözlərinə görə, ABŞ həm də Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirir:
“Qeyd edim ki, ABŞ Rusiyanı Cənubi Qafqazdan tam çıxarmaq strategiyasını həyata keçirir. Həmçinin İranın Ermənistana təsirini də neytrallaşdıracaq.
Azərbaycanla bağlı məsələyə gəldikdə isə, Ermənistan rəsmi Bakı ilə müharibəyə gedəcək gücdə deyil. Həm də ABŞ iki ölkə arasında yeni müharibənin başlanmasında maraqlı deyil. Çünki, ortada Türkiyə faktoru var. Əgər Ermənistan revanşa qalxarsa, Türkiyə yenidən Azərbaycana tam dəstəyini göstərəcək. Bu da Ermənistan dövlətinin iflasına gətirib çıxara bilər”.
Analitik bildirir ki, Nikol Paşinyanı hakimiyyətə gətirən ABŞ-dir. Buna görə də indiki proseslərdə təəccüblü heç nə yoxdur. Bu sazişdən sonra Baş nazir Ermənistanı Rusiyadan tam qoparacaq və Avrointeqrasiya siyasətini davam etdirəcək. Ermənistan bu faktdan istifadə edib, sülh müqaviləsini uzada, müəyyən təxribatlara da əl ata bilər:
“Artıq Ermənistan ABŞ pladsarmı olacaq. Xatırlatmaq yerinə düşər ki, Ermənistan həm İran, həm də Rusiya ilə strateji tərəfdaşdır. İndi ABŞ Ermənistandan hər iki ölkəyə qarşı istifadə edəcək.
Qeyd edim ki, bir neçə gün bundan əvvəl İran-Ermənistan sərhəddindən çıxan Rusiya hərbçilərinin yerinə ABŞ təhlükəsizlik qüvvələri göndərilə bilər. Həmçinin ABŞ təhlükəsizlik qüvvələrindən Zəngəzur dəhlizinə nəzarət etməyi hədəfləməsi istisna deyil”.
Azərbaycan-ABŞ münasibətlərindən də söz açan siyasi şərhçi bildirib ki, iki ölkə siyasi əlaqələri inkişaf etdirərsə, rəsmi Bakı üçün hər hansısa problem olmayacaq. Lakin mütləq ki, Tramp administrasiyası ilə Azərbaycan arasında yeni bir siyasi dialoq qurmalıdır. ABŞ Azərbaycana siyasi dəstəyinin artırılmasına nail olmalıdır.
“Demək olar ki, Azərbaycan üçün region ölkələri ilə əməkdaşlıq platforması mümkün deyil. Çünki, Rusiya və İran Azərbaycana qarşı ciddi strateji səhvə yol verib. Azərbaycan Qərblə yenidən siyasi dialoqu inkişaf etdirməsi labüddür. 30 il ərzində həyata keçirilən "balanslı" siyasət yeni təhlükəsizlik çağırışlarına cavab vermir” deyə o, fikrini yekunlaşdırıb.
Töhfə Səməd
tag: Azərbaycan ,Rusiya, İnkişaf ,Platforma, Məhəmməd Əsədullazadə ,todaypress.az,