“Mahmud Abbas “gəzintiyə” çıxıb” - Üfüqdə yol görünmür - ŞƏRH

Siyasət

15.08.2024 15:48

“Mahmud Abbas dəstək tapmaq üçün yola çıxıb”. 

Politoloq Natiq Miri bunu Fələstin dövlət başçısı Mahmud Abbasın Rusiya və Türkiyə səfərlərini TodayPress-ə şərh edərkən bildirdi. 

Onun sözlərinə görə, rəsmi Təl-Əviv Qəzzanın fələstinlilərin idarəetməsində deyil, İsrail ordusunun nəzarətində olmasını istəyir. Natiq Miri qeyd etdi ki, yerli sakinlərin digər regionlara, hətta Misirin Sina yarımadasına köçürülməsi ilə bağlı konkret planlar da mövcuddur. Hətta Misirə bununla bağlı milyardlarla maliyyə yardımı olunacağı, habelə, qlobal səviyyədə aldığı borcların silinə biləcəyi də deyilib. Amma Misir bunu istəmir. Başa düşür ki, bu qərar bütövlüklə Qəzzanın, Fələstinin məhvi deməkdir. Analitikin fikrincə, mövcud problemin həlli istiqamətində bugünədək heç bir irəliləyişin əldə olunmamasının əsas səbəbkarlarından biri məhz Mahmud Abbasdır: 

“Mahmud Abbasın rəhbərlik etdiyi hökümət ən korrupsioner hökümətdir. Bu hökümət bütün xarici yardımları müxtəlif bəhanə və yollarla mənimsəyir. Fələstinlilərin zülmü üzərində özlərinə xanədanlıqlar qurur. Mahmud Abbas HƏMAS-İsrail qarşıdurmasından sonra prosesin hansı mərhələyə gəlib çıxacağını təxmin etdiyi üçün özünə dəstək axtarır. Bu baxımdan çarəsiz qalan Mahmud Abbas yenidən gəzintiyə çıxıb”.

Politoloqun qənaətincə,  İsrail-Fələstin münaqişəsinin həlli birbaşa Rusiya və Türkiyədən asılı deyil:

“Bu səfərlər sadəcə İsrail hökumətinə təzyiqləri təmin etmək və onu sülh masasına oturtmaq məqsədi daşıyır. Hələlik üfüqdə belə bir görüntü görünmür. Çünki ABŞ-nin HƏMAS-İsrail müharibəsi kontekstində davamlı bir atəşkəsi təmin etmək planı var. Layihə  BMT-də qəbul olunub, konkret qətnamə də var. Lakin İsrail hələ də bunu icra etmir. Səfərdən sonra hansı nəticələrin hasil olacağı isə beynəlxalq birliyin davranışından asılı olacaq”.

Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas avqustun 12-də Moskvaya, bundan iki gün sonra isə Ankaraya səfər edib.

Günəş Mərd

tag: Mahmud Abbas, Qəzza, Fələstin, HƏMAS,İsrail, todaypress.az,

photo